Güclü ailəçilik – xalqın və dövlətçiliyin təsdiqidir Müsahibə

Güclü ailəçilik – xalqın və dövlətçiliyin təsdiqidir

Azərbaycan ailəsinin çağdaş biçimi onun minillərdən bəri gələn milli dəyərlər əsasında yaşadığını sübut edir. Çağımızda da ulusun varolumunun qaçılmaz, ən gərəkli parçası olan ailənin insani-ulusal-bəşəri özüldə oturuşması davam edir. Bizcə, bu gediş əbədidir, daimi inkişaflıdır.
Nədən hər birimiz üçün üçün ailə bunca dəyərlidir? Nədən çağdaş dünyanın əsas hədəflərindən biri ailədir? Çünki insanın həyat, dünya, özü haqqındakı bütün gözəl düşüncələri ailə quruculuğunda gerçəkliyini tapır. Güclü ailəçilik - millətin və dövlətçiliyin təsdiqi, əbədi yaşarılığıdır. Ailə hər şeydən əvvəl millətin özünütəsdiqinin başlanğıcı hesab edilə bilər. Azərbaycanda ailəçiliyin qədim ənənələri mövcuddur. Tarixən ölkəmizdə ailə ənənələri hədsiz möhkəm, davamlı olub. Zamanlar dəyişib, ancaq həmin ənənələr bu gün də demək olar, dəyişməz olaraq qalır. Azərbaycanda ailəçiliyin qədim ənənələriolub, ancaq kənar təsirlərə də az məruz qalmayıb. Yaxın tariximizdə - Sovet imperiyasının basqısı altında olduğumuz 70 ildə biz bunu bütünlüklə gördük.
Tarixən türk ailəçiliyinin özünəməxsusluğuna çox zərbə dəyib. Sovet dövründə kolxozlaşma, sovxozlaşma, həmçinin sənayeləşmə prosesində Azərbaycan ailəsi yenə də əzəli ahəngindən ayrı düşdü: demək olar, işə tələsən ana balasını tələsik öpdü, ata bütün ömrünü işə sərf etdi. Bütün çətinliklərə baxmayaraq Azərbaycan ailəsi SSRİ (Sovetlər) dönəmində rastlaşdığı çətinliklər qarşılığında varlığını qoruyub saxlayıb, zamanın bütün təhlükəli gedişlərindən üzüağ çıxıb. Sovet dönəmində Azərbaycan etnoqrafiya elminin qarşılaşdığı çətinlikləri təhlil edən dr. B.Əliyev yazır ki, "Sovet ailəsi" termini, cəmiyyətdəki ailə-nikah münasibətlərini bu qəlibə uyğunlaşdırmaq cəhdləri tədqiqat mövzularının seçilməsinə, tədqiqatların ruhuna mənfi təsir göstərib. Ancaq Azərbaycan ailəsinin tarixi formaları, nikah növləri, toy, dəfn adətləri, ailədaxili münasibətlərin sistemi yaradılıb.
Azərbaycanda 1935-2009-cu illərdə qeydə alınmış nikah və nikah pozulmasının əhalinin hər 1000 nəfərinə nisbətdə əmsalı 1955-1963-cü, 1983-1986-cı, 1989-1991-ci illərdə daha yüksək (10,2-13,6 faiz) olub, 1992-2002-ci illərdə nisbətən sabit qalıb, 2003-cü ildən etibarən artmağa başlayıb və 2009-cu ildə 8,8 faiz təşkil edib. Nikahların pozulmasının ən yüksək həddi 1935-ci ildə (4,9 faiz), ən aşağı həddi 1945-ci ildə (0,1 faiz) qeydə alınıb, bundan sonra artmağa başlayıb, 1969-1988-ci illərdə sabit qalıb, 1989-1992-ci illərdə nisbətən artıb (2 faiz) və 1993-cü ildən isə azalaraq sabit qalıb (0,9 faiz). Ölkənin qeydiyyat orqanları tərəfindən 2008-ci ildə qeydə alınmış nikahın pozulması hallarının bağlanmış nikahların 9,89 faizini, 2009-cu ildə isə 9,98 faizini təşkil etdiyini (artım - 0,1 faiz) görmək mümkündür.
Azərbaycan müstəqilliyinin ilk illərində ərazi bütövlüyünü qorumaq üçün ölüm-dirim savaşına girdi. Bütün çabalara baxmayaraq Ermənistan beynəlxalq güclərin himayəsi ilə Azərbaycan torpaqlarının 25 faizini işğal etdi. Bu gedişdə ən böyük zərbə Azərbaycan ailəsinə dəydi: minlərlə ailə ev-eşiyindən, doğma yurdlarından didərgin düşdü, ata-analar, uşaqlar amansız qətliamlara məruz qaldılar. Şübhəsiz, Qarabağ savaşındakı itkilərimiz Azərbaycan ailəçiliyinin inkişafına olduqca mənfi təsirini göstərdi. Ancaq çətin olsa da, ailəçiliyimiz sarsılmadı, özünü toparladı, ayaqda durmağı bacardı.

Azərbaycan ailəsində kişinin və qadının yeri

Kişi Azərbaycan ailəsində həmişə başda olub. Bu, türk xarakterindən irəli gələn xüsusiyyətdir. Eləcə də həmişə türk ailəçiliyində qadına ilahi, uca sayğı olub. "Dədə Qorqud dastanları"nda qadın kişinin "başının baxtı, evinin taxtı" sayılıb. Qadınla təbiətdəki çiçəyin bir-birini tamamlayan oxşarlıqları var. Qadınlar özlərinin ilahi imkanlarını gözəl duyurlar. Bununla belə, kişilərin onlar haqqında yüzillər boyu formalaşmış düşüncələri ilahiliklə yanaşı, həm də təzadlı xarakter daşıyıb. Əslində toplumda, ümumən tarix boyunca qadınlarla bağlı yaranan təzadlı fikirlərin səbəbkarı çox hallarda kişilər olub. Qadın həmişə kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi kimi, kişi də qadın zərifliyinə gərək duyub, onu idealizə edib. Çağdaş kürəsəlçilik (qlobalçılıq) ailəyə qarşı təsirini hər yolla artırır. Əgər ailə kimi əvəzsiz bir quruma zərbə dəyirsə, bununla dövlət də sarsılır. İri dövlətlərin bu anlamda kürəsəlləşmə (qloballaşma) məsələsində hesaba aldıqları hədəflərin mahiyyətini anlamaq çətin deyil.
Bədiiyyatda, sənətdə daha çox öyülən qadın gerçəklikdə döyülüb-söyülüb. Qadına yanaşma niyə bu dərəcədə qarışıqdır? Çünki insaniliyə münasibət qarışıqdır. Toplum kişilərin şəxsində qadına daha çox vasitə kimi baxıb. Qadında ilahilik görülmür, bu duyğular dilə gətirilsə də, ömürləşdirilmir. Qadın zəriflik rəmzidir. Toplum isə bu zərifliyi daim əzməyə, tapdalamağa çalışır. Qadın ilk olaraq anadır, bu səbəbdən də o, heç bir ölçüyə sığmır. Onun ən böyük təsdiqi ailəsi, ailəçiliyidir. İndi bütün dünyada yaşam harmoniyası durmadan pozulur. Bu üzdən də toplumda və ailədə qadın-kişi ilişkiləri az qala kutsallığını itirib, bayağılaşıb. İctimai münasibətləri yaradan, ona məna verən isə yetkin insandır. Qadın-kişi ilişkilərinin insani (ruhsal) səviyyəsi əslində sosial (ictimai) münasibətlərin mənasıdır. Toplum qadın-kişi münasibətlərində onların öz əliylə dərin uçurum yaradır. Çünki insaniliyə əsaslanmayan hər sayaq ilişkilər insansızlıq doğurur. Bəşəriliyin mayası isə insanilikdir. İnsanilik – fərdlərin insani yaşamında təsdiq olunur.
Son 25 il ərzində azərbaycanlıların ailə həyatında müəyyən problemlər müşahidə edilməkdədir. Dünyanın bir tərəfində baş verən hadisə az sonra o biri tərəfində insanlarda reaksiya doğurur. Bunun zərbəsi isə ilk növbədə ailələrə, həmin ailələrdə böyüyən uşaqlara dəyir. Sözügedən məsələ gənc ailələrin ömründə daha ağrılı izlər yaradır. Zamanın bütün dəyişkənliyinə, ziqzaqlarına davam gətirmək, ailəni qorumaq, milliliyin tələblərinə daim əməl etmək son dərəcə çətin məsələdir. Dünyadakı gündəlik, müxtəlif yönlü informasiyalar ailələrdə stresslərə səbəb olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, prof. H.Hüseynovanın fikrincə, Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Məhz buna görə də Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur. Milli-mənəvi dəyərlər məhz ailədə qorunub saxlanaraq nəsildən-nəslə ötürülüb. Müxtəlif mərhələlərdə ailə institutu tarixi dəyişikliyə məruz qalsa da, bu sahədə mövcud olan fundamental dəyərlər dəyişməz qalıb və müasir dövrə qədər gəlib çatıb. Buna görə də Avropaya inteqrasiya etsək də, klassik ailə modeli deformasiyaya məruz qalmır.
Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, prof. A.Naxçıvanlı isə hesab edir ki, müasir ailə problemləri müxtəlif şaxəliliyi ilə səciyyələnir: "Azərbaycanda mövcud ailə qanunvericiliyinin təkmilləşdirilməsi "ailə-cəmiyyət-dövlət" sistemində münasibətlərin tənzimlənməsinə yönəldilib". Prof. F.Məmmədov isə düşünür ki, ailə beynəlxalq münasibətlərin qeyri-rəsmi subyekti də ola, bununla millətin və yaşadığı dövlətin imicinə təsir göstərə bilər. Gənc ər-arvad nə qədər güclü olmalıdırlar ki, belə hallar onlara qətiyyən təsir edə bilməsin. Cəmiyyətdəki sosial-iqtisadi müxtəliflik o cəmiyyətin özəyi olan ailələrdə problemlər yaradır. Gənc ailələrin bir qrupu var ki, onların valideyn sarıdan təminatı yüksəkdir, eləsi də var, təminat orta həddədir. Bir qrup ailələrin cəmiyyətdə xüsusi qabiliyyəti və xüsusi mövqeyi olmadığından daha çox maddi problemlərlə qarşılaşırlar. Cəmiyyətdə bu gün belə ailələr üstünlük təşkil edir. Yüksək təminatlı ailələrin də problemləri var: belələrinin problemləri iqtisadi məsələlər deyil. Yeni yaranan ailələrin anlaşa bilməməsi, xarakterlərində bir çox hallarda uyğunluğun olmaması bu qəbildəndir. Amma elə imkanlı ailələr də var, bu cür psixoloji problemlər müşahidə olunmur.
Sırf fizioloji faktorların Azərbaycanın bugünkü gənc ailələrinin ömründə yaratdığı problemlər haqqında da danışmaq gərəkdir. Bunun kökü isə ondan irəli gəlir ki, valideynlər övladlarındakı fizioloji çatışmazlıqları daha çox gizlətməyə meyl edirlər. Uşaq beləcə böyüyür. Belə məsələlərin üstü evlilikdən sonra təbii ki, açılır, gənc ailələrin dağılmasına səbəb olur. Azərbaycanda bu gün qan qohumları arasında nigahlar geniş yayılıb. Ölkədə geniş yayılmış qan xəstəliklərindən biri də talassemiyadır. Gen daşıyıcılarının belə çox olması onların bir-birilə evlənməsi ehtimalını artırır, xəstəliyin yayılmasına səbəb olur. Nəticə budur ki, ailələrdə xəstə uşaq doğulması ehtimalı artır. Problemin qarşısını ancaq maarifləndirmə yolu ilə almaq olar.
Bu gün gənc ailələrdə çoxuşaqlılıq dəb deyil. İndi gənc evlənənlər 1, uzaqbaşı 2 uşaqla kifayətlənirlər. Hətta bəzi təzə evlənənlər fikirləşirlər ki, maddi şəraitləri düzələndən sonra uşaq barədə qənaətə gəlmək olar. Ginekoloq A.Məhərrəmova hesab edir ki, dalbadal davam edən doğuşlar qadınlarda müxtəlif mənfi dəyişikliklər əmələ gətirir, vitamin çatışmazlığı, qanazlığı yaranır: "Mən şəxsən 1-2 uşağın əleyhinəm. 3-4, 5-6 sağlam uşağı dünyaya gətirib tərbiyə etməyin ölkəmiz üçün də mühüm əhəmiyyəti var. Hazırda plansız şəkildə nəsil artırmağa gərək yoxdur". Prof. N.İsmayılovun fikrincə, gənc ailələrin təməlinin möhkəm olması valideynlərdən çox asılıdır: "Hər bir evlənmək istəyən gənc kişi ailə quracağı halda böyük məsuliyyət daşıyacağını yaxşı dərk etməlidir".
Təəssüf ki, bu gün Azərbaycanda evlənənlərə hədsiz sehiz verilməsi istəyi və gerçəkliyi cehiz verilməsi problemi valideynlərin öz boğazlarına keçirdikləri "ilgək"dir. Dəbdəbəli toylar edilir, ailələr borca girməli olur, nəticədə bu yükün böyük bir ağırlığı istər-istəməz gənc evlənənlərin çiyninə düşür, ilk növbədə onlar bunu anladıqca stressə qapılırlar. Bu, qanadları hədsiz kövrək olan gənc ailələrin problemlərini daha da artırır, ailədə qovğaların, qalmaqalların, dedi-qoduların yaranmasının əsasını qoyur. 2015-ci il ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,3 təşkil edib.

Evlənənlərin məcburi müayinəsi

Artıq bir ildən çoxdur ki, Azərbaycanda ailə qurmaq istəyənlər məcburi şəkildə tibbi müayinədən keçirlər. Gedişat göstərir ki, bu proses indidən sonra təməli qurulacaq ailələrin sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayacaq, beləliklə, təhlükəli xəstəliklərin ailə biçimində yayılmasının qarşısı demək olar, alınmış olacaq. Bundan sonra hər bir dövlətin ayaqda qalması, yaşaması ilk növbədə ailəçiliyin güclü təmələ malik olmasından asılıdır. Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümündə bütün çətinliklərə baxmayaraq varlığının qorunmasında ulusun ailəçilik ruhunun özünəməxsus, güclü olması əsas amillərdən biridir. Bu ruhu qorumağın, yüksəltməyin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərk ediləcəyinə inamlıyıq.

Elçin Qaliboğlu

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"