“Azərbaycan 5 rayonun azad edilməsinə razılıq verib” Müsahibə

“Azərbaycan 5 rayonun azad edilməsinə razılıq verib”

Tofiq Zülfüqarov: "Azərbaycan-İran-Rusiya formatı genişlənə bilər"

Sabiq xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarovun Teleqraf.com saytına müsahibəsini oxucularımıza təqdim edirik:

- Tofiq müəllim, son günlər regionda maraqlı diplomatik təmaslar baş verdi. Azərbaycan, İran və Rusiya prezidentləri Bakıda müzakirə apardılar, bunun ardınca Ərdoğan Sankt-Peterburqa səfər etdi. Daha sonra Putin Sərkisyanı Moskvada qəbul etdi. Bütün bu prosesləri Qarabağ konteksində necə şərh etmək olar?
- Təbii ki, bundan əvvəl Azərbaycanda dəfələrlə fikirlər səslənib və mən də bu fikirləri bölüşürəm ki, sanki Sankt-Peterburq və Vyana görüşündən sonra Ermənistana bir müddət vaxt verilib. Yəni ki, erməni rəhbərliyi Qarabağ məsələsində mövqeyini dəyişdirmək üçün yeni ictimai rəy hazırlasın. Fikrimcə, bu proses gedir. Təmaslar da bunu əks etdirir. Çünki hamı bu prosesi izləyir və hansısa nəticələr gözləyir. Hamı üçün bəllidir ki, Azərbaycan bu addımlara hazırdır. Təbii ki, bu addımlar prosesin əvvəli ola bilər. Söhbət 5 rayonun azad edilməsindən gedir. Bundan sonra proses davamlı olacaq. Azərbaycan tərəfi buna razılıq verib. İndi hamı gözləyir ki, Ermənistan normal hala gəlsin və bu addımlar atılsın. Bir sözlə, prosesə təkan verilib, indi Ermənistanın addımları gözlənilir.
- Prezident Ərdoğan bəyan etdi ki, Azərbaycan, Rusiya və Türkiyə formatı yarana bilər. Sizin bu formatla bağlı yanaşmanız necədir?
- İlk öncə qeyd etməliyik ki, regional əməkdaşlığın belə perspektivləri var. Müxtəlif formatlar ola bilər-üçlük, dördlük şəklində və s. Təbii ki, regional əməkdaşlıq perspektivli görünür və Türkiyə-Rusiya arasında yaşanan konfrontasiyadan sonra indi əməkdaşlıq istiqamətində addımlar optimizm üçün əsas yaradır. Bu formatın hansı şəkildə qurulacağını gələcək göstərəcək. Bura İran da qoşula bilər. Hətta bəzən Ermənistan haqqında da fikirlər səslənir ki, Qarabağ münaqişəsinə dair sülh prosesi olarsa, həm bağlanan Türkiyə-Ermənistan sərhədi açıla, həm də Ermənistan regional əməkdaşlığa qayıda bilər. Hesab edirəm ki, regional əməkdaşlıq vacibdir. Bəzən bunu anti-Qərb formatı kimi göstərmək istəyənlər ortaya çıxır. Sanki bu əməkdaşlıq kiməsə qarşıdır. Regional əməkdaşlıq o zaman nəticəli ola bilər ki, bu proses kiməsə qarşı deyil, regional çərçivəsdə iqtisadi, sosial, siyasi və digər istiqamətlərdə olan əməkdaşlığı gücləndirsin. Bu, daha da sağlam əməkdaşlığın inkişafına töhfə verərdi.
- Prezident Putinin prezident Sərkisyanla müzakirələr aparması, Rusiya rəhbərinin münaqişənin həllini vacib saysa da, burada məğlub və qalib tərəfin olmaması haqda fikirlərini necə şərh etmək olar?
- Bilirsinizmi, bu sülh prosesində məğlub və qalib tərəf olmayacaq. Çünki bu, kompromislə həll edilməlidir. İndiki vəziyyətdə olan kompromis çox zəruridir və onun sadə forması ondan ibarətdir ki, Qarabağ üçün hərbi və siyasi təhlükəsizlik 5 və ya daha çox rayonun azad edilməsi hesabına ola bilər. Diqqətinizə çatdırım ki, təhlükəsizlik iki hissədən ibarət ola bilər: beynəlxalq-siyasi və hərbi təhlükəsizlik. Erməni tərəfi hər zaman hərbi təhlükəsizliyə üstünlük verirdi. Məhz bu səbəbdən də, "bufer zona", "hərbi balans" və digər ifadələri tez-tez işlədirdi. Aprel hadisəsindən sonra bu yanaşma artıq aktual deyil. Çünki hamı üçün bəlli oldu ki, regionda uzun illər mövcud olan hərbi balans Azərbaycanın xeyrinə dəyişib. İndi isə hərbi təhlükəsizliyi siyasi təhlükəsizlik əvəzləyə bilər. O cümlədən bunun daxilində beynəlxalq təhlükəsizlik elementləri ola bilər.
- Beynəlxalq təhlükəsizlik elementləri və ya qarantiyası deyəndə nə nəzərdə tutulur?
- Məsələn, həmsədrlərin atəşkəsin və ya sazişin icrasının sülh şəklində davam etdirilməsi haqda qarantiyası ola bilər. Və ya həmsədrlərin siyasi bəyanatı ola bilər. Eləcə də həmsədrlərin BMT-də qətnamə qəbulu üçün təşəbbüsü mümkündür. Əslində, belə fikirlər əvvəllər də səslənirdi, lakin erməni tərəfi buna fikir vermədən daha çox təhlükəsizliyin siyasi deyil, hərbi tərəfini qabardırdı. İndi isə müzakirə edilən məsələlər, bəlkə də, bundan ibarətdir ki, hansı siyasi qarantiyalar sülh prosesinə verilə bilər. İstisna etmirəm ki, BMT-də qətnamə təşəbbüsü həmsədr ölkələr tərəfindən irəli sürülə bilər. Lakin bütün bunlar paket şəklində olmalıdır. Yəni burada elementlərin hamısı bir-birilə bağlı olmalıdır. Tutaq ki, 5 və ya daha çox rayonu azad etmək razılığı verirsənsə, bunun əvəzinə təhlükəsizlik haqda qətnamə və ya sərhədin açılması razılığını ala bilərsən. Yəni elementləri bir-birilə əlaqəlidir. Mənim konkret informasiyam olmasa da, təxminən müzakirələr bu istiqamətdə gedir. Əslində, bu elementlər əvvəlcədən bəlli olub, danışıqlar masası üzərində olub. Müzakirələr bu şəkildə gedir. Bu mənada bu münaqişənin həllində qalib və məğlub tərəf olmayacaq fikrində həqiqət var. Əlbəttə, konfliktin tərəfi olan Azərbaycan və Ermənistan özünün maraqlarını əks etdirən elementləri sülh sazişində görə bilər. Burada qalib və məğlub tərəf olmayacaq.
- Regionda Azərbaycan-İran-Rusiya formatından ibarət konfiqurasiya çərçivəsində əməkdaşlıq başlanır. Sizcə, bunun perspektivi nə dərəcədə ciddidir?
- Bu konfiqurasiya genişlənə bilər. Başqa sözlə, bu konfiqurasiyaya bu və ya digər şəkildə Türkiyə də daxil ola bilər. Son zamanlar Türkiyə ilə İran rəhbərliyi arasında təmasları güclənib. Hesab edirəm ki, bu konfiqurasiyanın genişləndirilməsi Yaxın Şərqdə gedən proseslərə də müsbət təsir göstərə bilər. İndi heç kəsə sirr deyil ki, Suriya və İraqda baş verən qarşıdurmalar bu və ya digər formada sünnilərlə şiələr arasında olan qarşıdurmadır. Bu mənada Ankara-Tehran yaxınlaşması regiona sabitliyə təkan verə bilər.