“Bakutel” sərgisində 23 ölkədən 240-dək şirkət iştirak edəcək İqtisadiyyat

“Bakutel” sərgisində 23 ölkədən 240-dək şirkət iştirak edəcək

Dekabrın 3–6-da Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulacaq. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, həmçinin işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.
Yubiley sərgisində 23 ölkədən 240-dək şirkət iştirak edəcək. ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı IT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunacaq. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Sərgi həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif edir. “Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək.
Tədbir çərçivəsində “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olacaq və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək. Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək.
“Bakutel 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumunun təqdimatında müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələr nümayiş olunacaq. “Azərpoçt” MMC, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Azərmarka” MMC, “Baktelecom”, Dövlət Radiotezliklər İdarəsi, İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinə məxsus stendlər bu il də seçiləcək.
Sərgi iştirakçıları agentliyin nəzdində fəaliyyət göstərən “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin startapları haqqında məlumat ala biləcəklər. Bundan əlavə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşəcəklər. Kurslar “Mars Academy”, “Engineering for Kids” və AREA tərəfindən təşkil olunur.
“I2B Village” stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “I2B – İdeyadan Biznesə” layihəsinin respublika finalının qalibləri və iştirakçıları öz interaktiv layihələrini nümayiş etdirəcəklər.
Nazirliyin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyalar Robopark zonasında nümayiş olunacaq. İyirmidən çox interaktiv və əyləncə zonasında, “VR Zone”, “Game Zone” və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alacaq və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə edəcəklər.
Sərgidə yalnız dekabrın 5- 6-də baş tutacaq 20-dən çox interaktiv zona və robotlara şahid olmaq istəyənlər https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər. Ekspo Mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir. Qeyd edək ki, tədbirin məhz dekabrın 3-6-da baş tutacaq "Bakutel 2019" çərçivəsində keçirilməsində məqsəd bu ayın onlar üçün bütün dünyada çox böyük əhəmiyyət daşıması ilə bağlıdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin oktyabrın 14-də dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qəbul edib.