
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 10 illiyini qeyd edir
Tərlan
Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 10 ili tamam oldu. Hazirlik ölkə prezidentinin 2004-cü il fevralın 20-də imzaladığı sərəncamla keçmiş Rabitə Nazirliyinin bazasında təsis edilib. Nazirliyin məlumatında deyilir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına göstərilən diqqət, qəbul edilən qərarlar və 2013-cü ilin ölkədə "İKT ili" elan olunması sektorun inkişafını daha da sürətləndirib. Ötən ilin fevralın 8-də ölkənin ilk milli telekommunikasiya peykinin orbitə göndərilməsi ilə Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülən Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi BMT-nin ən üst qurumları tərəfindən dəfələrlə yekdilliklə dəstəklənib və bu layihənin icrası istiqamətində real işlərə başlanılıb. İKT-nin İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması da sahənin inkişafına dəstək olacaq.
Nazirliyin məlumatında deyilir ki, ölkədə göstərilən elektron xidmətlərin sayı və çeşidi artır. "Elektron hökumət" saytında təqdim edilən xidmətlərdən ötən ay ərzində 50 mindən çox insan istifadə edib. Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmət növündən 249-u "Elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilib. İndiyədək əhaliyə 820 mindən artıq elektron xidmət göstərilib.
Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun "Qlobal informasiya texnologiyaları - 2013" adlı hesabatına görə, Azərbaycan 144 ölkə arasında İKT-ni ölkədə prioritet sahə hesab edən dövlət kimi 9-cu, internetin əlçatanlığı göstəricisinə görə 20-ci, mobil rabitə tariflərinə görə 28-ci, internet tariflərinə görə 16-cı, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşıb və internetin 70%-lik istifadəçi sıxlığı ilə MDB və Mərkəzi Asiya ölkələri arasında liderlik mövqeyini qoruyub saxlayır.
Artıq ölkə əhalisinin 98%-i rəqəmli yayımla əhatə olunub ki, bu texnoloji göstərici üzrə də Azərbaycan inkişaf etmiş ölkələr sırasında yer alıb. Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək "Genişzolaqlı internetin inkişafı layihəsi"nin reallaşdırılması, 4-cü nəsil rabitə və informasiya texnologiyalarının tətbiq olunması, milli informasiya resurslarının həcminin sürətlə artması uzunmüddətli inkişafın başlanğıcıdır.
Hazirlik beynəlxalq tədbirlərdə də fəal iqtirak edir. Azərbaycan "CeBIT-2014" informasiya texnologiyaları üzrə beynəlxalq sərgiyə öz mili stendi ilə qatılacaq. Nazirlikdən verilən məlumata görə, nazir müavini Elmir Vəlizadənin başçılıq etdiyi geniş nümayəndə heyəti ilə iştirak edəcəyi sərgi martın 10-14-də Hannover şəhərində (Almaniya) keçiriləcək. Milli pavilyonda Azərbaycanın İT şirkətlərinin nailiyyətləri və ölkədə İKT sahəsində həyata keçirilmiş iri layihələr nümayiş ediləcək.
Qeyd edək ki, Hannoverdə 1986-cı ildən etibarən keçirilən sərgi bu il 8 istiqamət üzrə bölünəcək. Bu, müəssisələrin resurslarının planlaşdırılması və məlumatların analizi, korporativ kontentin idarə edilməsi, veb və mobil həllər, İT xidmətləri, təhlükəsizlik, kommunikasiyalar və şəbəkələr, infrastruktur və məlumatların emalı mərkəzləri, həmçinin araşdırmalar və innovasiyalardır. Sərgi İT infrastrukturu və biznesin istiqamətləri, kommunikasiyalar, telematika, naviqasiya, nəqliyyat və logistika, ictimai istehlak sektoru, internet və mobil rabitə vasitələri sahəsində yeniliklər və maliyyə, istehlakçılar üçün elektronika və s. seksiyalar üzrə keçiriləcək.
Bununla yanaşı, "CeBIT"ə telefonla məsləhətləşmə prinsipi (TeleHealth, Green IT və Mobility) əsasında fəaliyyət göstərən tibbi yardım seksiyası daxildir. Sərgidə eyni zamanda, dizayn, xidmət və konsaltinq sahələrində innovasiyalar və yeni təlim texnologiyaları mövzuları işıqlandırılacaq. "CeBIT Global Conferences" xüsusi konfrans proqramı bu il genişləndirilib, bir çox ölkələrin nümayəndələri və spikerlər konfrans üçün məruzələr hazırlayıblar.
Bu arada rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempellə də görüşüb. Ölkələr arasında yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən nazir, bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində genişləndirilməsi üçün qarşılıqlı marağın, həmçinin böyük potensialın olduğunu vurğulayıb. Azərbaycanın sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğunu deyən səfir H.Tempel İKT sahəsinin ölkə prezidenti tərəfindən prioritet istiqamət elan edilməsini, Azərbaycanın regional və qlobal layihələrin təşəbbüskarı olmasını məmnunluqla qarşılayıb. Almaniya iqtisadiyyatının inkişafında İKT sahəsinin mühüm rol oynadığını bildirən diplomat ölkələr arasında təcrübə mübadiləsinin təmin edilməsinə səfirliyin hər zaman hazır olduğunu diqqətə çatdıraraq, alman şirkətlərinin Azərbaycan bazarına artan marağından söz açıb.
Nazir də öz növbəsində diplomatik fəaliyyəti müddətində səfir H.Tempelin Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini, bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.