“Ermənistan Azərbaycanlın təqdim etdiyi sülh tezisləri önündə boyun əydiyini etiraf edib” Müsahibə

“Ermənistan Azərbaycanlın təqdim etdiyi sülh tezisləri önündə boyun əydiyini etiraf edib”

Aqşin Kərimov: “Azərbaycan tələblərinin İrəvan tərəfindən yerinə yetirilməsi üçün konkret vaxt qoyacaq”

“Kremlin müasir ideoloji istiqamətlərinin “xaç atası” hesab edilən Aleksandr Duqinin qızı, Rusiyanın hərbi ekspansiya siyasətinin alovlu tərəfdarlarından biri Darya Duqina avtomobilinə qoyulmuş partlayıcı maddənin partlaması nəticəsində həlak oldu.
Rusiya kəşfiyyatı Qərbin birləşmiş kəşfiyyat gücü (Əsasən CIA və MI6) qarşısında acizdir, bir neçə hadisə qaranlıq və mifoloji KQB təsəvvürlərini alt-üst edir.
Ancaq Qərb Vladimir Putinin şəxsi motivlərini, taktikasını bütünlüklə ifşa etmək həddinə gəlib çata bilmir, çünki Putin özü də oyunlarla onları çaş-baş salır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi Şərhçi Aqşin Kərimov deyib. A.Kərimov digər suallarımızı da cavablandırıb.

- İlk öncə bölgəmizdəki vəziyyətə nəzər salaq. Hazırda sülh prosesi ilə bağlı vəziyyət nə yerdədir?

- Azərbaycan-Ermənistan sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə müəyyən bir gərginlik olsa da, bu, sülh gündəliyinə sarsıdıcı zərbə vuran bir səviyyədə deyil. Ona görə, ən azından nəzərə almalıyıq ki, Ermənistan Azərbaycanlın təqdim etdiyi sülh tezisləri önündə boyun əydiyini etiraf edib. Sual oluna bilər ki, bəs Azərbaycanın hərbi gücünü göstərmək nəyə hesablanıb?
Bu, elə sülh danışıqlarında qurulacaq masanın Azərbaycanın xeyrinə təsvir edilməsi üçündür. Azərbaycan danışıqlarda konkret və aydın mesajlarını izhar etmək üçün konkret tədbirlərə əl atır, hərb meydanındakı hərəkətlilik də danışıqlarda daha üstün rıçaq qazandıran alətə çevrilir.
Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh gündəmi hələ də ağırlıq təşkil edir və Bakı İrəvanı növbəti güzəştlərə məcbur etmək əzmini nümayiş etdirir.
Yəqin ki, yaxın zamanlarda Azərbaycan-Ermənistan liderlərinin görüşü baş tutacaq və Azərbaycan tərəfi tələblərinin İrəvan tərəfindən yerinə yetirilməsi üçün konkret vaxt qoyacaq.

- Ermənistandakı daxili proseslər bölgədəki vəziyyətə necə təsir edəcək?

- Ermənistandakı daxili-siyasi və təhlükəsizlik vəziyyəti həmişə yeni hadisələrə hamilə olub, amma hazırda erməni cəmiyyətində Nikol Paşinyana qarşı həlledici bir müqavimət yoxdur.
Bunu Serj Sarkisyan da, Robert Koçaryan da gözəl başa düşür, sadəcə son şans kimi addımlarını ataraq ara-sıra guya özlərinə elektorat formalaşdırmaq istəyirlər.
Bununla belə, Nikol Paşinyan siyasi qüvvələr nisbətində üstün mövqedə dayanıb və sülh gündəliyini də onun hakimiyyəti qəbul edir. Ermənistanın daxilindəki proseslərdə revanşizm meylləri güclənərsə və bu meyllər orduya, siyasi idarəçiliyə sıçrayarsa, bölgə Azərbaycanın yeni başlada biləcəyi hərbi əməliyyatlara hazır olmalıdır.
Ancaq hələ ki, bu meyllər közərib kül olmuş bir topanı xatırladır və ona od vurulmaması üçün Azərbaycan bir sıra mühüm addımlar atır.

- Laçında yenə də evlər yandırılır. Meşələrə od vurulur. Azərbaycanın adekvat addımı nə olmalıdır?

- Azərbaycan strateji təmkinini və hərbi-siyasi soyuqqanlılığını qoruyur. Ermənilər isə özləri də bilmədən vandallıqları ilə Azərbaycana cəza mexanizmi tətbiq etməsi üçün presedent verirlər. Azərbaycan üçün beynəlxalq məhkəmələrdə iddia qaldırması üçün yeni dəlillər var, çünki burada ekoloji cinayətlər, hətta hərbi cinayətlər də mövcuddur. Çünki Laçın şəhərindəki, Zabux və Susda yaşayan ermənilər süni məskunlaşdırılıb və onlar elə birbaşa legitim hərbi hədəfdirlər. Ona görə də, onların meşələrə od vurması, evləri yandırması Azərbaycana qarşı cinayət kimi dəyərləndirilməlidir və Bakı bunu beyynəlxalq məhkəmə kuluarlarında aktual mövzu kimi saxlayacaq.

- Blgədə və dünyada da maraqlı proseslər müşahidə olunur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibinin fəaliyyəti yaxın perspektiv üçün nə vəd edir?

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasındakı müharibənin sülhlə yekunlaşmasına çalışır. Türkiyə Cümhuriyyəti üçün başqa ölkələrin ərazi bütövlüyü və suverenliyi prioritetdir, Ərdoğanın sülh təşəbbüsü o demək deyil ki, həmin prinsiplərin üstündən xətt çəkir.
Taxıl böhranı da Ərdoğanın səyi ilə həll olunur, bazara taxıl çıxır.
Türkiyə Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Moskva ilə Kiyev arasında əlaqələri diqqətlə tarazlaşdırsa da, tərəfləri özünün təqdim etdiyi sülh modelinə razı sala bilmir.
Türkiyənin balanslaşdırma aktını üç meyarla ölçmək lazımdır:
1. Ukraynanın məğlub olmasının qarşısını almaq;
2. Qərblə həmrəylik nümayiş etdirmək, lakin Rusiya ilə münaqişədən qaçmaq;
3. Özünün qlobal teatrdakı hərbi-siyasi və geosiyasi çəkisini artırmaq.
Ankaranın sülhpərvər missiyası dünya üçün də töhfədir və dünya gücləri bunu düzgün dəyərləndirib ona dəstək durmalıdır.
Türkiyə perspektivdə sülh modelini aktual saxlayacaq və Rusiya ilə Ukrayna arasındakı münaqişənin tənzimlənməsində həlledici status qazanacaq.

- Mərkəzi Asiyada zaman zaman xaosa rəvac vermə cəhdləri müşahidə olunur. Pərdəarxası məqamlar bədən ibarətdir?

- Mərkəzi Asiya qaynadılan qazandır və bu region uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub. Türkiyə elə incə balanslaşdırma aktı seçməlidir ki, Mərkəzi Asiyada rəqib meyarlarla yox, əməkdaşlıq prioritetləri ilə Rusiya, Çin, ABŞ-a yaxınlaşsın. Təbii ki, bu, Ankaranın qırmızı cizgiləri çərçivəsinə nisbətdə müəyyən ediləcək addımdır.
Mərkəzi Asiyada elə bir həssas nöqtədir ki, burada istənilən hərəkətlilik “xərçəngləri” qıcıqlandırmaq potensialına malikdir.
Mərkəzi Asiyada Rusiya və Çin daha güclüdür, Qərb isə bir qədər geridədir, indi rəqiblər Əfqanıstandakı “Taliban” hakimiyyəti ilə əməkdaşlığa can ataraq Mərkəzi Asiya uğrunda savaşda qələbəni təmin etmək məqsədləri güdürlər.
Çinlə Rusiya hər nə qədər tərəfdaş olsalar da, onları ayıran bir sərhəd də mövcuddur ki, bu da Moskva ilə Pekini rəqabətə də kökləyir. Bu mənada Mərkəzi Asiya uğrunda ən böyük savaş Rusiya və Çin arasında gedir, Qərbin proseslərdəki mövcudluğu isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir.
- Duqinin qızının öldürülməsi dünyada gündəmə çevrildi. Hədəf və verilən mesajlar nədən ibarətdir?
-Kremlin müasir ideoloji istiqamətlərinin “xaç atası” hesab edilən Aleksandr Duqinin qızı, Rusiyanın hərbi ekspansiya siyasətinin alovlu tərəfdarlarından biri Darya Duqina avtomobilinə qoyulmuş partlayıcı maddənin partlaması nəticəsində həlak oldu.
Rusiya kəşfiyyatı Qərbin birləşmiş kəşfiyyat gücü (Əsasən CIA və MI6) qarşısında acizdir, bir neçə hadisə qaranlıq və mifoloji KQB təsəvvürlərini alt-üst edir.
Ancaq Qərb Vladimir Putinin şəxsi motivlərini, taktikasını bütünlüklə ifşa etmək həddinə gəlib çata bilmir, çünki Putin özü də oyunlarla onları çaş-baş salır.
Darya Duqinanın öldürülməsi Rusiyanın təhlükəsizlik-kəşfiyyat sistemindəki boşluğu göstərir və bu fikri gücləndirir ki, Qərb rəqibinin sinir nöqtələrində öz agentlərini yerləşdirməyi bacarıb. Putin emosional deyil, onun əlində başqa kartlar var, Putin soyuqqanlılıqla düşmən ovuna çıxıb Rusiya idarəetməsindəki casusları tapıb cəzalandıracaq, hətta yalançı casuslar da tapılacaq.
Duqinanın öldürülməsi həm də Rusiyanın daxilində hazırkı hakimiyyətə qarşı silahlı cəbhə formalaşdırmağın elanı kimi başa düşülə bilər. Məqsəd Rusiyanın daxilindəki ocaqlara benzin tökərək onu Kremlə qarşı alovlandırmaqdır.
Rusiyanın strategiyasında kəşfiyyat fəaliyyəti Moskva üçün xeyli fəsadlar təqdim edir.
Bu fəsadların yaranmasında Qərbin rolu böyükdür. Rusiyanın kəşfiyyat orqanlarının nəzərəçarpacaq dərəcədə zəif fəaliyyətini vurğulamaq lazımdır, hibrid müharibədə Qərb məqsədlərinə doğru daha çox irəliləyir.
Amma Qərb Ukraynadakı hərb meydanında faktiki olaraq Rusiyanı geri oturda bilməyib.

Əli Zülfüqaroğlu