“Kütləvi çıxarış” kampaniyası Astarada İqtisadiyyat

“Kütləvi çıxarış” kampaniyası Astarada

Əmlak Məsələləri Dövlət Komitəsinin qeydiyyat xidmətlərini birbaşa ünvanlara çatdıran "Kütləvi çıxarış" kampaniyasından Astara rayon sakinləri yararlanıb. Astara rayonunun bir neçə kəndini əhatə edən bu dəfəki kampaniyada 90-a yaxın sakin öz əmlakına dair çıxarışı elə öz ünvanlarında komitənin mobil ofislərində (xüsusi nəqliyyat vasitələri) əldə edib. 50-yə yaxın vətəndaşdan isə ilkin mülkiyyət sənədləri yeni çıxarışlarla əvəz olunması məqsədilə qəbul olunub. Təqdim edilmiş çıxarışlar sakinlərə məxsus pay torpağı, fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və digər daşınmaz əmlakları əhatə edib. Həmçinin vətəndaşlardan qəbul edilmiş ilkin mülkiyyət sənədlərinə isə torpaq sahələri və evlər barədə verilmiş aktlar, şəhadətnamələr, orderlər, qeydiyyat vəsiqələri, əmrlər və digər sənədlər aid olub. Belə sənədlər qəbul edildikdən sonra vətəndaşlara yeni çıxarışlar hazır olacağı müddət barədə bildiriş verilib.
2016-cı ildə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 15 şəhər və rayonunda keçirilib. Ümumilikdə isə kampaniya başlayan vaxtdan indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalana bilib. Komitənin bu ilin əvvəlindən start verdiyi təmənnasız hüquqi məsləhət xidməti kampaniya çərçivəsində Astara sakinlərinə də göstərilib. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesində sənədləşdirmə ardıcıllığını bilməyən, hansı qurumlardan hansı sənədlərin alınması barədə məlumatsız olan vətəndaşların suallarını komitənin hüquqşünasları cavablandırıb. Onlara hüquqi izahlar verilməklə kampaniya iştirakçılarına aktiv hüquqi yardım göstərilib. Bu xidmət vətəndaşlarımızın əmlakını qeydiyyata aldırması, əmlakın alqı-satqısı, mənzillər, fərdi evlər, həyətyanı, pay və digər torpaq sahələrinə çıxarış və digər arayışların alınması qaydaları barədə hüquqi biliklərin artırılmasını təmin edir. Vətəndaşlar bu suallara cavab tapmaqla daşınmaz əmlakı ilə bağlı hər hansı hüquqi əməliyyat aparmazdan öncə artıq məlumatlanmış olub. Qeyd edilməlidir ki, hər bir vətəndaşın dövlət qeydiyyatına alınmış daşınmaz əmlakı, o cümlədən torpaq sahəsi heç bir hüquqi maneə ilə rastlaşmadan istənilən biznes, alqı-satqı, girov və digər iqtisadi əməliyyatlara cəlb oluna bilər. Kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırır.