“Quranın ilahidən gəldiyinə inana bilmirəm” Müsahibə

“Quranın ilahidən gəldiyinə inana bilmirəm”

Namiq Cəlilov: "Çünki mən bunun necə baş verdiyini təsəvvür etmirəm"

Azərbaycan Milli Elmlər Akademiyasının NəsrəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov Modern.az saytına müsahibəsini ixtisarla təqdim edirik.

- Günəş fizikası ixtisası üzrə mütəxəssissiniz. Eyni zamanda Günəşin məxsusi qlobal rəqslərinin fiziki modelləri adlı elmi işiniz var. Zəhmət olmasa, ilk olaraq elmi terminlərlə zəngin bu ifadəni hamının başa düşəcəyi şəkildə izah edin.
- Mənim sahəm birbaşa təcrübə, teleskoplarla bağlı deyil. Hələ tələbə vaxtından mənim üçün sırf nəzəri mövzu qoyulmuşdu. Mən uzun illər Rusiya Elmlər Akademiyasında işləmişəm, orada namizədlik və doktorluq dissertasiyasını müdafiə etmişəm. Uzun müddət Almaniyada olmuşam. Həmişə Günəş fizikası sahəsində və siz adını çəkdiyiniz mövzu üzrə işləmişəm.Sadə dildə desək, qlobal məxsusi rəqslər dedikdə bu bütövlükdə Günəşi və ya onun böyük hissəsini eyni zamanda dinamik hərəkətə gətirən prosesdir. Bu adətən müxtəlif növlü irimiqyaslı durğun dalğaların nəticəsində yaranır. Bu proseslərin fiziki modelinin qurulması Günəşin içəri qatlarında gedən proseslər haqqında təsəvvür yaradır. Məsələn, Yerdə zəlzələ yaradan seysmik dalğalar Günəşdə də yaranır. Ancaq bu daha qlobal miqyasda baş verir və bütün Günəşi silkəliyir. Mən kosmik plazmada bu cür qlobal dinamik proseslərlə məşğul oluram.
- Mən də elə onun məğzini açıqlamanızı istədim.
- İndi izah edirəm. Bu sahəyə başqa adla helioseysmologiya da deyirlər. Məsələ burasındadır ki, istənilən "qaynar qazan" qaynayanda orada müxtəlif tezliklərdə, müxtəlif spektrlərdə akustik dalğalar əmələ gəlir. Aşağı və yuxarı tezliklər və s. Onlar müəyyən filtrasiyadan keçəndən sonra Günəşin səthinə çıxır. Günəşin səthində rezonator meydana gəlir. Eksperimentlər yolu ilə Günəşin səthində akustik dalğalar müşahidə edilir. Bu ölçmələr çox böyük dəqiqliklə akustik dalğaların fiziki parametrlərini müəyyən edir. Qurulmuş nəzəri model bu ölçmələri izah etməli və daxili fiziki vəziyyət haqqında informasiya verməlidir.
- Namiq müəllim, Günəş ulduz kateqoriyasına daxildir. Günəş-Yer kontaktı həmişə mənim üçün maraqlı olub. Sualım isə belə olacaq: Günəş nə zamansa həddindən artıq isti kütlə ilə Yeri məhv edəcəkmi?
-Doğrudan da, Günəş-Yer əlaqələri fizikası çox sürətlə inkişaf edən bir sahədir. Günəş enerji nöqteyi-nəzərdən Yer üçün həyat mənbəyidir. Biz enerjisiz yaşaya bilmərik. Bununla yanaşı, Günəş həmişə Yer üçün təhlükə mənbəyi olub. Ona görə ki, Günəşdə mütəmadi olaraq 11 illik maqnit tsiklləri baş verir. Hər 11 ildən bir Günəşin səthində maqnit sahəsi 3-4 min Qaussa qədər qalxır və tədricən 0-a qədər enir. 11 ildən bir bu proses təkrarlanır. Tsikl maksimuma yaxınlaşanda Günəşdə böyük partlayışlar baş verir. Günəşlə Yer arasındakı məsafə 150 milyon kilometrdir. Günəşin səthində alışma zamanı rentgen şüalanmasında böyük enerji ayrılır və bu ətraf mühitə yönəlir. Bu sanki Günəşdən açılan bir top atəşinə bənzəyir.
- Houkinqin fikrinə görə, qara dəliklər kainata alternativ yoldur. Amma bu ehtimal olaraq qalır. Belə bir şey öz təsdiqini taparsa, bizim qalaktikanı nə gözləyir?
-Qalaktikaların demək olar ki, hamısının mərkəzində qara dəliklər var. Houkinqin nəzəriyyəsinə görə, hissəciklər qara dəliklərdən tullanır, yəni qara dəliklər şüalanırlar. Ancaq müasir kosmik eksperimentlər imkan vermir ki, bu prosesi müşahidə edək. Buna baxmayaraq nəzəri modelə görə, qara dəliklər doğurdan da şüalanmalıdır. Biz bu şüalanmanı ölçə bilsək, bu zaman həmin qara dəliklərin içərisində nə olduğunu fərz edə bilərik. Müasir nəzəriyyələrə görə, kainatlar paralel olmalıdır. Paralel kainatlara keçid isə ehtimal olunur ki, qara dəliklər vasitəsi ilə mümkündür. Bir təsəvvür edin. Protonun kütləsi 10 üstü mənfi 24 qramdır. İşığın sürəti də bəllidir. Bir sıra fundamental fiziki sabitlər var. Həmin nəzəriyyədə o fundamental sabitin birini çox cüzi dəyişsək, o zaman başqa bir dünya alırıq. Az çox böyük partlayış ("Big Bang" – A.K) nəzəriyyəsi qəbul olunub.
- "Big Bang" nəzəriyyəsinin adını çəkdiniz. Amma bu da mütləq doğru elmi yanaşma deyil. Sizcə, kainatı yaradan ilkin təkan nədir?
- Plank vaxtı deyilən bir anlayış var. Səhv etmirəmsə, 10 üstü mənfi 44 saniyədir. Bu vaxta qədər bizim başa düşdüyümüz maddə deyilən bir şey yoxdur. Fizikanın biz bildiyimiz qanunları bu müddətə qədər işləmir. Sinqulyar nöqtənin nədən ibarət olduğu bilinmir. Fizika elmində ən böyük problem plank vaxtına qədər nələrin olduğunu aydınlaşdırmaqdır. İlkin təkanın nə olduğunu heç kim deyə bilməz. Hətta Houkinq də.
- Cavab yoxdur, olanlar da hamısı nəzəridir. Ona görə də, kainatın arxasındakı proseslərdə ali bir şüur amilinin dayandığını düşünmək olarmı? Yəni, inanclı insanların təsəvvürlərindəki Allahmı ilk təkan verib?
- Mən çoxlu astrofiziklərlə görüşüb, bu tip söhbətlər etmişəm. Kainat o qədər incə qurulub ki, bir rəqəm dəyişsə, o, başqa cür olar. Bu nöqteyi-nəzərdən bəzi alimlər deyir ki, kainatı yaradıcı qüvvə yaradıb. Amma dini nöqteyi-nəzərdən olan Allah məfhumu tamamilə başqadır. Elmdə isə fərqlidir. Hər şeyin yaranma səbəbi, yaradıcı qüvvə olmalıdır. Biz bilmədiklərimizin sayı-hesabı belə yoxdur, o cümlədən də ilkin yaradıcı qüvvənin mahiyyəti haqqında heç nə məlum deyil.
- Yəni, dinin insanlara təqdim etdiyi Allahı qəbul etmirsiniz?
- Mən yaradıcı qüvvə anlayışını din prizmasından demirəm. Yaradıcı qüvvə həqiqətən də var. Onu qeyri-məlum qüvvə də adlandırmaq olar.
- Çox gözəl. Kainat isə çox əzəmətli, əsrarəngiz və həddindən artıq genişdir. O yaradıcı qüvvə varsa, kainatın hansı nöqtəsində qərarlaşıb?
- Sinqulyar nöqtədən böyük partlayış modelini qəbul etsək, deyə bilərik ki, kainat bütün istiqamətlərə kürə kimi genişlənir. Biz də bu kürənin içərisindəyik. Müasir kosmik eksperimentlərlə məlum olub ki, biz həmin kürənin içərisindəki maddənin yalnız 5-6 faizini bilirik, onu hiss edirik. Qalanının isə nədən ibarət olduğunu bilmirik. Ancaq onun mövcudluğu sübut olunub. Həmin o məlum olmayan materiyanın iki hissəsi var: qara enerji və görünməyən maddə. Bizim qara enerji haqqında heç bir məlumatımız yoxdur. Bir onu bilirik ki, kainatı təcillə genişləndirən qara enerjidir. Digəri isə görünməyən maddədir. Məncə bu məsələlərdə bizi çox böyük kəşflər gözləyir. Həmin yaradıcı qüvvə elə kainatı idarə edir, deməli onun hər yerində olduğunu fərz etmək olar.
- Bir çox alim gəncliyində yaradıcı qüvvənin varlığı haqqında mütləq bir qənaətə gəlmir. Elmi araşdırmalar genişləndikcə və bunun nəticəsində daha mürəkkəb suallar yarandıqca, yaradıcıya inam yaranır. Siz də gəncliyinizdə ali bir şüurun olduğuna inanırdınız, yoxsa sonradan qazanılmış düşüncədir?
- Mən gənc vaxtlarımda Allahın varlığına inanmırdım. Lakin astrofizika elmində dərinə getdikcə, yaradıcının olmasına dair inam güclənir. Əvvəllər çoxumuz ateist idik. Hər şey dəyişir. Ancaq yaradıcı haqqında təsəvvürüm bi az başqadır.
- Astrofizika elmi ilə məşğul olanlar Quranı da oxuyur. Siz də oxumuşunuz?
- Bəli, tərcüməsini və interpretasiyalarını oxumuşam.
- Orada astrofizika üçün lazım olan bir məqam varmı? Yoxsa din sırf mənəviyyatı tənzimləyən bir konstitusiyadır?
- İnsana zəka elə-belə verilməyib. İnsana zəka ona görə verilib ki, o yaradıcılıqla məşğul olsun –istənilən fəaliyyət sahəsində. Ətraf təbiətin, kainatın quruluşunun yaradıcılıq nöqteyi-nəzərindən öyrənilməsi elmin vəzifəsidir. Quranda elmi biliklərin olması fikri həmişə irəli sürülür. Lakin bilgi o vaxt elmi sayılır ki, onu biz bilavasitə və ya dolayı yollarla təcrübələrdə yoxlaya bilək. Bu kitabda mənəviyyat və davranış kodeksləri daha çox qabardılıb və böyük əksəriyyət məhz bu hissəni tez qavrayır və onun üzərində dayanır.
- Siz mənim sualıma cavab vermədiniz. Quranda astrofizika üçün maraqlı olan nüanslar nədir? Məsələn, Quranda kainatın genişlənməsinə dair ayə var. Elm də bunu sübut edir. Bu, sizin üçün maraqlı deyil? Buradan çıxış etsək, deyə bilərikmi ki, Quran ilahidən gələn kitabdır? Çox xahiş edirəm, səmimi cavab verin.
- Quranda astronomik faktlar çoxdur. Orada göyün yeddi qatı anlayışı var. Əlbəttə ki, onlar məcazi mənadadır. Quranda kainatın, atomun, Yerin quruluşu haqqında məsələlər var. Lakin bütün bunlara o vaxt diqqət yetirilir ki, onlar artıq elmdə sübut olunublar. Quranı bir dəfə oxumaqla onu başa düşmək çətindir. Çünki Quran çox sıxılmış biliklər külliyyatından ibarətdir. Onun elm adamlarının – fiziklər və astronomların xüsusi tədqiqatına ehtiyac var. Məncə, çox maraqlı olardı, müasir biliklər fonunda Qurandakı faktlar necə görünür, nə təsdiqini artıq tapıb və yeni nə irəli sürülür. Bütün bunlara baxmayaraq, mənə elə gəlir ki, Quran özünəqədərki sivilizasiyalarda əldə edilmiş bilgilərin sıxılmış toplusudur.
- Yəni, açıq desək, ilahidən gəldiyi fikrini qəbul etmirsiniz.
- Mən Quranın ilahidən gəldiyinə inana bilmirəm, çünki mən bunu necə baş verdiyini təsəvvür edə bilmirəm.
- Bəs yaradıcı qüvvə öz varlığını insana necə çatdırır?
- Məsələn, adi həyatımızda hər cür hadisələrin şahidi oluruq. Bir də görürük ki, ədalətsiz hərəkət edən bir insanın özü olmasa da, yaxınları bunun cavabını alırlar. Belə şeylər deməyə imkan verir ki, idarə edən bir qüvvə mövcuddur. Təəssüf ki, buna sübut yoxdur və bu həmişə belə olmur. Yəni qanunauyğunluq yoxdur, varsa da hələ biz onu tapa bilməmişik. Yaradıcı qüvvənin mövcudluğuna inam hissi insanı axtarışa sövq edir, o bu qüvvənin təzahürlərini başa düşməyə çalışır. Bu, elmdə belədir. Ancaq onu doqma kimi qəbul edənlər daha çoxdur – bu isə müxtəlif dinlərin meydana gəlməsinə səbəb olub. Əsas çətinlik ondan ibarətdir ki, hər bir elmi kəşfin dalınca onlarla naməlum sual ortaya çıxır. Bu sualların miqyası o qədər böyükdür ki, insan bu boyda kainatın öz-özünə yaranmadığını düşünür və qəbul edir. Mən də həmçinin.