“Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var” İqtisadiyyat

“Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var”

Vüqar Bayramov: “Onlardan 400 mini Bakı və Bakıətrafı ərazilərdədir”

"Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmilləşdirilməsi ilə bağlı proseduraların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir. İndiyədək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb". Bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir: "İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var. Onlardan 400 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərdə inşa edilən evlərdir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab edilir.
Kənd təsərrüfartına yararlı torpaq sahələrindəki tikintilərə gəldikdə isə, bir ərazidə kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi məqsədə uyğun olardı. Əgər həmin ərazidə kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümükündürsə, o zaman burda sənədləşmə ilə bağlı heç bir problem yaratmaya bilər. Gözlənilir ki, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsinə başlanılacaq. Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədə uyğun olardı. Yəni nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqlarının tanına bilər. Bu eyni zamanda, fiskal ödənişlərin artırılması baxımdan da vacibdir".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmilləşdirilməsi fərdi yaşayış evlərinin qiymətinin bahalaşmasına səbəb olacaq. R.Osmanlı bildirib ki, məlumatlara görə paytaxt və regionlarda təqribən 250 mindən çox fərdi yaşayış evi artıq inventarlaşdırılıb: "İnventarlaşma prosesi davam edir və nə vaxt yekunlaşacağı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı deyə bilər. Amma hesab edirəm ki, bu prosesi ilin sonuna qədər yekunlaşdırmaq mümkündür".
R.Osmanov qeyd edib ki, bu gün yarım milyondan artıq tikili faktiki olaraq bütün sərəncam hüquqlarından, digər məsələlərdən kənarda qalır, yəni onlar üzərində aparılan əməliyyatlar, o cümlədən alqı-satqı əməliyyatları faktiki olaraq qeydiyyata alınmır: "Bu baxımdan həmin evlərin rəsimləşdirilməsi qiymət artımına səbəb olacaq çünki sənədsiz evlə sənədli evin arasında qiymət fərqləri var. Sənədsiz evlər daha ucuz qiymətə satılır, ancaq o evlər sənədləşdirildikdən sonra ucuz qiymətə satılmayacaq".