“Söhbət İrəvan-Gorus yoluna və ümumilikdə 100 kvadratkilometr əraziyə nəzarətdən gedir” Müsahibə

“Söhbət İrəvan-Gorus yoluna və ümumilikdə 100 kvadratkilometr əraziyə nəzarətdən gedir”

Asif Nərimanlı: “Bu, Ermənistanın sərhəddə Azərbaycana qarşı təhdid potensialını da sıradan çıxarır”

“Ermənistanın təxribatda əsas hədəflərindən biri KTMT-ni bölgəyə gətirməkdir və bununla sərhədin müəyyən edilməsində mövqeyini gücləndirməyə çalışır. İndiyə qədər Rusiya KTMT-nin prosesdə iştirakına soyuq yanaşırdı, lakin son hadisələrdən sonra təşkilat sərhədə missiya göndərmək qərarına gəldi. Bu hələki KTMT sərhədə gəlir demək deyil, daha çox nizamnaməyə uyğun davranmaq, üzv ölkə olan Ermənistanı razı salmaq gedişidir. Lakin Rusiyanın KTMT-nin prosesdə iştirakına ilk dəfə “yaşıl işıq” yandırması Qərbin oyunda aktiv iştirakına görədir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi şərhçi Asif Nərimanlı deyib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirməyə çalışıb.

-Ermənistanın son bir ayda sərhəddə təxribatlarını intensivləşdirmişdi, Brüssel görüşündən sonra daha da şiddətləndirdi. Gözlənilən proses idi, çünki İrəvanın diplomatik manevrləri tükəndi deyə bilərik. Brüsseldə sülh sazişi üzrə işçi qrupunun yaradılması razılaşmasının yenidən gündəmə gəlməsi və bir ay müddətinə zamanın qoyulması da bundan xəbər verir. İrəvan Moskva masasındakı gündəliyi də dəyişdirə bilmir. Belə vəziyyətdə sülh prosesini arxa plana keçirmək, razılaşmaların icrasını dayandırmaq üçün yeni eskalasiya Ermənistan üçün yeganə çıxış yolu olaraq görünürdü və baş verdi də. Əsas məqsədi məsələni beynəlxalq gündəliyə çıxarmaq və Azərbaycana qarşı təzyiq edilməsinə nail olmaq idi. Qərbdən edilən çağırışlar, Fransanın baş verənləri BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəyi və s. İrəvanın ilkin olaraq hədəfinə nail olduğunu göstərir, yəni beynəlxalq ictimaiyyət sülh sazişindən yox, sabitliyin bərpa edilməsindən bəhs edir. İrəvanın hesablaması belədir ki, danışıqların yeni mərhələsində artıq sabitlik amili ön planada olacaq və bu vəziyyətdə indiyə qədər mövcud olan gündəliyi dəyişdirə biləcəklərini düşünürlər.

-Təbii ki, təxribatları Ermənistanın müstəqil olaraq planlaşdırmağa cəsarət etməz. Belə olduğu halda işğalçı dövləti buna təhrik edən güclər kimlərdir?

- Təbii ki, Ermənistana ağıl verənlər var. Fransanın BMT Təhlükəsizlik Şurasında müzakirə məsələsini ortaya atması da prosesin hazırlandığını deməyə əsas verir. Burada diqqətçəkən məqam təxribatdan öncə Ermənistan müdafiə naziri Suren Papikyanın ABŞ-a təxminən bir həftəlik səfəri idi. Papikyan ABŞ-da erməni diasporu/lobbisi də daxil olmaqla müxtəlif görüşlər keçirdi. Bu səfər və səfərdən sonra təxribat Tovuz döyüşlərindən öncə keçmiş müdafiə naziri David Tonoyanın Qərbə səfərini xatırladır. “Aprel müharibəsi”ndən sonra bölgədə vəziyyət hərbi baxımdan da Azərbaycanın xeyrinə dəyişmişdi və yeni hakimiyyətə gələn Paşinyan danışıqlar yolu ilə ərazilərin qaytarılmasında razı tərəf kimi görünürdü. Tonoyan Qərbə səfərində yenə erməni diasporu/lobbisi ilə görüşlər keçirdi, “yeni müharibə yeni ərazilər” açıqlamasını verdi. Ardınca Tovuz istiqamətində hücuma keçdilər, bu hərbi balansı öz xeyirlərinə dəyişmək cəhdi idi. İndi də buna bənzər proseslər baş verir. İrəvan sülh sazişini imzalamağa məcbur edilir, bütün manevr imkanları tükəndiyi vaxt Tonoyan ABŞ-da “uzunmüddətli səfərə” gedir, ardınca təxribat törədirlər. Görünür, Ermənistan sərhəddə hərbi üstünlüyü ələ keçirmək, balansı öz xeyrinə dəyişmək istəyirdi, lakin əməliyyatın nəticələri bu planlarının baş tutmadığını göstərir. Bu baxımdan, təxribatın arxasında Qərbdəki qüvvələrin – bu erməni diasporu/lobbisi və Qərb paytaxtlarında onların təsirində olan dairələr də ola bilər, və bunun izi görünür. Bu Qərbin Cənubi Qafqazda yer almaq istəyinə də uyğun görünür və məqsəd belə eskalasiya ilə gündəliyi sıfırlamaq, yaxud ən azından yeniləmək ola bilər.

- Rusiya amilini də önə çəkən ekspertlər var. Moskva bunda maraqlı ola bilərmi?

- Əməliyyatın nəticəsinin Rusiyanın marağına uyğun olduğunu deyə bilərik, çünki vasitəçi kimi sərhəd məsələsində bir daha öz təsirini gücləndirdi. Bu, Avropa İttifaqının vasitəçilik missiyası üzərində üstünlük deməkdir. Brüsselin gündəliyinə Qarabağ məsələsi daxil deyil, daha çox kommunikasiya və sərhəd üzərindən bölgədə iştirakçılıq payını artırmağa çalışırdı, amma baş verənlər Rusiyanın aktiv iştirakını şərtləndirdi. Nəticəyə baxsaq, Rusiyanın eskalasiyada maraqlı tərəf olduğunu deyə bilərik, lakin təxribatdan öncəki hadisələrin inkişafında Moskvanın fəallığını az müşahidə edilməsi bu ehtimalı bir qədər zəiflədir. Rusiya daha çox nəticədən istifadə edən tərəf rolunda yer aldı.

- Ermənistan həmişəki kimi Kollektiv Təhlükəsizlik Müqviləsi Təşkilatını (KTMT) da prosesə cəlb etməyə çalışır...

- Ermənistanın təxribatda əsas hədəflərindən biri KTMT-ni bölgəyə gətirməkdir və bununla sərhədin müəyyən edilməsində mövqeyini gücləndirməyə çalışır. İndiyə qədər Rusiya KTMT-nin prosesdə iştirakına soyuq yanaşırdı, lakin son hadisələrdən sonra təşkilat sərhədə missiya göndərmək qərarına gəldi. Bu hələki KTMT sərhədə gəlir demək deyil, daha çox nizamnaməyə uyğun davranmaq, üzv ölkə olan Ermənistanı razı salmaq gedişidir. Lakin Rusiyanın KTMT-nin prosesdə iştirakına ilk dəfə “yaşıl işıq” yandırması Qərbin oyunda aktiv iştirakına görədir. O baxımdan, missiyanı göndərir və bununla varlığını nümayiş etdirir. KTMT hələki araşdırmaçı mövqeyindən çıxış edəcək, təbii ki, başda Rusiya olmaqla heç bir ölkə Azərbaycanla münsibətlərini kormalaq istəmir. Buna görə KTMT-nin prosesdə iştirakının Ermənistanın istəyi formasında olacağını düşünmürəm, yəni bu iştirakçılıq sərhədin müəyyən edilməsi prosesini dayandırmayacaq.

-Proseslərin geosiyasi faktorlarla bağlılığı nə qədərdir?

- Burada biz Ukraynadakı müharibənin vəziyyətinə baxmalıyıq. Rusiya geri çəkilir, itirən tərəf kimi görünür və Qərb bu vəziyyətdə Cənubi Qafqaza da daxil olmaq cəhdlərini artırır. Bölgəyə qayıtmağın yolu da yuxarıda qeyd etdiyim kimi böyük eskalasiya ilə mövcud gündəliyi arxa plana keçirməkdən keçir. Fikrimcə, prosesin geosiyasi faktorları bundan qaynaqlanır. Və ən diqqətçəkən məqamlardan biri Ukrayna müharibəsinin gedişatının bizə, bölgəmizə necə təsir edəcəyidir. Əvvəlcə Rusiyanın məğlubiyyəti Qarabağda, o cümlədən, Moskva masasındakı mövqelərimizin güclənməsi baxımından sərfəli idi, lakin indi bunun əksi olan vəziyyət yaranıb deyə düşünürəm. Çünki Rusiyanın itirən tərəf olması Qərbin bölgədə təsirini gücləndirir və şübhəsiz ki, Qərb ölkələrinin əsas istəyi Qarabağın qondarma “statusu”, kommunikasiyanın açılmasında və sərhəd məsələsində erməni maraqlarının nəzərə alınması olacaq. Vaşinqtonun Minsk qrupunu diriltmək istəkləri, separatçıların qondarma “naziri”nin Konqresdə gözlənilən çıxışı, son hadisələrlə bağlı Makronun BMT Təhlükəsizlik Şurasını ayağa qaldırmaq niyyətləri də bunu deməyə əsas verir. Hesab etmirəm ki, buna nail olacaqlar, lakin cəhdlər davam edəcək.

-Rikerin səfəri çərçivəsində baş verməsi nəyi deməyə əsaas verir?

- ABŞ dediyim kimi Minsk qrupu formatı üzərindən hərəkət etmək istəyir, o cümlədən, müharibədən sonrakı gündəliyin dəyişməsində maraqlıdır və əsas məqsədi Rusiyanı oyundan kənarlaşdırmaqdır. Ermənistanın təxribat hücumu və bu hücumun mövcud gündəliyi arxa plana keçirməsi belə demək mümkünsə ABŞ-ın, ümumiyyətlə Qərbin “əlinə oynamaq”dır.

- Əməliyyatın nəticəsini necə qiymətləndirmək olar?

- Nəticəni hərbi və siyasi olaraq qiymətləndirə bilərik. Hərbi baxımdan, Ermənistanın sərhəd boyunca təhdid yarada biləcək infrastrukturu sıradan çıxarıldı, hərbi hissələri və hava hücumundan müdafiə sistemləri darmadağın edildi. Yüzlərlə canlı qüvvə itirdi, postları və mövqeləri dağıdıldı, artilleriya qurğuları, eləcə də iki ədəd S-300 raketi məhv edildi. Bu, Azərbaycan sərhədinə yarana biləcək mümkün təhdidin aradan qaldırılması deməkdir. Çünki Ermənistanın bu hərbi itkiləri bərpa etməsi illərlə zaman alacaq. Digər tərəfdən, strateji yüksəkliklərə nəzarətin əldə edilməsidir. Müdafiə Nazirliyinin rəsmi məlumatında konkret yerlər qeyd olunmasa da, Ermənistanın nəqliyyat-kommunikasiya sisteminə nəzarət imkanı əldə etdiyimiz qeyd olunur. Yayılan məlulamtlara görə, söhbət İrəvan-Gorus yoluna və ümumilikdə 100 kvadratkilometr əraziyə nəzarətdən gedir. Bu, Ermənistanın sərhəddə Azərbaycana qarşı təhdid potensialını da sıradan çıxarır.

Siyasi nəticələrə gəlincə, Ermənistanın ağır zərbələr alması masadakı gündəliyi dəyişmək məqsədilə hərbi varianta əl atmaq imkanının da sıradan çıxdığını deyə bilərik. Fikrimcə, Bakının bütün tərəflər qarşısında əli gücləndi və bu, razılaşmaların icrası tələbində daha israrçı olmaq imkanını artırır. Eyni zamanda, Azərbaycan postmünaqişə reallıqlarını dəyişmək istəyən bütün tərəflərə bölgədə əsas güc olduğunu və Bakının gündəliyi əsasında hərəkət etməyin alternativinin olmadığını göstərdi.

Əli Zülfüqaroğlu