“ASAN Xidmət”dən 2 milyon rekordu İqtisadiyyat

“ASAN Xidmət”dən 2 milyon rekordu

Balakən, Zaqatala və Qax rayonlarının sakinləri Səyyar ASAN xidmətdən yararlana biləcəklər

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN Xidmət" mərkəzlərinə 2 000 000-cu müraciət daxil olub.
Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, ilk "ASAN Xidmət" mərkəzi 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlayıb. Hazırda 6 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 2-i isə Sumqayıt və Gəncə şəhərindədir.
Bundan başqa prezidentin tapşırığına əsasən "ASAN Xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar 1 iyun 2013-cü il tarixindən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.
Ötən il ərzində 37 rayonun 60 min sakininə Səyyar ASAN xidmətlər göstərilib. Bu ilin dekabr ayınadək 41 rayonun sakininə səyyar formada xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Bu ilin 27 iyun - 6 iyul tarixində Balakən, Zaqatala və Qax rayonlarının 265 mindən çox sakini də Səyyar ASAN xidmətdən Balakənda yararlana biləcəkdir.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
2014-cü ilin dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.