Vətəndaş uğursuz cərrahi əməliyyatdan narazıdırsa nə etməlidir? Müsahibə

Vətəndaş uğursuz cərrahi əməliyyatdan narazıdırsa nə etməlidir?

Trend-in məlumatına görə, Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı, professor Elçin Ağayev ölkəmizin cərrahiyyə sahəsindəki vəziyyətlə bağlı sualları cavablandırıb

Həmin müsahibəni təqdim edirik:

- Ölkəmizin cərrahiyyə sahəsindəki vəziyyəti necə dəyərləndirilir?

- Ümumi cərrahiyyə sahəsindəki əsas uğurlarımız endoskopik, xüsusəndə laparoskopik və torakoskopik əməliyyatlarının icrasını qeyd edə bilərik. Orqan nəqli, xüsusəndə qaraciyər və böyrəklərin transplantasiya sahəsində böyük uğurlara imza atmışıq. Bir daha qeyd etmək istəyirəm ki, cərrahlığın müxtəlif sahəsində əldə etdiyimiz uğurların əsas səbəblərindən biri də son 30 ildə qardaş Türkiyədə təhsil alan və uzmanlıq dərəcəsinə yiyələnən kadrlarımızdır, onların bu uğurlarda böyük payı var.

- Cərrahiyyə sahəsində hazırda əsas problemi nədə görürsünüz?

- Qeyd olunan sahələrdə əldə olunan uğurlar xaricə xəstə axınının ciddi şəkildə azalmasına səbəb olub. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, böyük uğurlarımızın olmasına baxmayaraq, səhiyyəmizin bəzi sahələrində, xüsusəndə özəl sektorunda bir sıra qüsurlar mövcuddur. Belə ki, bəzi özəl cərrahi klinikaların fəaliyyətində olan nöqsanların əsas səbəbləri kimi aşağıdakıları göstərmək istərdim. Bəzən bu klinikaların həkimlərinin mövcud olan “müstəqillik” xəstələrinin səhhətində yaranan ağırlaşmalara və ağırlaşmalarla bağlı sərbəst qərar verilməsi ölkəmizin aparıcı mütəxəssislərinin bu ağırlaşmalar zamanı zəngin təcrübəsindən yararlanmamaq çox ciddi fəsadlarının meydana gəlməsinə səbəb olur. Biz dəfələrlə şahid olmuşuq ki, özəl xəstəxanalarda mürəkkəb rekonstrukiv əməliyyatlar böyük təcrübəyə malik olmayan qeyri-peşəkar cərrahlar tərəfindən icra olunur. Hətta bu əməliyyatlardan sonra başlayan ağırlaşmalara görə icra olunan təkrari əməliyyatlara təcrübəli mütəxəssislər dəvət olunmayaraq, bu həkimlərin özləri tərəfindən həyata keçirilir. Bu, çox ciddi qüsur və nöqsandır, çünki dəfələrlə tövsiyə olunub ki, təkrari əməliyyatlara mütləq təcrübəli mütəxəssislər dəvət edilməlidir və birinci əməliyyatı icra edən həkim tərəfindən aparılmamalıdır. Burada həm psixolojı amillər həkimin fəaliyyətinə mənfi təsir göstərə bilər, həm də təkrar əməliyyatın mürəkkəb olduğuna görə burda zəngin kliniki təcrübəyə və elmi biliklərə malik olan həkimlərin iştirakı olduqca vacibdir. Bunu da özəl klinikalarda fəaliyyət göstərən bizim gənc həkimlərimiz mütləq bilməli və əməl etməlidir.

- Mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar necə təşkil olunmalıdır?

- Əslində mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlardan əvvəl konsiliumlar keçirilməli, ciddi məsləhəhtləşmələr aparılmalı, əməlliyatı aparan həkimin kompetensiyası müəyyən edilməli, ehtiyac olduqda isə əməlliyata təcrübəli mütəxəssislər cəlb olunmalıdır. Əgər bir təcrübəsiz həkimin məsuliyyətsizliyi üzündən baş verən ağırlaşmalar təkrarlanarsa, o zaman o həkimin fəaliyyətinə mütləq məhdudiyyət qoyulmalıdır. Ümumiyyətlə, böyük həcmli rekonstruktiv bərpa əməliyyatlarının məhdud fəaliyyət dairəsinə malik olan özəl xəstəxanalarda icrası məqsədəuyğun deyildir.

Digər bir problem, bəzi həkimlərimiz tərəfindən xəstələrin sanki özəlləşdirilməsidir. Bu tipli həkimlərimiz xəstəsini ətrafında olan həkimlərlə məsləhətləşməkdən çəkinirlər. Əslində belə həkimlər dərk etməlidirlər ki, məsləhətləşmələr, hətta kənardan mütəxəssislərin dəvət olunması onların özləri üçün faydalıdır. Sevindirici haldır ki, ölkəmizdə çox böyük elmi potensiala və kliniki təcrübəyə malik olan dosentlərimiz və professorlarımız vardır. Gənc, eyni zamanda kliniki təcrübəsi az olan həkimlərimiz bilsinlər ki, biz hər an onların çağırışlarına gəlməyə və yardımçı olmağa hazırıq.

- Əgər bir vətəndaş keçirdiyi uğursuz cərrahi əməliyyatdan narazıdırsa nə etməlidir?

- Belə müraciətlərimiz var. Bu kimi vəziyyətlərdə Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət edilməlidir. Əmin ola bilərsiniz ki, daxil olan hər müraciət həssaslıqla araşdırılaraq, lazımi tədbirlər görülür. Düşünürəm ki, qeyd olunan problemlərin aradan qaldırılması mümkündür və Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi kimi bu problemlərin həlli istiqamətində əlimdən gələnləri etməyi borcluyam.