Daha 101 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb İqtisadiyyat

Daha 101 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən bildirilib ki, bu hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyət, 15-i kiçik dövlət müəssisə və obyekti, 50-si istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və "facebook" səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq olar.
Əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci mərhələdə komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikincidə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. Kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, Qazax, Şirvan, Ağstafada yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Qazaxda yerləşən "Elviz" kiçik dövlət müəssisəsi, Ağstafada olan Qazax Kənd Tikinti Birliyi kimi iri dövlət əmlakları var.
Torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Qazaxda yerləşən kiçik dövlət müəssisəsidir. 110 min manata təklif olunan müəssisənin torpaq sahəsi 6255 kvadratmetrdir. Bundan başqa, Mingəçevirdə yerləşən 138 saylı mağaza 55 min manata, Ağstafada olan Qazax Kənd Tikinti Birliyi 30 min manata hərraca çıxarılıb. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 47-si paytaxtda, qalanları isə Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşir. Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətlər məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və sair sahələrə aiddir.