Əgər kim istəsə dünyanı görmək... Ədəbiyyat

Əgər kim istəsə dünyanı görmək...

"Cami-Cəm"də sufizm düşüncələri


İnsanın nəfsi ilə mücadilə edərək, onu islah və tərbiyə etməsi, öz varlığından keçərək Allaha qovuşmaq məqsədi güdən təsəvvüf islam dinindəki mənəvi həyatın, əxlaqi dəyərlərin adıdır. Sufilərin Haqqa çatmaq yollarına verdikləri bir isim olan təsəvvüf sufilik məsləkidir. Bəzi sufilər təsəvvüfü sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana aldanmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik kimi dəyərləndiriblər.
Seyid Yəhya Bakuvinin yetirməsi olan Dədə Ömər Rövşəni təsəvvüfü belə açıqlayır:

Təsəvvüf qəlbi Həqqə bağlamaqdır,
Ürəyin eşq oduyla dağlamaqdır,
Təsəvvüf hüsni-xülq ilə ədəbdir,
Vəli hüsni-ədəb ətayi-Rəbdir.
Təsəvvüf bilmədir ətvari-qəlbi,
Əridib qoymaya qəlbində qəlbi.
Təsəvvüf yad olub, var olmamaqdır,
Güli-gülzar olub, xar olmamaqdır.

Sufilərin əksəriyyətinə görə, təsəvvüfün qaynağı "Quran" və hədislərdir. "Quran"da haqqında bəhs olunan təqva, zikr, tövbə, riza kimi qəlbə aid əməllərin necə gerçəkləşəcəyini "Quran" və şəriətdən alıb xalq arasında yayanlar, tətbiqi olaraq öyrədənlər zahidlərdir.
Azərbaycanda İslamın ilk illərindən etibarən sufilik yayılmağa başlayıb. Bəzi mənbələrdə təsəvvüf tarixi üçün mühüm əhəmiyyətə malik olan Veysəl Qaraninin (657) qəbrinin Azərbaycan ərazisində olduğu yazılmaqdadır. Azərbaycanın əksər coğrafi bölgələrində rast gəlinən, adı-sanı unudulsa da, türbələri xalqın yaddaşında yaşayan minlərlə pir qəbri və məqamı da Azərbaycan torpağında islamın yayılması və inkişafında sufilərin mövqeyini göstərən dəlillərdir.
"Kitabi-Dədə Qorqud"da Burla Xatunun Salur Qazana söylədiyi:

Quru-quru çaylara su saldım,
Qara donlu dərvişlərə nəzir verdim

– misralarında olduğu kimi Azərbaycan şifahi və yazılı ədəbiyyatının başqa mətnlərində də sufilərdən bəhs edilir.
Klassik Azərbaycan ədəbiyyatının islam mədəniyyətinə verdiyi dəyərli töhfələrdən biri də təsəvvüf ədəbiyyatı sahəsindədir. Azərbaycan ədəbiyyatında Babakuhi Şirvani, Nizami Gəncəvi, Mahmud Şəbüstəri, İmaməddin Nəsimi, Qasimi Ənvar, Dədə Ömər Rövşəni, İbrahim Gülşəni, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, Əbdülqasim Nəbati, Mir Həmzə Nigari kimi şairlər dini təsəvvüfi düşüncələri əks etdirən bədii nümunələr yazıblar.
Biz bu məqalədə XIII əsrdə Azərbaycanın Marağa şəhərində yaşamış qəsidə, qəzəl, rübai, tərcibəndlərdən ibarət bir divan, "Dəhnamə" (yaxud "Məntiqülüşşaq") adlı aşiqanə bir poema və didaktik-fəlsəfi məsnəvi olan "Cami-Cəm" əsərinin müəllifi Marağalı Əvhədinin (1274-1338) "Cami-Cəm" əsərindəki sufizm düşüncələrini şərh edən ədəbi parçaları təhlil etməyə çalışacağıq.
Marağalı Əvhədinin 1333-cü ildə fars dilində yazdığı "Cami-Cəm" əsəri orta əsr Azərbaycan mədəni irsinin, dini dünyagörüşünün bədii əksidir. Azərbaycan sözləri və məsələləri ilə bəzənən bu əsəri şairin "Cami-Cəm" adlandırması təsadüfi deyil. Əsərin adı ilə əfsanəvi İran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks etdirən camında olduğu kimi hər məsələyə cavab tapmağın mümkünlüyünə işarə edilib. Şair özü əsərinin "Cami-Cəm" adlanmasını belə izah edir:

Adını "Cəmşidin Camı" qoydum mən,
Varlığın əksini onda görərsən.
Əgər kim istəsə, dünyanı görmək,
Könlü istəyəni burda görəcək.

Doğrudan da şərabın, bəngin, sərxoşluğun pislənməsindən tutmuş, övlad tərbiyəsi, mərdanəlik, elmə yiyələnmək, ədalətdən, zülmdən çəkinməyin yollarını şərh edən 9142 misradan ibarət olan "Cami-Cəm" əsəri tovhid, nət və mənqəbətdən sonra 3 fəsildən ibarətdir. 1982-ci ildə ali məktəblər üçün nəşr olunan "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" dərsliyinə Marağalı Əvhədi ilə bağlı bilgilər daxil edilib. Onun "Cami-Cəm" əsərinin xeyirxah işlərə çağırışla dolu olduğu qeyd edilir və şairin sufi təlimi ilə bağlı fikirləri belə qiymətləndirilirdi: "İnkarolunmaz həqiqətdir ki, Əvhədi sufizmə meyil edən şairlərdən olub. Onun poemasında sufizm təlimi ilə bağlı fikirləri çoxdur. Əsərin ikinci fəslinin ikinci hissəsində bu cəhət daha çox hiss olunur. "Mürşid və rəhbər haqqında", "Şeyx və müridin sifətləri haqqında", "Tövbə haqqında", "Xirqə vermək qaydası", "Xəlvətin mənası" və s. bəhslərində sufizmin ən mühüm müddəaları əks olunub".
Orta əsr Azərbaycan ədəbiyyatının yazılı abidələrindən olan "Cami-Cəm" əsərində Allah, Tovhid, axirət, xəlvət, mürşüd, mürid, tövbə, ələst xirqə, zikr, şəhadət, salik, zöhd, ixlac, fəqih, oruc, eşq, təvəkkül, səbr, riza, şükr, təriqət, məzhəb, arif, ürfan, pir kimi dini təsəvvüfü terminlərinin şərhi verilir.
Eləcə də bir bucağa çəkilmənin faydası, müridliyin şərtləri, aclığın faydası, yuxusuz qalmağın üstünlüyü, susmaq haqqında müxlislərin böyüklüyü kimi dini-didaktik məsələlər nəzmə çəkilir. Azərbaycanda qurulmuş bir təsəvvüf məktəbi olan xəlvətiliyin iki piri, yəni qurucusu var. Bunlardan biri lahıclı Ömər, ikincisi Seyid Yəhya Bakuvi olduğu, XV əsrdə ən önəmli mərkəzi Bakı olduğu yazılmaqdadır.
Sufilərin xəlvətə çəkildikləri kiçik ölçülü yer olan xəlvətxananın lüğəti mənası "tənha yer", "tənha yerə çəkilmə"dir. Xəlvətxana və ya xəlvətgah VIII əsrdən etibarən sufilərin nəfslərini tərbiyə etmək məqsədilə ibadət və təfəkkürə daldıqları, istifadə etdikləri bir məkandır.
Marağalı Əvhədinin "Cami-Cəm" əsərində "xəlvət"in mənası belə nəzmə çəkilir:

İnsan maneədən gərək olsun gen,
Ta ona xəlvətdə hüzur verilsin.
Su, çörək sözünü anmasın bir an,
Yolu göstərənə təslim olaraq,
Vaxtın işlərini gözləsin ancaq.
Ovcuna alaraq canı töfhətək,
"Ələst"ə üz tutsun ürəyi gərək,
Yoxdur dəryasına guylasın başı,
Bədəni ölümün olsun yoldaşı.
…Qırx yaman xisləti tərk eyləsən sən,
Çillədə tək, azad ola bilərsən:
Təkəbbür, mənəmlik, özünü çəkmək,
Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk,
Tərəddüd, paxıllıq, kələk, kin, tamah,
Yalançı, saxtakar, vəfasız olmaq.
Şəhvət, naz, yüngüllük, ağırlıq etmək,
Pozğunluq, nankorluq, insan incitmək,
İsraf, böhtançılıq, bir də fitnə, lağ,
Fırıldaq, qan içmək, riya və nifaq,
Hirs, ikiüzlülük, acgözlük, həsəd,
Zülm, cövr, cəfa, süstlük və nifrət.
Hər nə söylədimsə, ondan qaç uzaq,
Onların əksiylə məşğul ol ancaq.
Sonra da xəlvətdə oturub ağla,
Qapını bağlayıb sən çillə saxla,
…Çillə elə budur, bax budur xəlvət!
Budur ariflərə yaraşan sifət!

Əsərin "Bir bucağa çəkilməyin xüsusiyyəti haqqında" adlanan bölümündə şair xəlvətin məziyyətini belə izah edir:

…Az olsun, çox olsun getsən xəlvətə,
Fikrində yer vermə vara, dövlətə.

Poemada onlarla təsəvvüf istilahlarının (tovhid, çillə, fəqih, axirət, ələst, mürid, mürşid, şeyx, irfan, eşq, tövbə, xirqə, zikr, səbr, cənnət, şəhadət, salik, oruc, zöhd, ixlac, təvəkkül, şükür və s.) geniş şərhi verilir. Biz bu istilahların bir neçəsi haqqında fikrimizi izah etmək istəyirik.
Bütün təriqətlərin təməl ünsürü olan zikr hərfən anmaq, zikr etmək, xatırlamaq deməkdir.
Marağalı Əvhədi "Zikrin təlqini"ni belə izah edir:

Zikr yer taparaq əyləşən ürək,
Səs uca, ya alçaq, eynidir gerçək.
Eşidir hər şeyi ad çəkdiyin kəs,
Odur nərə, fəğan eyləmə əbəs.
O kəs ki, sözlərin bilir sirrini,
Dilsiz, danışıqsız qanacaq səni.
Əgər bir olmasa dil ilə ürək,
Əslində yaramaz zikrə cəhd etmək.
Dil ilə ürəyin dost olan zaman,
Onun pak adına layiq olarsan.

İslamda inancın ruhu tovhid, ibadətin ruhu ixlas, dünyəvi işlərin ruhu ədalətdir.
"Qurani-Kərim"in İxlas surəsinə Tovhid, Təfrid, Təcrid, Vilayət və Mərifət surəsi də deyilib.
Marağalı Əvhədi əsərinin iki yerində "Tovhid" (s.9) və "Tovhid" haqqında (s. 191) "Tovhid" kəlməsini şərh edir.

…Ürfanın axırı – onun görməsi!
Ürfanın əvvəli – onun bilməsi!
…Sayca yox, o, özü ümumən təkdir,
Yoxdur bir həmdəmi, həmişəlikdir.
…O, ağlı, idrakı yaratmış özü,
Ağla da göz verir onun öz gözü.
Onu görmək olmaz, gözlə heç zaman,
Gözə verilməmiş bu hal binadan.

Nəfsini cilovlamaq, nəfsini həvəslərdən qorumaq sufiliyin ümdə şərtlərindəndir.
Marağalı Əvhədi Zöhdün fəzilətini belə şərh edir:

Zöhdün o olar ki, ey tale gəzən,
Sən dünya malından üz döndərəsən.
…Vacib, hünər olan iki zöhd var,
Bunlarla dünyanı dərk etmək olar.

Təsəvvüfdə sufi müəllim və liderlərinə şeyx deyilib. Şeyx bəndəni Allaha, Allahı bəndəyə sevdirmək istəyən din lideridir. Şeyx şəriət elminə sahib, özü kamil, öyülən, əxlaqlı (əxlaqi-hamidə) bir mömindir. M.Əvhədinin şərhində şeyx:

Təmiz, müşk ətirli bir nəfəs gərək,
Quruluqdan uzaq baş, beyin, ürək.
Xatiri inamlı, tox olsun gözü,
Cəsur, qorxmaz olsun deyəndə sözü.

Sufilərin 40 gün bir bucağa çəkilərək riyazətlə məşğul olması. Başqa ifadə ilə, bir dərvişin qaranlıq bir hücrədə təkbaşına 40 gün az yatmaq, az yeyib-içmək və mümkün qədər sürəkli ibadətlə məşğul olduğu müddətdir. Bu, nəfsi tərbiyənin kamilləşməsinə kömək üçün camaatdan uzaq olmaqdır. Təsəvvüfdəki çilə ömür boyu deyil, sadəcə, 40 gündür.
M.Əvhədi çiləni belə ifadə edir:

…Az olsun, çox olsun, getsən xəlvətə,
Fikrində yer vermə vara-dövlətə.

Şair əsərinin din və ağıldan doğulduğu üçün bu əsəri ağıllı adamlara oxumaq qismət eləməsini, onların ürəyinə yol tapmasını, ruhunun bu əsərdən utanmaması üçün əsərinin pis gözə göstərməməsini, hər görənin onu gövhərtək qulağına taxmasını, onu Cam nəslitək şöhrətli etməsini ulu Tanrıdan arzu edir və əsərini belə bitirir:

…Yaxşılar oxusun, qoy onu ancaq,
Yaman töhmətindən eylə sən uzaq.
…Onun bir xətası olmuşsa, aman,
Bağışla, çünki sən bağışlayansan.
Nəzər salanına həyat bağışla,
Özün Əvhədiyə nicat bağışla.
Zikr etmək, qəlbinə, qoy adət olsun!
İşinin axırı səadət olsun!


Maarifə Hacıyeva
professor