“Azərbaycanın təmas xəttində düşmən üzərində qələbəsi, bütün əhali arasında mənəvi psixoloji baxımdan yüksək əhval-ruhiyyə yaratdı” Müsahibə

“Azərbaycanın təmas xəttində düşmən üzərində qələbəsi, bütün əhali   arasında mənəvi psixoloji baxımdan yüksək əhval-ruhiyyə yaratdı”

Faiq İsmayılov: "Xalqın illərlə içərisində sıxıb gizlətdiyi torpaq həsrətini emosional şəkildə üzə çıxardı"

"Qarabağın müasir tarixinə qısaca nəzər salsaq görərik ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü ərazi iddialarının səbəb olduğu hərbi münaqişə Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğalı ilə nəticələndi. Ermənistan Azərbaycan ərazilərinə təcavüz etməklə beynəlxalq hüququ pozdu. Erməni ideoloqları tərəfindən planlaşdırılan Xocalı soyqırımı isə bu ölkəni hərbi cinəyatkara çevirdi. Bunu dərk edən ermənilər, problemi Qarabağda yaşayan erməni etniklərin öz milli müqəddaratlarını təyinetmə məsələsi ilə bağladılar". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclis sədrinin müavini, Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov "Xalq Cəbhəsi"nə müsahibəsində deyib. O, həmçinin "halbuki 16 fevral 1988-ci il tarixdən Xankəndi şəhərində küçələrə nümayişə çıxarılan ermənilər öz sosial problemlərini qabardırdılar", - deyə əlavə edib: " 1989-cu ilin dekabırında isə Ermənistan Ali Soveti DQMV-ni Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Beləliklə, münaqişənin ilk illərində Qarabağ ermənilərinin milli müqəddaratlarını təyinedilməsindən söhbət belə getmirdi".

-Burada məqsəd SSRİ impriyasının süqutundan istifadə edərək Azərbaycanın daha bir hissəsini işğal etmək idi ki, bunada Rusiyanın hərbi qüvvələrinin köməyi ilə nail oldular. Ermənistan 20 ildən çox müddət ərzində öz cinayətkar əməlini Dağlıq Qarabağ problemi adı ilə sığortalaya bildi. Əslində coğrafi baxımdan Qarabağ yaylası, Gəncədən Naxçıvana qədər bütün Kür-Araz ovalığını əhatə edir. Qarabağ çox böyük ərazidir və bunu erməniləşdirmək, yəni bu ərazinin tarixi kökünü ermənilərə bağlamaq sadəcə mümkün deyildir. Əsl reallıq ondan ibarətdir ki, Azərbaycanın Qarabağ problemi yoxdur, Azərbaycanın ərazi bütövlüyü problemi var. Artıq bunu dünya son hadisələrdən sonra dərk etməyə başladı.
1992-ci ilin erməni işğalından sonra məğlubiyyət acısı yaşayan Azərbaycan bütün çətinliklərə baxmayaraq keçən dövr ərzində ölkədə iqtisadiyyatın inkişafı və ordu quruculuğu ilə ciddi məşğul olmağa başladı və ciddi nailiyyətlər əldə etdi. Əhalinin maddi-rifah halı yaxşılaşdı, ölkə beynəlxalq aləmdə nüfuz sahibinə, Cənubi Qafqazın lider dövlətinə çevrildi. Lakin bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa edilməsinə kifayət etmirdi. Problemə dünya dövlətlərinin ikili standartlarla yanaşma tərzi, erməni lobbiçiliyi, məsələnin həllinə cavabdeh olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, ölkə daxilində əhali arasında da öz dövlətinin gücünə inamsızlıq yaratmışdı. Birdən qəfil nə baş verdi?...
Ermənistan aprelin 2-də işğal altında saxladlğı Azərbaycan ərazilərindən növbəti dəfə atəşkəs rejimini pozdu, Azərbaycan isə bundan istifadə edərək, öz ərazisində Ermənistanla hərbi münaqişənin dondurulmuş münaqişə olmadığını dünyaya sübut etmək üçün bütün təmas xətti boyu Ermənistan ordusu üzərinə sürətli hücuma keçdi. Cəmi iki gün ərzində təmas xəttindən 30 km ərazini nəzarət altına alan Azərbaycan ordusu 20 il möhkəmlənən erməni səddini asanlıqla və az itki ilə keçdi.
Bu hadisə dünyada ciddi rezonans doğurdu, bir çox dövlətlərin məkirli Qarabağ planlarını alt-üst etdi. Mən bu hücumu Qarabağda gedən ənənəvi lokal döyüşlərə aid etməzdim. Bu hücum Azərbaycan ordu komandanlığı tərəfindən planlaşdırılan düşmən mövqelərinin gücünü yoxlamaq üçün döyüş tapşırığı idi. Bu hücum, bir neçə aspektdən xeyirli oldu. Məsələn;
1. Əhali arasında ciddi ruh yüksəkliyinin yaranmasına səbəb oldu;
2. Azərbaycan bu gedişi ilə özünü məğlub bir durumdan diqtə edən tərəfə çevrildi;
3. Dünya dövlətlərini Qarabağ probleminə olan münasibətdə mövqelərinə dəyişiklik etməyə məcbur etdi;
4. Bu münaqişənin Azərbaycan daxilində etnik münaqişə deyil, iki dövlət yəni, Ermənistan və Azərbaycan dövlətləri arasında baş verən hərbi qarşıdurma olduğunu sübut etdi;
5. Rusiyanın müəllifi olduğu KTMT təşkilatı içərisində çat yaratdı.
Güman edirəm ki, bu hadisədən sonra Ermənistan öz güçünə və tərəfdaşlarına inamını itirdi. Hazırda Ermənistanın yeganə çıxış yolu buduR ki, Azərbaycana qarşı düşmən mövqedən çəkinsin, qoşunlarını münaqişə zonasından çıxarsın və Azərbaycanla əməkdaşlıq barədə yollar axtarsın.


-Əhalinin mənəvi psixoloji durumu qaneedicidirmi?
-Azərbaycanın təmas xəttində düşmən üzərində qələbəsi, bütün əhali arasında mənəvi psixoloji baxımdan yüksək əhval-ruhiyyə yaratdı. Xalqın illərlə içərisində sıxıb gizlətdiyi torpaq həsrətini emosional şəkildə üzə çıxardı. Gənclərin vətənpərvərlik tərbiyəsində yeni bir eranın başlandığını göstərdi. Məni əhali arasında mövcud olan mənəvi psixoloji durumdan daha çox, insanların vətənpərvərlik tərbiyəsi sevindirdi. Əhali arasında mənəvi psixoloji durum hadisələrin gedişi ilə dəyişə bilir. Ancaq vətənpərvərlik hissi yaranan şəraitdən asılı olmayaraq dəyişməzdir.
Əhali arasında vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində aparılan işlər məni qane etmir. Ərazisində 20 il müharibə gedən bir ölkədə diqqəti cəlb edəcək təşviqat materiallarına, plakatlara, vətən ruhlu şerlərə, poemalara, dram əsərlərinə rast gəlmirsən. Bax bu məsələ ziyalılarımızı ciddi düşündürməlidir.

-Qazanılan kiçik qələbə sülh danışıqlarında durğunluğun aradan qaldırılmasına şərait yarada biərmi?
-Azərbaycanın təmas xəttindəki taktiki hücumunun nəticələrini qiymətləndirərkən mən buna kiçik qələbə deməzdim. Azərbaycanın bu gedişi, dünyada mövcud Qarabağ düşüncələrində inqilabi çevriliş etdi. Bununla da sülh danışıqlarının müsbət nəticələrinə inam yaratdı. Sülh danışıqları istiqamətində aparılan səylərin gedişi ermənilərin mövqeyindən daha çox asılıdır. Amma güman etmirəm ermənilər bu dərsdən sonra müharibə istəsinlər.

- Rusiyanın mövqeyində dəyişiklik varmı və bundan sonra Moskva necə davrana bilər?
-Rusiyanın mövqeyində heç bir dəyişiklik yoxdur və olmayacaq. Rusiya ətraf rayonların azad edilməsinə razılıq verməklə, Qarabağın statusunun bərpa edilməsinə çalışacaq ki, bu münaqişə ocağı Azərbaycanda daima şölələnsin.
Problemin həllinin uzanmasında Rusiya amilinin rolu çox böyükdür. Rusiya 20 ildir öz sülhməramlılarını Qarabağa yerləşdirmək üçün yollar arayır, danışıqlar aparır. Əgər bu baş verərsə Qarabağın itirilməsi qaçılmaz olacaq. 2 aprel Azərbaycanın cəbhə xəttindəki son nailiyyəti bundan sonra Rusiyanın Azərbaycanla ehtiyatlı davranmasına və Azərbaycana təzyiq metodlarını yeniləşdirməsinə vadar edəcəyini düşünürəm.

-İşğal olunmuş ərazilərdə tarixi abidələrimiz, milli mədəniyyət nümunələrimizlə bağlı son durum necədir?
-Məlumat üçün bildirirəm ki, Azərbaycanın İşğal altındakı ərazilərində böyük sayda mədəni irsimizin çox qiymətli nümunələri qalıb. Təkcə onu demək kifayətdir ki, işğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrimizin sayı rəsmi Dövlət qeydiyyatında olan abidələrimizin sayından 8 dəfə çoxdur.
Hazırda Azərbaycanın mədəni dəyərlərini, Ermənistanın müvafiq qurumları, dünyada erməni abidələri olduğu barədə yalan təbliğat aparır, hətta işğal altındakı abidələrin bir çoxunu YUNESKO-da erməni abiləri kimi qeydiyyata aldırmağa cəhdlər də edirlər.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin əməkdaşları keçən əsrin 60/70-ci illərin (Sovet dövrü) abidələrin natamam siyahılarından istifadə etdikləri üçün, onlarda İşğal altındakı ərazilərdəki abidələr barədə dəqiq məlumat yoxdur. Azərbaycanda işğal altında qalan abidələr barədə dəqiq məlumatın olmaması, bu istiqamətdə sosial şəbəkələrdə və mediada ermənilərə qarşı mübarizə aparan gənclərimizə çətinlik yaradır.
Apardığımız tədqiqatlar nəticəsində Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat, 4 şəkil qalareyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 000 sənəd, 7904 memarlıq abidəsi, 2261 arxeoloji abidə, 50 000 ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri, 24831ədəd incəsənət abidələrinə məxsus, Azərbaycanın mədəni dəyərləri Ermənistanın işğalı altında olduğunu müəyyənləşdirmişik.
Təşkilatımız, işğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin müxtəlif rakurslardan çəkilmiş 10 minə yaxın fotoşəkillərini, coğrafi xəritələrini və abidələr haqqında digər məlumatları əldə edib. Bütün bunlar müharibə qurbanlarına çevrilmiş mədəni dəyərlərimizin qeydiyyata alınmasını, işğal altındakı abidələrimizin elektron məlumat bazasının yaradılmasını və abidələrin kataloqunun hazırlanmasını aktuallaşdırır.

-Milli mədəni nümunələrimizə vurulan ziyanın həcmi nə qədərdir?
-Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində 903 sayda tarix və mədəniyyət abidələrinə vurduğu zərər ilkin hesablamalara görə 177 milyard dollardır.

-Bu istiqamətdə atılan addımlar (QHT-lər və dövlət tərəfindən) nədən ibarətdir və daha hansı işlər görülməlidir?
-Müxtəlif istiqamətlər üzrə müsabiqələr təşkil etsə də QHT- lərin fəaliyyətini dövlət müəyyənləşdirmir. QHT fəaliyyəti hər kəsin vicdan işidir. Güman edirəm ki, bu başqa bir söhbətin mövzusudur. Lazım gələrsə gələcəkdə bu mövzuda danışa bilərik. Amma bir vətəndaş kimi, Qarabağ istiqamətində fəaliyyət göstərən QHT-nın 98%-nin işi məni qane etmir.

Əli