Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün potensial mövcuddur - Polşa XİN İqtisadiyyat

Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün potensial mövcuddur - Polşa XİN

Polşa hesab edir ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün müəyyən potensial var.

Bunu Trend-in sorğusuna cavab olaraq Polşa Xarici İşlər Nazirliyindən deyiblər.

Qeyd olunub ki, "Cənub Qaz Dəhlizi" Azərbaycan üçün çox vacib layihədir və Avropa İttifaqı ilə əməkdaşlığın parlaq nümunəsidir: "Hazırda Polşa Azərbaycandan neft və ya qaz idxal etməsə də, biz Azərbaycan enerji daşıyıcılarının şərq və cənub qonşularımıza tədarükünün vacibliyini başa düşürük".

Nazirlikdən bildiriblər ki, Polşa enerji daşıyıcıları tədarükünü fəal şəkildə şaxələndirir: "Svinoustyedə mayeləşdirilmiş təbii qaz terminalı və "Baltic Pipe" qaz kəməri iqtisadiyyatımızı və enerji təhlükəsizliyimizi gücləndirən əsas infrastruktur layihələridir. Hesab edirik ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün müəyyən potensial mövcuddur. Bizim iri neft şirkətlərimiz olan "PKN Orlen" və "Polish Oil Mining and Gas Extraction" şirkətləri bir çox bazarlarda işləyir və yeni investisiyalara hazırdır. Biz həmçinin bərpa olunan enerji mənbələri, yaşıl və ağıllı texnologiyalar və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün potensial görürük. Polşa bərpa olunan enerji mənbələrinin artmaqda olan payı ilə öz enerji balansını uğurla şaxələndirir".

(Tərcümə: Orxan Nəbiyev)