“Nairliklərin, komitə, agentlik və səhmdar cəmiyyətlərinin formalaşmasını elə yaxşı təmin etmək mümkündür ki...” Müsahibə

“Nairliklərin, komitə, agentlik və səhmdar cəmiyyətlərinin formalaşmasını elə yaxşı təmin etmək mümkündür ki...”

Zahid Oruc: "Vətəndaşlar üzərində müxtəlif qanunsuz tələblərə əl qoyulmasın, çeviklilik, şəffaflılıq, hesabatlılıq ən yüksək təmin olunan normalara çevrilsin"

Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan addımlardan biri də struktur islahatlarının aparılması ilə bağlıdır. Lakin etiraf edilməlidir ki, bu sahədə fikir müxtəlifliyi mövcuddur. Bu barədə müxtəlif fikirlər səsələndirilir. Amma struktur islahatlarının aparılacağının anonsu verilib. Millət vəkili Zahid Oruc da müsahibəsində bu barədə danışıb.

- Zahid müəllim, parlamentin sonuncu növbədənkənar iclasında ölkədə paralel strukturların, konkret olaraq Energetika Nazirliyinin, "Azərenerji"nin ləğv olunması və SOCAR-a birləşdirilməsi təklifi ilə çıxış etmişdiniz. Bildiyiniz kimi də ölkədə paralel, fəaliyyətləri bir-birindən fərqlənməyən və bir-birinin təkrarı olan strukturlar hədindən artıq çoxdur. Sizcə, onlardan daha hansılarının ləğvi və birləşdirilməsi münmkündür?
- Əvvəla, nazirliklərin sayı, struktur tərkibi, oradakı məmurların statistikası ilə bağlı məsələni hər hansı parlament üzvünün rəyindən asılı etməmək üçün beynəlxalq praktikanı yaxşı analiz etmək lazımdır. Burada təkcə əhali sayını deyil, ölkənin idareətmə quruluşunun uyğyn olduğu dövlətləri də seçmək mümkündür. Məsələn, Türkiyə parlamentli dövlətdir-orada nazirlik sistemi fərqli qurulub və ya Rusiya federal bir dövlətdir - orada da nazirliklərlə bağlı ayrıca bir idarəetmə üsulu seçilib. Azərbaycan isə unitar quruluşa malikdir və burada işləri çevik həyata keçirmək üçün nazirliklərin, komitə, agentlik və səhmdar cəmiyyətlərinin formalaşmasını elə yaxşı təmin etmək mümkündür ki, bu, gerçəkdən də təyinatı üzrə fəaliyyət aparsın, vətəndaşlar üzərində müxtəlif qanunsuz tələblərə əl qoyulmasın, çeviklilik, şəffaflılıq, hesabatlılıq ən yüksək təmin olunan normalara çevrilsin. Parlamentdə də həmişə bu fikirləri gündəmə gətirirdim ki, Azərbaycan bölgələrini proporsional inkişaf etdirmək, orada da ölkənin sənaye mərkəzlərini və sairəni formalaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi nə üçün bölgələrin birində olmasın, paytaxtın yükünü azaltmaq naminə bu addıma gedilməsin? Vaxtı ilə neft amili hamı üçün cazibədarlıq kəsb edirdi və nəticədə də hamı paytaxta axın edirdi. İndi isə kəndlərə, bölgələrə insanlarımızın geri qaytarılması naminə irriqasiya və su təsərrüfatları qurumunu da Kənd Təsərrüfatı Nazirliyinə birləşdirərək, həmçinin, digər aqrar xarakterli institutların, dövlət təşkilatlarının da bu nazirliyin içərisində bitkin çərçivəsini yaradaraq onu Azərbaycan bölgələrinin birinə köçürmək olmazmı? Bu, mənə elə gəlir ki, daha düzgün qərar olardı. Çünki məlum olduğu kimi, paytaxtda kənd təsərrüfatının hədəf etdiyi torpaq sahələri mövcud deyil, əksər - yəni, 5 milyon hektarlıq ərazilərin hamısı bölgələrdədir. Yadınızdadırsa, parlamentdə ikinci bir məsələni gündəmə gətirdim - söhbət də ölkədə yanacaq və energetika sahəsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində hansı quruma söykənməkdən gedirdi. Bəllidir ki, ölkənin külək və günəş enerjisi ilə bağlı fəaliyyəti ayrıca bir qurum səviyyəsinə gətirilib. Ancaq mən belə düşünürəm ki, bu qurumun özünü də ARDNŞ-ə qataraq, o cümlədən, yanacaq və energetika sahəsindəki əsas məsələnin-lisenziyalaşdırma ilə bağlı məsələnin cənab Prezidentin qərarı ilə "ASAN" Xidmət Mərkəzinə verildiyini göz önünə alaraq, həmin qurumun da ləğvi yerinə düşərdi. Bir sözlə, adlar üzərində dayanmadan bir daha söyləyirəm ki, dünyada əhalinin yüz min nəfərinə düşən məmur sayına görə kvotası var, bu, dəqiq müəyyənləşdirilib. Hansı normadan yuxarı oldusa, artıq bu sayılır ki, məmurlar dövlət büdcəsində yükə çevrilir, böyük vəsaitlər onların çoxluğu sayəsində büdcədən gedir, hələ bu azmış kimi sosial sferaya gedə biləcək vəsaitlər məmurların təminatına yönəlir, eyni zamanda, bürokratik əngəllər də elə məmur çoxluğundan yaranır. Yəni, bir-birini təkrarlamaq funksiyalarının qarışması və sair məsələlər də oradan meydana çıxır. Ona görə hesab edirəm ki, biz də nəhayət, bu kvotanı əsas tutmalıyıq, onəmli məsələ budur.
- Belə halda kütləvi ixtisarlar baş verməyəcəkmi?
-Söhbət heç də süni şəkildə hamını ixtisar etməkdən getmir. Əvvəla, dövlət qulluğu ilə bağlı qanunvericilik burada tətbiq olunmalıdır. Hər hansı bir nazirliyin ştat tərkibi saxlanılırsa, bu, konkret ayrı-ayrı insanların iradəsinə verilməməlidir. Hər kəs öz yerini necə deyərlər, dövlət qulluğu qanunvericiliyi ilə özü qazanmalıdır. O zaman burada peşəkarlar artıq seçilmiş olacaqlar. Başqa tərəfdən, əgər iqtisadi qanunvericilik daha çox liberallaşacaqsa, eyni zamanda, ölkədə sahibkarlıq mühitinə daha geniş meydan olacaqsa, idxal və ixrac əməliyyatlarının şəffaf, liberal qaydada həyata keçirilməsi təmin ediləcəksə, o halda məmur sayının azalması avtomatik olaraq yeni iş yerlərinin artması ilə müşaiyət olunacaq. Çünki bu da bizdən əvvəl keçilmiş bir yoldur. Əksər ölkələrin praktikasında ən uğurlu model ondan ibarətdir ki, gerçəkdən də dövlət öz səlahiyyətlərini və yükünü müəyyən dərəcədə sahibkarlarla bölüşmüş olur. Bu halda da qeyd olunan o maddi nemətlərin istehsalı vətəndaşlar vasitəsilə baş verir nəinki dövlət orqanlarının əli ilə və yaxud da ki, dövlətin müəyyən payına sahib hansısa şirkətlərlə, komtələrlə və sairlə. Belə olmamalıdır.
- Necə hesab edirsiniz, konkret olaraq Maliyyə Nazirliyi ilə Vergilər Nazirliyinin, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Xarici İşlər Nazirliyi (XİN) ilə Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin birləşdirilməsi mümkün və realdırmı?
- Maliyyə Nazirliyi ilə Vergilər Nazirliyi ayrıca bir struktur kimi fəaliyyətlərini davam etdirməlidirlər, o cümlədən, təbii ki, XİN-nin də təyinatı öncədən bəllidir. Bununla bərabər, Azərbaycanda ən azı 4-5 nazirliyin, həmçinin, bir neçə komitənin, o cümlədən, dövlətin səhm paketi olan müxtəlif səhmdar cəmiyyətlərinin ləğvi və onun cənab Prezidentin sonuncu müşavirədə də qeyd etdiyi kimi, özəlləşdirməyə çıxarılması qarşıdakı dövrün iqtisadi-maliyyə sabitliyini təmin etmək üçün ən mühüm addımlardan birinə çevriləcək. Maliyyə naziri Samir Şərifov da bildirdi ki, yaxın zamanda cənab Pezident tərəfindən verilmiş fərmanların icrasını təmin etmək üçün büdcəyə əlavə 1,9 milyard manat vəsasit transfer ediləcək. Bu o deməkdir ki, o vəsaitlər daha da artır və bunun içərisində dövlət aparatlarının saxlanmaına yönələn xərclər də artmış olur. Biz düşünməliyik ki, əgər hökumət çevik modelə keçməyi bəyan edirsə və qənaət rejimində çalışmaq istədiyini bildirirsə, burada ən yaxı üsul dediyim məsələləri qanunvericilik qaydasında, yəni struktur birləşmələrini ağılla həyata keçirməkdir. Eyni zamanda, dövlətin iştirakı olan, amma əslində yüz milyonlarla vəsait xərcləndiyi halda büdcəyə borclu qalan qurumların da beynəlxalq investorların cəlbi ilə özəlləşdirməyə və ya idarəetməyə önünü açmaqdır. Çünki dünyada bunu belə ediblər, yəni, optimal yol budur.