"Cənub Qaz Dəhlizi" Azərbaycanı regional qaz qovşağına çevirə bilər - Beynəlxalq Enerji Agentliyi İqtisadiyyat

"Cənub Qaz Dəhlizi" Azərbaycanı regional qaz qovşağına çevirə bilər - Beynəlxalq Enerji Agentliyi

"Cənub Qaz Dəhlizi"nin buraxılış gücünün artırılacağı təqdirdə "Şahdəniz 2" yatağından hasil olunan illik 16 milyard kubmetrdən iki dəfə çox qaz nəql etmək mümkün olacaq ki, bu da Azərbaycanı regional qaz qovşağına çevirə bilər.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, Azərbaycan neft-qaz sahəsində sabit investisiya mühiti yarada bilib və etibarlı neft-qaz ixracatçısına çevrilib:

"Cənub Qaz Dəhlizi" layihəsinin başa çatması isə beynəlxalq əhəmiyyətli mühüm nailiyyətdir. Bu dəhliz vasitəsilə "Şahdəniz 2" yatağından qaz Türkiyə vasitəsilə Avropaya nəql olunur. "Cənub Qaz Dəhlizi" Azərbaycan qaz ixracında yeni gəlir mənbəyi təqdim etməklə Avropaya qaz tədarükü marşrutlarını şaxələndirməyə və tədarükün təhlükəsizliyini yüksəltməyə imkan verir".

BEA proqnozlaşdırır ki, 2025-ci ildə Avropada qaz idxalına tələbat ildə 45 milyard kubmetrədək artacaq:

"Şahdəniz-2" "Cənub Qaz Dəhlizi" üçün qaz mənbəyidir. İldə 16 milyard kubmetrlik maksimum hasilat həcmləri uzunmüddətli müqavilələrlə Türkiyəyə (6 milyard kubmetr), eləcə də Yunanıstan, Bolqarıstan və İtaliyaya (10 milyard kubmetr) satılıb. 2018-ci ildə SOCAR "Şahdəniz" yatağının işlənməsinin üçüncü mərhələsinin nəzərdən keçirildiyni bildirib. Amma hələlik bu layihənin reallaşdırılıb-reallaşdırılmayacağı məlum deyil".