“Bakutel-2016” sərgisində 18 ölkədən 200 şirkət iştirak edəcək İqtisadiyyat

“Bakutel-2016” sərgisində 18 ölkədən 200 şirkət iştirak edəcək

Noyabrın 29-da Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2016") sərgi və konfransı işə başlayır. Sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək. Bu barədə noyabrın 28-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Nazir müavini bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunması "Bakutel" sərgisinin ənənəsinə çevrilib. Bu il dünyanın 9 ölkəsi - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər. Niderland Krallığı milli pavilyonla sərgidə ilk dəfə təmsil olunur. İştirakçıların 40 faizi "Bakutel" sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alacaq. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, "elektron hökumət" sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllər nümayiş olunacaq.
E.Vəlizadə qeyd edib ki, builki "Bakutel" sərgisi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Elə bu səbəbdən də sərginin keçirildiyi müddət "İKT Həftəsi" kimi xarakterizə olunur. "Bakutel-2016" sərgisi çərçivəsində yubiley münasibətilə fotosərgi də təşkil olunacaq. İlk dəfə olaraq sərgi çərçivəsində RYTN-in tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, "Elektron hökumət" və "Elektron imza" infrastrukturu, Data Mərkəzin "bulud" texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunacaq. "Bakutel-2016" sərgisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi, "Iteca Caspian" və "Caspian Event Organisers" (CEO) şirkətlərinin təşkilatçılığı ilə keçiriləcək.
"Iteca Caspian" və CEO şirkətlərinin nümayəndələri bildiriblər ki, regionun ən böyük tədbirlərindən biri olan "Bakutel" sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, "Bakutel" sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər ərzində "Bakutel" sərgisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı "Bakutel" sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir.
Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Bakıda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransanın "Vivaction", Rusiyanın "Balt-Energo" şirkətləri, Belarusun "Beltelecom" kimi dövlət strukturları, Xorvatiyanın "Banksoft", "Secom", "Span", Amerikanın "DELL EMC", Ukraynanın "MUK", Çinin "FEC" və "BBT Telecom" şirkətləri, eləcə də "CBC sport TV", "GSS" və digər yerli şirkətlər var.
Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün "Danışan kitabxana", "Google Art Project", "Muzeylərin rəqəmsallaşdırılması" layihələri də təqdim ediləcək. Burada gənc mütəxəssislərə, habelə startapçılara potensial investorlarla əməkdaşlıq, eləcə də öz ideya, məhsul və xidmətləri barədə məlumat vermək imkanı yaradılacaq. "Bakutel" sərgisinin builki qeydiyyat sponsoru qismində "Azerfon" şirkəti çıxış edir. Tədbirin texnologiyalar üzrə sponsoru isə sərginin keçirildiyi günlər ərzində bütün sərgi ərazisini ödənişsiz simsiz internetlə ("Wi-Fi") təmin edəcək "Eurodesign" şirkətidir.
Dörd gün davam edən sərgi rabitə, telekommunikasiya, peyk rabitəsi texnologiyaları, informasiya və ofis texnologiyaları, 4G-5G mobil şəbəkə və "bulud" texnologiyaları sahəsində xidmətlər, "elektron hökumət", informasiya təhlükəsizliyi, kosmik texnologiyalar seqmentlərini əhatə edəcək. Dünyanın tanınmış informasiya texnologiyaları şirkətlərindən olan "Huawei" şirkəti sərgidə "My Beautiful Azerbaijan" ("Mənim gözəl Azərbaycanım") layihəsini təqdim edəcək, "ZTE" şirkəti isə sərginin qonaqlarını "Smart Cities" konsepsiyası ilə tanış edəcək.
"İKT Həftəsi"nin işgüzar tədbirlərdən ibarət dördgünlük proqramı da olduqca zəngindir. Sərginin işgüzar proqramı çərçivəsində Regional Rabitə Birliyinin (RRB) İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli İşçi qrupunun 4-cü toplantısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT sahəsi üzrə birinci Nazirlər Toplantısı və İşçi qrupunun 1-ci toplantısı keçiriləcək. Eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hulin Zaonun yerli startapçılarla görüşü təşkil olunacaq.
Sərgi çərçivəsində "Əşyaların interneti: Növbəti nəsil" konfransında yüksək aktuallıq daşıyan "əşyaların interneti" mövzusuna toxunulacaq. Konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Caspian Event Organisers" və "Huawei" şirkətləri ilə birlikdə təşkil olunur. Bundan əlavə, startaplar üçün Yüksək Texnologiyalar Parkı tərəfindən "Youth Inc. Business Academy" Akselerasiya Proqramı" üzrə seminar, "İnformatika təhsili – Bakı-2019 və daha sonra" konfransı və digər tədbirlər həyata keçiriləcək. Sərgidə ən son texnologiyaları təcəssüm etdirən "Əyləncə zonası" bütün ziyarətçilər üçün açıq olacaq. "Əyləncə zonası"nda "Made in Azerbaijan" brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapların yaratdıqları oyunların təqdimatı nəzərdə tutulur. Qeyd edək ki, sərgidə iştirakçı və ziyarətçiləri işgüzar görüşlər, müzakirələrlə yanaşı, bir sıra əyləncəli proqram, sürprizlər, maraqlı müsabiqə və viktorinalar gözləyir.