"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək İqtisadiyyat

"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək

Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarı gələn il veriləcək.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində işlər davam etdirilir və növbəti mərhələ üzlə son investisiya qərarı gələn il veriləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində 2029-cu ildən etibarən Azərbaycan üzrə neft və qaz hasilatında artım gözlənildiyi və artımın əsas mənbəyinin Abşeron qaz-kondensat yatağının tam miqyaslı işlənməsi olacağı əksini tapıb.

Proqnozlara görə, 2025-ci ildə ölkə üzrə neft hasilatı 28,6 milyon tondan 2026-cı ildə 27,6 milyon tona, 2027-ci ildə 27,1 milyon tona, 2028-ci ildə isə 26,6 milyon tona kimi azalacaq. Abşeron yatağının ikinci mərhələsinin istismara verilməsi isə 2029-cu ildə neft hasilatını 27,4 milyon tona yüksəldəcək. Bu isə 2028-ci illə müqayisədə 0,8 milyon ton və ya 3 faiz artım deməkdir.

Sənədə əsasən, qaz hasilatında da oxşar dinamika müşahidə olunacaq. 2025-ci ildə Azərbaycanda qaz hasilatı 38 milyard kubmetr, 2026-cı ildə 36,7 milyard kubmetr, 2027-ci ildə 36,7 milyard kubmetr, 2028-ci ildə isə 34,5 milyard kubmetr səviyyəsində gözlənilir.

Abşeron yatağının istismarı ilə 2029-cu ildə qaz hasilatın 37 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Bu da 2028-ci illə müqayisədə 2,5 milyard kubmetr və ya 7,2 faiz artım deməkdir.