

Bu gün "Bakı Konqres Mərkəzi"ndə kibertəhlükəsizlik sahəsində regionun ən böyük tədbiri – “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbiri işə başlayıb.
“APA-Economics” xəbər verir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilir.
Məlumata görə, bu il “CIDC-2025” tədbirinə ümumilikdə 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulmuşdur. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.
Tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arası əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur.