İcbari sığorta növləri üzrə sığorta haqları nağdsız ödəniləcək İqtisadiyyat

İcbari sığorta növləri üzrə sığorta haqları nağdsız ödəniləcək

Hazırda icbari sığorta haqları əksər hallarda sığortalıların vəsaiti əlbəəl sığorta vasitəçilərinə verməsi yolu ilə ödənilir. Bu həm sığortalılar üçün qarşı tərəfdən asılı olmaq kimi müəyyən narahatlıqlar yaradır, həm də bəzi hallarda sığorta vasitəçilərinin bundan sui-istifadə etməsinə yol açır. Bu məlumat İcbari Sığorta Bürosunun dərc etdiyi hesabatda əksini tapıb. Sənəddə qeyd olunur ki, sığorta haqlarının ödənişi zamanı sığortalıların müstəqilliyini və rahatlığını təmin etmək, eləcə də vasitəçiliklə bağlı mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədilə bağlanılan icbari sığorta müqavilələri üzrə sığorta haqlarının nağdsız ödənişinə keçirilməsi nəzərdə tutulub.
Sığorta haqlarının nağdsız ödənişi üsullarından biri kimi ictimai yerlərdə quraşdırılmış ödəniş köşklərinin istifadəsi nəzərdən keçirilir. Hazırda Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) növü üzrə sığorta haqlarını Hökumət Ödəniş Portalının sisteminə qoşulmuş "Express Pay" ödəniş terminalları vasitəsilə ödəmək mümkündür. Bundan əlavə, vətəndaşlar müstəqil şəkildə Hökumət Ödəniş Portalına daxil olaraq, orada sığorta haqlarını onlayn ödəyə bilər. Ödəniş terminallarının kütləviliyini və əhalinin onlardan fəal istifadə etməsini nəzərə alaraq, büro digər icbari sığorta növləri üzrə də sığorta haqlarının ödənişinin bu terminallar vasitəsilə qəbulu imkanının yaradılması üzərində çalışır. Həmçinin bu imkanın müxtəlif ödəniş sistemlərinə məxsus terminallarda mövcud ola bilməsi üçün hazırda həmin təşkilatlarla texniki müzakirələr aparılır.
2017-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri tərəfindən 322 mln. 830,059 min manat sığorta haqqı toplanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, həmin dövr ərzində isə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 144 mln. 8,84 min manat təşkil edib. Cari ilin ilk 7 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı sığorta hadisələrin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 37 manat olub.