“Əli Kərimli AXCP sədrliyindən kənarlaşdırılacaq” Müsahibə

“Əli Kərimli AXCP sədrliyindən kənarlaşdırılacaq”

Razi Nurullayev: "Ona görə də hər kəs kimin yanında olduğunu bildirməlidir"

AXCP-nin sabiq sədr müavini, yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayevin Publika.az-a müsahibəsini təqdim edirik.

– Ötən həftə keçirdiyiniz mətbuat konfransından sonra sizə qoşulmaq üçün AXCP-də yeni istefalar baş verdimi?
– Təbi ki, baş verdi. Yəqin ki, bunu siz də mediadan izləmisiniz. Dünən Sumqayıtda olan köhnə hərəkatçı və cəbhəçilər də mənim yaratdığım AXCP-yə qoşulduqlarını və burada fəaliyyət göstərəcəklərini bəyan etdilər. Yaxın günlərdə isə rayon şöbəsinin qurulması ilə bağlı addımlar atılması gözlənilir.
Digər bir neçə şöbə də artıq bizim tərəfimizə keçdiklərini bəyan ediblər. Onların da adları açıqlanacaq. Keçmiş vicdan məhbusu Rahim Hacıyev də bizə qoşulduğunu bəyan edib və Əli Kərimlinin siyasətini ifşa edib. Bu gün cəmiyyətdə kifayət qədər tanınan bir şəxsin də bizə qoşulması gözlənilir.
– Hazırda Əli Kərimlinin müavinləri olan şəxslərdən kimin sizin tərəfinizə keçməsi gözlənilir?
– Bunun üçün müəyyən zaman lazımdır. Çünki o insanlar quru və məntiqsiz xəyallar qurmağın girovuna çevriliblər. Yəqin ki, onlar da daxillərindəki eqoya qalib gələndən sonra mənim yanımda olacaqlar. Çünki istənilən halda Əli Kərimli AXCP sədrliyindən kənarlaşdırılacaq. Bu birmənalıdır. Ona görə də hər kəs kimin yanında olduğunu bildirməlidir. Artıq parlaq düşünə və müəyyən doğru fikirlər bildirə bilən insanların əksəriyyəti Əli Kərimlinin yanından qaçıb. Bu gün isə onun yanında bu cür insanların sayı bir neçə nəfərdir.
¬AXCP-nin sədr müavinləri olan Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və digər bu kimi şəxsləri necə, öz tərəfinizə dəvət etmisiniz?
– Yox, onlar heç zaman mənim yanımda ola bilməz. Hətta bu gün öz istəkləri ilə durub yanıma gəlsələr belə, mən onları qəbul etmərəm.
Ümumiyyətlə, mən Gözəl xanımı bu məsələyə aid etmək və onunla üz-üzə gəlməz istəmirəm. Gözəl Bayramlı mənim haqqımda nə desə belə, mən onun haqqında danışmaq istəmirəm.
Ancaq onu deyim ki, Fuad Qəhrəmanlı Azərbaycan siyasətinə bir ləkədir, siyasətə utanc gətirən adamdır. Onun kimi insanlara yer yoxdur. Mən Fuad Qəhrəmanlıya ofisimi belə təmizlətmərəm. Çünki bu adam Azərbaycan səhnəsindən gec-tez silinəcək. O, oynadığı çirkin və iyrənc oyunlarına və cəbhəçiləri aşağıladığına görə Azərbaycan siyasətindən birdəfəlik silinəcək.
– Son vaxtlar AXCP sədri Əli Kərimli, Milli Şuranın İdarə Heyətinin üzvləri və sairə adamlar sizin ünvanınıza müxtəlif fikirlər səsləndirirlər. Bundan əlavə, sizin yeni AXCP yaratmaq fəaliyyətiniz hər gün "Azadlıq" qəzetində çox ciddi tənqid olunur. Bütün bunlara münasibətiniz necədir?
– Çox təəssüfedici haldır ki, söz azadlığına xidmət edəcək və xalqın səsinə çevriləcək bir qəzet, ümumilikdə isə xalqa azadlıqdan və ədalətdən danışan "Azadlıq" qəzeti hazırda bir nəfərin əlində girova çevrilib. Həmin bir nəfər isə Əli Kərimlidir. Bu gün "Azadlıq" qəzeti yalnız Əli Kərimliyə xidmət edir. Bu qəzetdə heç bir yazı və ya məqalə Əli Kərimlinin icazəsi olmadan gedə bilməz. Çox təəssüf ki, Əli Kərimli "Azadlıq" qəzetini özünün girovuna çevirib. Əgər bu gün Əli Kərimli Azərbaycanda söz azadlığı və demokratiyadan, müxalifətin televiziyalara buraxılmamasından danışırsa, eyni zamanda müxalifət adına iddia edilən "Azadlıq" qəzetinə də yaxın düşə bilmirik. Çünki "Azadlıq" qəzetinə düşmək üçün Əli Kərimlini tərifləmək lazımdır. Bütün bu faktlar isə ən böyük demokratiya pozuntusudur. Mən buna çox təəssüf edirəm.
Açığı deyim ki, mən ümumiyyətlə "Azadlıq" qəzetini açıb oxumuram. Çünki bu qəzet hər zaman şər-böhtan yağdırıb, yalnız bir nəfərin iradəsinə tabe olub. Bu baxımdan da düşünürəm ki, "Azadlıq" qəzetində çalışan hər bir kəs özünə sual verməlidir: Mən Azərbaycan xalqına xidmət edirəm, yoxsa Əli Kərimliyə? Əli Kərimliyə bu gün xidmət etməyin heç bir əsası yoxdur. Çünki Əli Kərimli uğursuzluğa düçar olmuş, əzab-əziyyətə düşmüş yarımçıq siyasətçidir.
– Milli Şura sədri Cəmil Həsənlinin sizin ünvanınıza söylədiyi "brend Razi" replikası nədən qaynaqlanır?
– Onlara görə, mən "brend" mal geyinirəm, "brend" çalışıram. Şübhəsiz ki, mən hər zaman "brend" geyinmişəm, nümunəvi olmağa çalışmışam. Hətta mən AXCP-də sədr müavini olduğum dövrlərdə də bütün cəbhəçilərin normal geyinməsinə tərəfdar olmuşam. Hər kəs də gücü çatan yaxşı paltarları geyinib. Mənə "brend" adının qoyulması nüfuzumu heç də aşağı salmır, əksinə onların nüfuzunu yerə endirir. Çünki belə çıxır ki, əgər mən "brend" geyinirəmsə, onlar çölə atılmış paltarları geyinirlər. Əgər onlar bunu özlərinə yaraşdırırlarsa, buna mənim ehtiyacım yoxdur. İstənilən halda mən əqidəli siyasətin tərəfdarıyam, ətrafımdakı insanlara da tövsiyəm budur ki, necə varlarsa, elə də görünsünlər, hər zaman səmimi olsunlar. Bizdən fərqli olaraq, Əli Kərimli "söyüş makinasıdır". Əli Kərimlinin ətrafında olan və özünün girovuna çevirdiyi insanlar da söyüş, təhqir zavodudur. Onlar ancaq və ancaq kin-küdurət, üfunət, təhqir və zorakılıq istehsal edirlər. Buna görə də ancaq təəssüf etmək olar. Onlar məni nə qədər aşağılamaq istəsələr də, ondan qat-qat artıq özləri aşağılanırlar.
– Dediniz ki, artıq cəbhəçilər yeni AXCP-yə qoşulurlar və yaxın vaxtlarda yeni təyinatlar olacaq. Bəs AXCP-nin möhür problemini necə həll edəcəksiniz?
– Bilirsiniz, möhür problem deyil. Möhürü sifariş verib alırsan.
– Eyni möhürü almaq mümkündürmü?
– Bəli, biz Ədliyyə Nazirliyinə müraciət edib möhürü alacağıq. Bunun üçün müharibə aparmaq lazım gəlsə, müharibə aparacağıq, döyüşmək lazım gəlsə, döyüşəcəyik, hüquqi müstəvidə nə lazımdırsa, onu da edəcəyik. Biz mütləq AXCP-ni Əli Kərimlidən azad edəcəyik. Çünki Əli Kərimli hüquqi və mənəvi cəhətdən AXCP sədri olmağa layiq deyil. Əli Kərimli AXCP-də parçalanmanın əsasını qoyub və bu gün də davam etdirir. Hesab edirəm ki, onun partiya sədri kimi fəaliyyətinə son qoyulacaq. Əli Kərimli vaxtilə "Yurd" təşkilatı yaradıb. Yaxşı olar ki, gedib öz təşkilatını yenidən fəaliyyətə başlatsın. O ancaq təşkilat sədri ola bilər. Mərhum Əbülfəz Elçibəyin yaratmış olduğu bir partiyaya Əli Kərimlinin sədrlik etməyə nə ixtiyarı, nə də hüququ yoxdur.
– Son olaraq bir məsələ barədə də fikrinizi öyrənmək istərdik. Hazırda AXCP-dən sizə yağdırılan ittihamlar paralel olaraq "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı da aparılır. Bu ittihamlarla nə qədər razısınız?
– Ümumiyyətlə, Azərbaycan siyasətində və mediasında Rauf Arifoğlunun özünə görə böyük rolu var. Mən AXCP-də sədr müavini olan zaman da Rauf Arifoğlu ilə münasibətlərimizi hər zaman qoruyub saxlamışam. AXCP-də Rauf Arifoğluna qarşı mübarizə aparılanda, o aşağılananda, ona qarşı şər-böhtan yağdırılanda da mən bütün bunlara qarşı olmuşam. Bunu Rauf Arifoğlu da, Əli Kərimli də bilirlər.
Bilirsiniz, mənə elə gəlir ki, Rauf Arifoğlunun "Yeni Müsavat" adlı tirajlı qəzet buraxması və müxalifət düşərgəsində artan reytinqi Əli Kərimlini narahat edir, o, bunu qəbul etmək istəmir, bundan qıcıqlanır. Yəni, Rauf Arifoğlunun müxalifət düşərgəsində artan reytinqini Əli Kərimli qəbul etmək istəmir, bunu gözü götürmür.
Mən tam əminlikdə bunu deyirəm ki, bu gün Əli Kərimlinin girovuna çevrilmiş şəxslərin fikirləri ilə Azərbaycanda müxalifət birliyi yaratmaq mümkün deyil. Azərbaycanda 10 milyona yaxın əhali yaşayır. Əgər bu gün 10 milyon arasında sorğu keçirilsəydi, mən tam əminliklə deyə bilərəm ki, sorğunun nəticəsi olaraq Rauf Arifoğlunun reytinqi Əli Kərimlidən qat-qat üstün olardı.