USAID Azərbaycanda səhiyyə tədbirləri üçün 4 milyon dollardan çox vəsait ayırıb İqtisadiyyat

USAID Azərbaycanda səhiyyə tədbirləri üçün 4 milyon dollardan çox vəsait ayırıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) pandemiyaya reaksiyası çərçivəsində Azərbaycanda 3 layihə reallaşdırılır.

Bu barədə USAID-in Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Qeyd olunub ki, hazırda USAID Azərbaycanda COVID-19 pandemiyasına qarşı sağlamlaşdırıcı və iqtisadi tədbirlər üçün 4 milyon dollardan çox vəsait ayırıb. Bu vəsait həssas kateqoriyaya daxil olan 7 mindən çox şəxsin ərzaq və gigiyena vasitələri ilə təmin olunmasına, eləcə də insanların koronavirusun yayılmasının qarşısının alınması üçün hansı addımların atılması barədə məlumatlandırılmasına yönəldilib.

Bundan başqa, Azərbaycanda daha bir neçə layihə reallaşdırılır. Bu layihələrdən biri Dayanıqlılıq naminə ictimai fəaliyyət layihəsidir. Bu layihədə gənclərə və qadınlara xüsusi diqqət ayrılır. Bu layihə çərçivəsində USAID və BMT ölkədə həssas kateqoriyaya daxil olan 200-ə yaxın gəncə kompüter bilikləri, ingilis dili, mühasibat uçotu, maliyyə və biznesin idarə olunması üzrə məşğələlər keçib. Həmçinin, 750 nəfərin iştirak etdiyi üç əmək yarmarkası keçirilib.

Qeyd edək ki, USAID 1991-ci ildən Azərbaycana səhiyyə sahəsinə dəstək üçün humanitar yardım qismində, eləcə də iqtisadi və demokratik islahatlar üçün ümumilikdə 377 milyon dollardan çox vəsait ayırıb.