Hərracda qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirildi İqtisadiyyat

Hərracda qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirildi

İyulun 2-si Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Budəfəki hərracda özəlləşdirilən əmlaklar arasında kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri var.
Komitənin məlumatına əsasən, sahəsi 184.6 kv.m olan dövlət əmlakı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir. Xidmət, ticarət və digər istiqamətlər üzrə fəaliyyət imkanları olan dövlət obyekti 231.8 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki qeyri-yaşayış binasının isə sahəsi 111.5 kv.m-dir. Bu dövlət əmlakı üzrə hərracda iştirak edən şəxs onu 301 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirdi.
Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərracda vətəndaş Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki dövlət əmlakını özəlləşdirdi. Xidmət və ya ofis obyekti kimi istifadə imkanları olan bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 33.6 kv.m-dir. Avtomobil almaq istəyənlər də seçimlərini dövlət əmlakları üzrə edərək hərracda iştirak etdilər. Özəlləşdirilən BMW, QAZ, Fiat markalarından olan avtomobillərin buraxılış tarixləri 2005-2008-dir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyulun 9-u keçiriləcək. Bu hərraca 77 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Hərrac prosesinə qoşulmaq üçün komitənin rəsmi saytına (emdk.gov.az) və özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.