Azad Ticarət Zonasının yaradılması Avropa ilə ticarətə təsir edəcək İqtisadiyyat

Azad Ticarət Zonasının yaradılması Avropa ilə ticarətə təsir edəcək

Azad Ticarət Zonasının yaradılması Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinə ciddi təsir göstərəcək. Bu sözləri Avropa İttifaqının (Aİ) dəstəyi ilə "Azad Ticarət Zonası sahəsində Bakı Limanına dəstəyin göstərilməsi" adlı texniki yardım layihəsinin açılışı və Azad Ticarət Zonaları (ATZ) mövzusunda keçirilən seminar zamanı "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib. Təlimin və Aİ ilə əməkdaşlığın əhəmiyyətindən danışan Bakı Limanının baş direktoru Taleh Ziyadov qeyd edib ki, Bakı Limanı və ATZ-nin yaradılması Avropa İttifaqına daxil olan ölkələrlə ticarət dövriyyəsinə ciddi təsir göstərəcək. Belə ki, nəqliyyat, logistika, İKT, kənd təsərrüfatı və sair sahədə ixtisaslaşan Avropa şirkətlərinin ATZ-dən faydalanması, özündə böyük bazarlara çıxışı ehtiva edən zonada istehsal sahələrinin qurulmasını mümkün edəcək.
Taleh Ziyadov vurğulayıb ki, nəzərdə tutulan işlərin reallaşdırılması Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, yeni elm tutumlu istehsalların yaradılması və regionların inkişafına dair siyasətinin bir hissəsidir. Texniki yardım layihəsinin məqsədi Bakı Limanına ATZ sahəsində Aİ-nın ən qabaqcıl dəstəyinin göstərilməsi, kadrların hazırlanması və təlim ehtiyacları, habelə liman əməliyyatlarında qabaqcıl Aİ praktikasının tətbiqində dəstəyin göstərilməsidir.
Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, sözügedən layihə 1 il müddətində icra olunaraq, Bakı Limanına Aİ-nin qabaqcıl təcrübəsinin tətbiqinə dəstək göstərəcək. Tədbirdə çıxış edən Texniki Yardım layihəsinin rəhbəri Toni Restall Yeni Bakı Limanın və Ələt Azad Ticarət Zonasının əməliyyat imkanlarının yaxşılışdırılmasına dəstək mövzusunda təqdimat keçirib. Qeyd edək ki T.Restall "Development Services International. LTD" şirkətinin prezidentidir və eyni zamanda Azad Zona və İqtisadi İnkişaf üzrə beynəlxalq səviyyəli ekspertdir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2016-ci il martın 17-də Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamın icrasının təmin olunması məqsədilə 2016-cı il sentyabrın 7-də məsləhətçi qismində Birləşmiş Ərəb Əmirliklərinin DP World şirkəti arasında müqavilə imzalanıb. DP World 1985-ci ildən fəaliyyət göstərən Jəbəl Əli limanı və Sərbəst Zonanı (JAFZA), dünya üzrə daha 50 ölkədə 77 quru və dəniz terminallarını idarə edir. Müqaviləyə əsasən məsləhətçi şirkət xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı Azərbaycan hökumətinə və Bakı Limanına məsləhətlər verəcək.