“Qərb daima ermənilərin nazı ilə oynayıb” Müsahibə

“Qərb daima ermənilərin nazı ilə oynayıb”

Arzu Nağıyev: "Həmsədrlərin AŞ PA-nın sonuncu iclasından əvvəl də həmin mövqeyi hiss olundu"

Bu gün Azərbaycanın regionda və dünyada tutduğu mövqe, həyata keçirdiyi müstəqil siyasət təssüflər olsun ki, bir sıra xarici dairələr tərəfindən həzm edilə bilmir. Fürsət düşdükcə ölkəmiz əleyhinə mənfi rəy formalaşdırılmağa çalışılır, müxtəlif hesabat və bəyanatlarda Azərbaycan barədə mənfi rəy formalaşdırılır. Artıq Qərb və Avropada, beynəlxalq aləmdəki anti-Azərbaycan şəbəkə, onların ölkəmiz əleyhinə yönələn fəaliyyətləri barədə cəmiyyətin hər bir üzvü məlumatlıdır. Cəmiyyət tam aydın şəkildə görür ki, onların bir nömrəli hədəfi və istəyi Azərbaycanı zəif, inkişafdan geri qalan bir ölkə kimi görməkdir. Elə son aylar ölkədə baş verən devalvasiya fonunda yaşananlar bir daha bunu sübuta yetirdi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi anti-Azərbaycan qüvvələr neftin ucuzlaşmasından sonra yaranmış müvəqqəti çətinliklərə sevinir və uydurmalar yayırlar. Hətta dünyaca məşhur media qurumları belə artıq şər kampaniyasına əl atıblar. Bəzi xarici mətbuatın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsinin kökündə nə dayanır? Ümumiyyətlə, anti-Azəbaycan kampaniyasının başlıca hədəfi nədir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.
-Arzu müəllim, son vaxtlar Qərb mətbuatında Azəbaycanla bağlı qərəzli, yalan məlumatların gümdəmə gəlməsi nə ilə bağlıdır?
-Düşünürəm ki, bunun əsas səbəbi Azərbaycan dövlətinin apardığı müstəqil xarici və daxili siyasətdir. Bəzi Qərb dairələri bunu istəmirlər və müsəlman ölkəsində belə tolerantlığın olmasını da görməyə öyrəşməyiblər. Yəni Azərbaycanı müstəqil
siyasət yürüdən bir dövlət kimi görmək, hiss etmək və duymaq Qərb üçün qəbuledilməzdir.
-Prezidentin də qeyd etdiyi kimi "Financial Times" kimi nüfuzlu bir qəzetin Azərbaycanın guya 4 milyard kredit alması barədə yalan məlumat yayması sizcə nəyə hesablanıb?
-Hər bir çap edilən məlumat faktlara söykənməlidir. Təbii ki, bu materialla bağlı konkret bir sənəd yoxdur. Düşünürəm ki, bu materialın ortaya çıxmasında anti-Azərbaycan mənbələrinin rolu daha çoxdur . Heç şübhəsiz ki, burada həm daxili qüvvələr, həm də xarici qüvvələr səy göstərib. Erməni lobbisinin də belə bir nüfuzlu media qurumunda Azərbaycan haqqında yalan məlumatların getməsi rolu danılmazdır. Çünki Ermənistandakı siyasi vəziyyət və maliyyə durumu acınacaqlıdır. Mıəhz buna görə də Azərbaycan haqqında belə məlumatlar verməklə sanki öz vətəndaşları arasında təskinlik yaradırlar.
-Maraqlıdır ki, devalvasiya fonunda yerlərdə baş verən xırda etirazları Qərb mətbuatı kütləvi aksiyalar kimi qələmə verir. Bəs reallığı Qərb mediasına çatdırmaq üçün nələr edilməlidir?
-Baş verən etirazlar-bu bizim daxili işimizdir və göründüyü kimi həmin hadisələr bir sıra möhtəkir və simasızın təşkilatçılığı ilə yarandı və sakitləşdi. Məlumdur ki, Azərbaycan xalqı bundan da ağır günlər yaşayıb və heç vaxt çörəyə və ərzağa görə özünü sındırmayıb. Təbii ki, çətinliklər var və bu da bütün dünyada baş verir. Başlıca səbəblərdən biri də məhz neftin quymətinin düşməsidir. Bunu Qərbdə də bilirlər, lakin yuxarıda qeyd etdiyim kimi bunu başqa cür yozmaqla əsas məqsəd siyasi istəklərini həyata keçirməkdir. Bu da alınmadı.
-Nəzərə alsaq ki, Ermənistanda aylarla baş verən kütləvi aksiyalar barədə Qərb mətbuatı o qədər də məlumat yaymadı, o halda deyə bilərikmi ki, Qərb mediası da Qərbin özü kimi məsələlərə ikili standartlarla yanaşır, ermənipərəst mövqe nümayiş etdirir?
-Təbii ki, bu məqam ən önəmlidir. Qərb daima ermənilərin nazı ilə oynayıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Avropa Şurası Parlament Assmableyasının sonuncu iclasından əvvəl də həmin mövqe hiss olundu. Yəni bu qurumlar öz dövlətlərinin mövqelərini ortaya qoyurlar. Azərbaycan tərəfi ilə görüşlərdə bir cür danışan həmsədrlər, sonradan qeyri-adekvat mövqedə olurlar. Bəli, məhz buna görə də Qərb mediası ikili standartlar nümayiş etdirir və hətta münaqişənin uzanması və ermənilərin status-kvonu saxlaması da bundan qaynaqlanır.