“Ermənistan bir maşa kimi istifadə olunur” Müsahibə

“Ermənistan bir maşa kimi istifadə olunur”

Yılmaz Tankut: "İşğal prosesinə Qərb ölkələri də dəstək verdirlər"

Milliyətçi Hərəkat Partiyası İdarə Heyətinin üzvü, sabiq deputat, Türkiyənin tanınmış siyasətçilərindən olan Yılmaz Tankutun BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Yılmaz bəy, Qarabağ məsələsi ilə bağlı fikirlərinizi eşitmək maraqlı olardı. Siz eyni zamanda türk tarixini yaxından izləyən şəxslərdənsiniz...

- Qarabağ türk torpağıdır və tarixi faktlar bu ərazilərin Azərbaycana məxsus olduğunu isbatlayır. Ermənilər yalan tarixlə heç kimi inandıra bilməzlər. Fakt odur ki, 1800-cü illərdən başlayaraq bu torpaqların çar Rusiyası tərəfindən işğalı prosesi başlanılıb. Bu gün eyni siyasət davam etməkdədir. Hazırda bu torpaqlar Ermənistanın işğalı altındadır. Bu gün Dağlıq Qarabağ Azərbaycanın imtina etmədiyi bir muxtar hissəsidir. Bu bölgə tarixən Azərbaycana aid olub. Bunun əksini iddia etmək tarixi inkar etmək deməkdir. Ermənistan bunu qəbul etməlidir ki, bu torpaqlar Azərbaycana məxsusdur.

- Ermənilərin türk millətinə qarşı vəhşiliklərini unutmaq mümkün deyil. Sizcə, Ermənistan bu ləkədən qurtula biləcəkmi?

- Tarixə nəzərə salanda görürük ki, ermənilər yüz ildən çoxdur eyni soyqırım siyasətini davam etdirməkdədirlər. Xocalıda həyata keçirilən soyqırım unudulmayıb və unudulması da mümkün deyil. Bu bəşəriyyətin gözü qarşısında baş verib. Burada insanlarımız kütləvi şəkildə öldürülməklə yanaşı, bir insanlıq da öldürülüb. Rəsmi açıqlamara görə, ermənilərin qadın, uşaq, gənc, yaşlı demədən 613 türkü vəhşicəsinə qətlə yetirmələri insanlıq tarixininə qara bir ləkə kimi düşüb. Ermənistan bu cinayət və ləkədən qurtulmayacaq. Hətta,onlar irəli gedib Türkiyənin ərazilərini istəyirlər və Ağrı dağına iddia irəli sürürlər. Həyasızlıq o səviyyədədir ki, Serj Serkisyan bunu gənclərə tövsiyyə edir. Bu bir daha ermənilərin iç üzünü və mahiyyətini əks etdirir.

- Sizə elə gəlmirmi ki, Qarabağ məsələsi süni problem olaraq ortaya atılıb ki, Azərbaycan və türk dünyasının başı qarışsın?

- Tamamilə düz fikirdir. Əslində, Qarabağ deyə bir problemimiz yoxdur. Süni olaraq bu problemi meydana gətiriblər. Ermənistan bu məsələdə bir maşa kimi istifadə olunur. Sovetlər birliyi dönəmində muxtar bir qurum olaraq Azərbaycanın nəzarəti altında olan Qarabağın 80-ci illərin sonlarından başlayaq Azərbaycandan ayrılması siyasətinə start verildi. Sovetlər Birliyinin dağılması ərəfəsində bununla Amerikanın bölgəyə yaxınlaşmasının qarşısını almağa hesablanmış bir siyasi kurs tutuldu.
Eyni zamanda, Rusiya öz müstəqillik və kimliklərini qazanmağa başlayan türk dövlətlərinə bir sıra problemlər yaradaraq NATO ölkəsi olan Türkiyəni də Orta Asiyadan uzaq tutmaq istədi. Zəngin enerji ehtiyatlarına malik olan Azərbaycanın təcrid olunması və türk dünyası ilə bağlarının zəiflədilməsi siyasəti ortaya qoyuldu. Rusiya burada dövriyyəyə girərək, Ermənistandan istifadə edərək Qarabağın işğalını gerçəkləşdirdi. Bu işğalda rusların 366-cı alayı önəmli hərbi rol oynadı. Maraqlı olan odur ki, işğal prosesinə xristian Qərb ölkələri seyrçi mövqeyində qalmaqla dəstək verirdilər. Dolayı yolla Xocalıda gerçəkləşdirilən soyqırımın arxasında Rusiyanın xaricində xristian ölkələrinin olduğunu qəbul etməliyik.
Nəticə etibarilə Qarabağın işğalına son verilməlidir. Bu torpaqların yerli insanları Qarabağa qaytarılmalıdırlar. Ermənistan həyata keçirdiyi soyqırıma görə maddi və mənəvi təzminatı ödəməlidir.
Dağlıq Qarabağın muxtariyyət məsələinə baxılacaqsa, formalaşacaq parlament 1992-ci il nüfuzuna görə deyil, Rusiyanın sistemli şəkildə həyata keçirdiyi erməni köçlərindən öncəyə, yəni 1800-cü illərdəki nüfuzu əsas götürülərək demokratik idarəetmə qurulmalıdır.

- Beynəlxalq arenada bu məsələni gündəmə gətirmək üçün nə etmək lazımdır?

- Sistemli olaraq bu işğalın haqsızlığını, Xocalı və Anadoluda həyata keçirilən qətliam və soyqırımların hesabı sorulmalıdır. Qarabağın Azərbaycana aid olduğunu hər an müdafiə etməliyik. Bunun üçün də türk dünyasının birlik və bütünlük içində hərəkət etməsi lazımdır. Türk kimlik şüurunun, dolayısıyla türk millətinin düşüncəsinin inkişafı, türkçənin bütün türk dövlətlərində gücləndirilməsi və birinci dil olaraq istifadə olunması, türk dövlətləri arasında siyasi-iqtisadi və ictimai-hərbi, texnoloji əlaqələrin və iş birliyinin artırılması gücləndirilməlidir. Sadaladığım məsələlər strateji fəaliyyətimizin əsas hədəfi olmalıdır.

Elnur Eltürk