Ürək xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar Müsahibə

Ürək xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar

Son 5 ildə Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra etmişəm.
Bunu Trend-ə müsahibəsində İnvaziv kardioloq Emin Hacıbalayev deyib.
- Emin müəllim, istərdik ki, invaziv kardiologiya barədə məlumat verəsiniz?
- İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur. İnvaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir. Bu əməliyyat sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub-olmadığı müəyyən olununur. Koronar angioqrafiya sonrasında dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər.
- Hansı hallarda xəstələrə açıq ürək əməliyyatı deyil, invaziv kardiologiya metodlarını təklif edirsiniz?
- Açıq ürək əməliyyatı diaqnozu angioqrafiyadan sonra verilə bilər. Birinci olaraq biz angioqrafiyanı edirik, damarlardakı vəziyyəti görürük. Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və müəyyən analizləri verməlidir. İnsanın əsas 3 damarında daralma sayı, daralma faizi çoxdursa, bu halda açıq ürək əməliyyatı üçün tövsiyə veririk. Bu hal adətən şəkər xəstələrində baş verir. Əgər daralma sayı azdırsa, biz ilk növbədə stent məsləhət görürük. O cümlədən, kəskin infartkla gələn xəstələrdə stent daha məsləhətlidir.
- Son vaxtlar ürəyində narahatlıq olanlara stent qoyulması halları artıb. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, düz vurğulayırsınız. Son illər stent qoyulmasında artım müşahidə olunur. Bunun səbəbi həm diaqnostika sahəsində olan irəliləyişlə, həm də insanların öz sağlamlığına fikir verməsi ilə bağlıdır. Yəni vətəndaşlar vaxtı-vaxtında həkim yanına gələrək öz sağlamlıqlarını qoruyurlar. Lakin stent qoyulmasının şərtləri və göstərişləri var. Stentin qoyulmasına səbəb damarlarda 70 faizdən çox olan daralmalardır. Əgər xəstədə belə hal varsa, biz ona stentin qoyulmasını tövsiyə edirik. Bu da öz növbəsində kəskin infarktın qarşısını almağa kömək edir.
- Stentin qoyulmasında yaş fərqi varmı?
- Xeyr, burada yaş fərqi rol oynamır. Bizim 28 yaşdan 86 yaşa kimi xəstələrimiz var ki, onlara stent qoyulub. Burada əsasən irsiyyət və genetik faktorlar rol oynayır.
- İnvaziv prosedurlarla müalicə zamanı risklər nə dərəcədədir?
- İnvaziv prosedurlarda digər prosedurlardakı kimi risklər var. Risklərin ümumi faizi 1/1000-dən az təşkil edir. Bunların içərisində insult, qanaxma, damarların cırılması, hətta ölüm riskləri var. Həmçinin, alergik reaksiyaları da bura daxil etmək olar.
- Hər bir xəstə bu müdaxilə yolu ilə sağala bilərmi?
- İnvaziv prosedurların birinci məqsədi diaqnozu düzgün qoymaq, digəri isə xəstəni sağaltmaqdır. Bu prosedurları etməkdə məqsəd xəstənin ömrünü uzatmaq, onun yaşam səviyyəsini yüksəltməkdir.
- Xəstə invaziv prosedurlardan sonra özünü necə qorumalıdır?
- İnvaziv prosedurlardan sonra xəstə əgər anju olunubsa və damarlarda ciddi darlıq yoxdursa, biz tərəfdən müalicə yazılır ki, darlıq artmasın. Kəskin infartktın qarşısını almaq üçün müəyyən qan duruldacaq dərmanlar məsləhət görürük. Bir məqamı da xüsusi vurğulamalıyam ki, ürək xəstələri xroniki xəstələr sayıldığı üçün mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar. Həkimin tövsiyəsinə uyğun olaraq onlar il boyu müəyyən prosedurlardan keçməlidirlər.
- Əgər xəstəyə stent qoyulubsa, bu halda o nə etməldir?
- Əgər xəstəyə stent qoyulubsa, onda o, daha ciddi müalicə alır. Qan duruldan terapiya, ürək çatışmazlığı terapiyası, həmçinin əgər xəstənin təzyiqi varsa, ona uyğun müalicə yazılmalıdır.
- Ürək xəstələri gündəlik qidalara necə riayət etməlidir?
- Ümumiyyətlə, xəstədə stentin qoyulub- qoyulmamasından asılı olmayaraq, mütləq gündəlik qida rejiminə əməl edilməldir. Çünki son vaxtlar ürək xəstələrinin artmasının bir səbəbi də düzgün qidalanmanın olmaması ilə bağlıdır. Ürək xəstələri öz qidalarına daha ciddi fikir verməlidirlər.
- İsti yay aylarında ürəyində müəyyən narahatlıq olanlara nə kimi tövsiyə verərdiniz?
- Əgər xəstə onun ürəyində müəyyən problemlərin olduğunu bilirsə, o, hər zaman öz üzərində həkimin təyin etdiyi dərmanları gəzdirməlidir. Yəni dərman qəbulu davamlı şəkildə olmalıdır. Xəstə özünü bir müddət yaxşı hiss edirsə, bu o demek deyil ki, dərmanların qəbulunu kəsməlidir. Bir çox xəstələr belə hallarda dərman qəbulundan imtina edirlər. Bu, düzgün hal deyil. Yay aylarında tərləmələr tez-tez baş verir. Bədəndə su itkisi olur. Bununla da qan daha tez laxtalanmağa başlayır. Hətta heç bir problemi olamayan insanlarda müəyyən problemlər meydana çıxır. Bunun üçün isti vaxtlarda insan gərək günün altında maksimum dərəcədə az olsun. Daha çox maye qəbul etməlidir. Ümumiyyətlə isə insan səhhətində hansısa problem olarsa, vaxtı-vaxtında həkimə müraciət etməlidir.
- Geniş müsahibə üçün təşəkkür edirik.
- Sağ olun.
Qeyd edək ki, kardioloq Emin Hacıbalayev 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakültəsində təhsil alıb. Daha sonra 2009-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalının Kardiologiya şöbəsində həkim-intern kimi öz peşəsinə yiyələnib. 2010–2013-cü illərdə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən N.A.Bakulyov adına Ürək-damar cərrahiyyəsi üzrə Milli Tibbi Tədqiqat Mərkəzində Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışıb və invaziv kardiologiya sahəsində sertifikatla təltif olunub. 2012-ci ildə isə elə orada Kardio-cərrahi müdaxilələrdən sonra “Təcili kompleks USM diaqnostikası” kursunu müvəffəqiyyətlə bitirib.
2014-cü ildən etibarən Emin Hacıbalayev Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi çalışır. Bu zaman ərzində o, Mərkəzi Gömrük Hospitalında yaradılmış yüksək təchizati şəraitdən yararlanaraq ürəyin koronar damarların angioqrafiyası, balon angioqrafiya, by-pass kontrol (şuntoqrafiya, balon angioplastika və stentləmə), periferik damarların angioqrafiyası (renal, aşağı və yuxarı ətrafların angioqrafiyası və müvəqqəti pacemakerin qoyulması) kimi mürəkkəb invaziv müdaxilələr həyata keçirib.
Kardioloq Emin Hacıbalayev fəaliyyət göstərdiyi Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra edib.