11 ayda 5 minədək vergi ödəyicisinə ünvanlı xidmət göstərilib İqtisadiyyat

11 ayda 5 minədək vergi ödəyicisinə ünvanlı xidmət göstərilib

Bu ilin yanvar – noyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 534.723 müraciət qəbul edilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, həmin müraciətlər üzrə 852.716 sayda xidmət göstərilib ki, bunun da 301 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 188 mindən çoxu elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 30,5 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 20,6 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 3.764 vergi ödəyicisinin iştirakı ilə 354 görüş keçirilib, 4.953 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3 milyon 756 minə yaxın SMS göndərilib.

Yanvar – noyabr ayları ərzində ümumilikdə 306.901 müraciət üzrə 470.798 Asan İmza sertifikatı verilib.