AİB Azərbaycana indiyədək 5 mlrd. dollara yaxın vəsait ayırıb İqtisadiyyat

AİB Azərbaycana indiyədək 5 mlrd. dollara yaxın vəsait ayırıb

Asiya İnkişaf Bankı (AİB) 1999-cu ildən bəri Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,988 mlrd. ABŞ dollar həcmində vəsait ayırmağı öhdəliyinə götürüb.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, sözügedən məbləğin 4,91 mlrd. dolları kredit, 35,4 mln. dolları isə texniki yardım şəklində olub. İndiyədək ayrılan vəsaitlərin 72,7%-i və ya 3,61 mlrd. dolları ölkə tərəfindən artıq mənimsənib.

Qeyd edilir ki, ayrılan vəsaitlər 78 layihə və texniki yardım proqramları çərçivəsində olub və indiyədək ən çox vəsait bank tərəfindən Azərbaycanın enerji (1,693 mlrd. dollar) ,nəqliyyat (1,461 mlrd. dollar) və dövlət idarəetmə sektorlarına (1,007 mlrd. dollar) yönəlib.

Enerji sektorunda hazırda AİB-in 750 mln. dollar dəyərində olan "Enerji Paylanılması Artırılması İnvestisiya Proqramı" Azərbaycanda 1,4 milyondan çox istehlakçıya fayda gətirəcək enerji paylama şəbəkələrini yeniləmək və daha etibarlı elektrik təchizatı təmin edərək çoxsahəli iqtisadiyyatı inkişaf etdirməyi hədəfləyir və 13 rayonda və 3 şəhərdə artıq 100 mindən çox istehlakçının etibarlı elektrik təchizatının yaxşılaşdırmasına kömək edib. Bildirilir ki, istehlakçıların 90%-i ev təsərrüfatlarıdır.

Nəqliyyat sektorunda AİB Azərbaycanda təxminən 395 km uzunluğunda yeni və təkmilləşdirilmiş magistral yolların və kənd yollarının tikintisinə kömək edib. Ağstafa və Qazax rayonlarında bank tərəfindən dəstəklənən layihələr çərçivəsində 41,3 km kənd yollarını bərpa edərək dörd körpünü yenidən quraraq yol şəraitini yaxşılaşdırdı və 16 kəndə gediş müddətlərini qısaltdı. Artıq ümumilikdə 20 500 nəfərin ilboyu məktəblərə, bazarlara və səhiyyə müəssisələrinə asanlıqla girişi var.

Bundan əlavə, hazırda davam edən Dəmir Yolu Sektorunun İnkişaf Proqramının qalan 150 mln. dollarlıq hissəsi Sumqayıt-Yalama dəmir yolu xəttinin və strukturunun bərpasına kömək edir. Eyni zamanda, proqramın 2019-cu ilin sentyabrında tamamlanan 250 mln. dollarlıq komponenti "Azərbaycan Dəmir Yolları" QSC-nin korporativ idarəetməsi, əməliyyat səmərəliliyini və maliyyə davamlılığının gücləndirilməsi də daxil olmaqla dəmir yolu sektorunda islahatları dəstəkləyir.