
Azərbaycan iqtisadiyyatında son illərdə müşahidə olunan müsbət makroiqtisadi dinamika investisiya fəallığının artması ilə müşayiət olunur. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər göstərir ki, 2026-cı ilin ilk yarısında əsas kapitala yönəldilən investisiyaların həcmi əhəmiyyətli dərəcədə artıb. Bu göstərici təkcə iqtisadi aktivliyin yüksəldiyini deyil, həm də ölkənin uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu göstərir.
Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar–iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz çoxdur. Xüsusilə neft-qaz sektoruna investisiyaların 34,3 faiz, qeyri-neft-qaz sektoruna isə 5,5 faiz artması diqqəti cəlb edir. Bu göstəricilər bir tərəfdən enerji layihələrinin davam etdiyini, digər tərəfdən isə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mərhələli şəkildə nəticə verməyə başladığını göstərir.
İnvestisiya iqtisadi inkişafın mühərrikidir
Dünya təcrübəsi sübut edir ki, investisiyalar iqtisadi artımın, məşğulluğun, innovasiyaların və məhsuldarlığın yüksəldilməsinin əsas mənbələrindən biridir. Yeni zavodların, fabriklərin, sənaye müəssisələrinin, logistika mərkəzlərinin, nəqliyyat və enerji infrastrukturunun yaradılması məhz investisiyalar hesabına mümkün olur.
İnvestisiya yalnız maliyyə vəsaitinin qoyuluşu deyil, eyni zamanda yeni texnologiyaların, idarəetmə təcrübəsinin, yüksək ixtisaslı kadr hazırlığının və innovasiyaların iqtisadiyyata transferidir. Məhz buna görə də inkişaf etmiş ölkələr investisiya mühitinin yaxşılaşdırılmasını iqtisadi siyasətin əsas prioritetlərindən biri hesab edirlər.
Azərbaycan da son illərdə investisiya siyasətini iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi müəyyən edib. Azad edilmiş ərazilərin yenidən qurulması, sənaye parklarının genişləndirilməsi, nəqliyyat-logistika dəhlizlərinin inkişafı, yaşıl enerji layihələrinin həyata keçirilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılması investisiya tələbatını daha da artırır.
İndiyədək Azərbaycanda iri infrastruktur layihələrinin maliyyələşdirilməsində dövlət investisiyaları üstünlük təşkil edib. Lakin müasir iqtisadi inkişaf modeli özəl sektorun daha fəal iştirakını tələb edir.
Məhz özəl investisiyalar iqtisadiyyatda rəqabət mühitinin formalaşmasına, sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və ixrac potensialının artırılmasına daha böyük töhfə verir.
Son illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar, lisenziyalaşdırma prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin inkişafı özəl investisiyaların artmasına müsbət təsir göstərir.
Bununla belə, ekspertlərin fikrincə, daxili investisiya fəallığının daha da artırılması üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, uzunmüddətli və aşağı faizli kreditlərin əlçatanlığının yüksəldilməsi, kapital bazarının inkişaf etdirilməsi və investorların hüquqlarının daha etibarlı qorunması istiqamətində islahatların davam etdirilməsi vacibdir.
Qeyri-neft sektoru əsas prioritetdir
Qlobal iqtisadiyyatda xarici investisiyalar təkcə maliyyə vəsaiti deyil, həm də yeni texnologiyalar, innovativ istehsal üsulları, beynəlxalq idarəetmə təcrübəsi və yeni ixrac bazarlarına çıxış deməkdir.
Azərbaycan uzun illərdir regionun ən çox xarici investisiya cəlb edən ölkələrindən biri hesab olunur. Bu günədək ölkəyə yatırılan xarici sərmayələrin böyük hissəsi neft-qaz sektoruna yönəlsə də, son illərdə qeyri-neft sahələrinə maraq da artmaqdadır.
Xüsusilə sənaye parkları, aqroparklar, kimya sənayesi, logistika, informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji, turizm və kənd təsərrüfatı xarici investorlar üçün perspektivli istiqamətlər hesab olunur.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yaradılan əlverişli investisiya mühiti də yeni imkanlar açır. Vergi və gömrük güzəştləri, müasir infrastruktur, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqi yerli və xarici investorların marağını artıran əsas amillərdəndir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk altı ayında qeyri-neft-qaz sektoruna 6,1 milyard manatdan artıq investisiya yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdiyini göstərir.
Bu gün qeyri-neft sektoruna yatırılan investisiyalar ölkənin gələcək iqtisadi dayanıqlığının əsas təminatçısı hesab olunur. Sənaye istehsalı, aqrar emal, logistika, rəqəmsal iqtisadiyyat, informasiya texnologiyaları, turizm, nəqliyyat və yaşıl enerji kimi sahələr yüksək əlavə dəyər yaratmaq imkanına malikdir.
Xüsusilə Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi logistika və nəqliyyat sektoruna investisiyaların gələcəkdə daha da artacağını göstərir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, yeni avtomobil və dəmir yolu layihələri regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Bütün müsbət nəticələrə baxmayaraq, investisiya mühitində həllini gözləyən məsələlər də qalmaqdadır. İlk növbədə, bəzi sahələrdə maliyyələşmə imkanlarının məhdudluğu kiçik və orta sahibkarlığın investisiya fəallığını zəiflədir. Bank kreditlərinin yüksək faizləri və uzunmüddətli maliyyə resurslarının çatışmazlığı investisiya qərarlarına təsir edən əsas amillərdəndir.
Digər mühüm məsələ kapital bazarının kifayət qədər inkişaf etməməsidir. İnkişaf etmiş ölkələrdə investisiyaların əhəmiyyətli hissəsi qiymətli kağızlar bazarı, investisiya fondları və digər maliyyə alətləri vasitəsilə formalaşdığı halda, Azərbaycanda bu istiqamətdə potensialdan tam istifadə olunmur.
Bununla yanaşı, bəzi regionlarda infrastrukturun təkmilləşdirilməsi, yüksək ixtisaslı işçi qüvvəsinin hazırlanması, innovasiya ekosisteminin genişləndirilməsi və elmi tədqiqatların kommersiyalaşdırılması istiqamətində görüləcək işlər investisiya cəlbediciliyini daha da yüksəldə bilər.
İnvestisiyaların təşviqi mexanizmləri genişləndirilməlidir
İnvestisiya axınının davamlı olması üçün dövlət tərəfindən tətbiq edilən təşviq mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi vacibdir. Vergi və gömrük güzəştləri, investisiya təşviqi sənədlərinin tətbiqi, sənaye və texnologiya parklarında rezidentlər üçün xüsusi imtiyazlar, dövlət-özəl tərəfdaşlığı layihələrinin artırılması, ixracyönümlü istehsalın dəstəklənməsi və innovasiya fəaliyyətinin stimullaşdırılması investorların marağını artıran əsas vasitələrdir.
Eyni zamanda, yaşıl iqtisadiyyat və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrə investisiyaların təşviqi gələcək inkişafın əsas prioritetlərindən biri olmalıdır. Qlobal maliyyə bazarlarında "yaşıl investisiyalar"ın sürətlə artdığı şəraitdə Azərbaycanın bu imkanlardan maksimum istifadə etməsi böyük əhəmiyyət kəsb edir.
2026-cı ilin ilk yarısında investisiya göstəricilərinin artması Azərbaycanın iqtisadi inkişafının davamlı xarakter aldığını nümayiş etdirir. Əsas kapitala yönəldilən investisiyaların artması yeni istehsal güclərinin yaradılmasına, infrastrukturun müasirləşdirilməsinə, məşğulluğun genişlənməsinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Bununla yanaşı, qarşıdakı dövrdə əsas məqsəd investisiyaların keyfiyyətinin artırılması, özəl sektorun iqtisadiyyatda rolunun gücləndirilməsi, xarici sərmayələrin qeyri-neft sektoruna daha geniş cəlb edilməsi və innovativ layihələrin maliyyələşdirilməsinin genişləndirilməsi olmalıdır. Məhz bu istiqamətdə ardıcıl islahatların davam etdirilməsi Azərbaycanın dayanıqlı, rəqabətqabiliyyətli və yüksək gəlirli iqtisadi modelinin formalaşmasına, ölkənin regional investisiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə imkan verəcək.
Eyni zamanda, qlobal geosiyasi proseslər, beynəlxalq maliyyə bazarlarındakı qeyri-müəyyənlik və investorlar arasında artan rəqabət şəraitində Azərbaycanın investisiya cəlbediciliyinin daha da yüksəldilməsi strateji əhəmiyyət kəsb edir. Bunun üçün institusional islahatların davam etdirilməsi, məhkəmə-hüquq sistemində investor hüquqlarının etibarlı qorunması, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, şəffaflığın artırılması və "yaşıl" investisiyaların təşviqi mühüm rol oynayacaq. Əlverişli investisiya mühiti, makroiqtisadi sabitlik və dövlət dəstəyi mexanizmləri Azərbaycanın yaxın illərdə də regionun aparıcı investisiya məkanlarından biri kimi mövqeyini daha da möhkəmləndirə bilər.
Mahir Həmzəoğlu