«Qaraqalpaq ədəbiyyatı» Ədəbiyyat

«Qaraqalpaq ədəbiyyatı»

Kitab türk xalqları arasında ədəbi-mədəni əlaqələrin öyrənilməsinə bir töhfədir

Görkəmli ədəbiyyatşünas, prof. Nizami Məmmədov-Tağısoyun "Qaraqalpaq ədəbiyyatı" ("Elm və təhsil", 2015) adlı dərsliyi qaraqalpaqların folkloru, tarixi, ədəbiyyatı, etnoqrafiyası və s. ilə bağlı mühüm informasiyaları özündə daşıyır. Qaraqalpaqşünaslıq istiqamətində atılmış ilk addım olduğundan kitabda "Qaraqalpaqstan və qaraqalpaqlar haqqında ümumi məlumat" adlı ayrıca bir bölmədə bu məsələyə dair geniş təqdimat ayırıb. Bu minvalla qaraqalpaqların inzibati ərazi dairəsi ilə bağlı mühüm məlumatları verən Nizami müəllim daha sonra qaraqalpaqların müsəlman olub, türk dilinin altay ailəsindən olan qıpçaq yarımqrupundan olan qaraqalpaq dilində danışdıqlarına diqqəti yönəldib yazır: "Qaraqalpaqların etnogenezi Sırdərya və Aralətrafı düzənlik və deltalara yayılmış qəbilələrin bu ərazilərdə məskunlaşması ilə bağlıdır. XVI əsr və XVII əsrin ortalarında qaraqalpaqların böyük bir hissəsi Sırdəryanın orta və aşağı axarında yerləşib".
O, Qaraqalpaqlar barədə əvvəlcə ümumi, bitkin təsəvvür formalaşdırır, bununla da oxucu tanış olacağı ədəbiyyatın, folklorun hansı xalqa məxsus olması haqda dərin məlumat qazanmış olur. Müəllif təbii olaraq kitabda qaraqalpaqların folklor yaradıcılığına da geniş yer ayırır. Məsələn, "Qaraqalpaq şifahi xalq yaradıcılığı" adlı hissədən aşağıdakı parçanı oxusaq, bir sıra maraqlı məqamlarla rastlaşarıq: "Qaraqalpaq folklorunda əksər türk xalqlarında və qeyri-türk xalqlarında rastlaşdığımız janrlar mövcuddur. Bununla belə qaraqalpaqlarda özbəklərdə, türkmənlərdə, azərbaycanlılarda olduğu kimi nəğmə-müşairələr kifayət qədər geniş yayılıb. Müsairə qaraqalpaq folklorunda ayrıca zəngin bir janr kimi diqqəti cəlb edir. Bununla belə digər xalqlarda daha az rastlaşılan "həyya" (bu nəğmədə ana öz uşağının gələcəyini öyür), vida nəğmələri "xoşlasu" (müqayisə et: qazax nəğməsi "koşlasu"), yaxud ərə gedən qızın ata evində öz doğmaları ilə vidalaşması, ölü ilə vida "joklau" nəğmələri (müqayisə et: qazaxlarda "joktau", qırğızlarda "koşok"); "haytar", "heyyar" toy zamanı ərə gedən qızın rəfiqələrinin ifa etdiyi nəğmə (müqayisə et azərbaycanlıların "hey yar", özbəklərin "yar - yar", qırğızların "jar- jar", noğayların "heyjar", qazaxların "jar- jar"); "betaşar" ər evinə köçmüş qızın üzündən duvağın götürülmə mərasimi (müqayisə et: qazaxlarda "betaşar"), mənşəyinə görə daha qədim olub xəstə olan adamın xəstəliyinin kənarlaşdırılması ilə bağlı onu ocaq üzərindən atlanmağa məcbur edərkən oxunan "bədik" və "güləpsan" və s. kimi nəğmələr qaraqalpaqların mərasim folklorunun son dərəcə rəngarəngliyini və zənginliyini əks etdirir.
Mərasim və əmək nəğmələri qaraqalpaq xalqının poetik yaradıcılığının mühüm hissəsi kimi nəzərdən keçirilməkdədir. Toy nəğmələri ("heyjar", "betaşar"), laylalar (besik jırı), əmək, sevgi, qəm-kədər ruhlu nəğmələr, uşaq nəğmələri, xəstələrin müalicə olunmasına kömək edən ("bədik", "güləpsan") və s. hamısı qaraqalpaqların oda sitayişini əks etdirməklə müsəlmanlığaqədərki dövrlərin izlərini bzündə saxlamaqdadır (Yeri gəlmişkən qeyd edək ki, oda sitayiş məsələsində də qaraqalpaqların azərbaycanlılardakı kimi bütpərəstlik dövrünə və mərasimlərinə aid edilən uyğunluq özünü göstərir). Bununla belə elə nəğmələr vardır ki, onlar daha sonrakı dövrləri özündə əks etdirməkdədir. Bu, islam dini yayıldıqdan sonra "ramazan", yaxud "yaramazan"dır ki, qaraqalpaqlar bir tipli nəğmələri "orucluq" dövründə oxumaqdadırlar. Sevgi-məhəbbət, uşaq, qəm-kədər motivli nəğmələr, əmək nəğmələrində xalqın çətin vəziyyətinin əks olunması, layla-nəğmələrin öyrədici xarakteri çoxdan məlumdur. Mərasim və əmək nəğmələri xalqın adət-ənənəsi, xarakteri, əmək şəraiti ilə birgə yaranmaqla, onun həyatının bütün fərəhli və qəmli-kədərli hadisələrini çevrələyib.
Qaraqalpaq adətinə görə "heyjar" gəlinin ər evinə köçdüyü zamana qədər ifa olunur. Burada müxtəlif dəbdəbəli milli kostyum, paltar geyinmiş insanlar iki qrupa bölünməklə bir qrupda qızın rəfiqələri, digərinkində oğlanın dostları olur. Həm əvvəllər, həm də XIX əsrdə qaraqalpaq aullarında "heyjar"ın professional ifaçıları olub. Toylarda onlar öz rollarını oynamaqla bunun müqabilində mükafatlar alır, gəlin və onun rəfiqələri isə belə ifaçılara qoşularaq oxuyurdular. Gəlin belə təntənələrdə adətən toydan və bəydən narazı olan insan kimi özünü aparmalı idi. Belə olduğu halda qız əgər öz sevdiyi oğlana getsəydi belə, o, yenə də sifətində bu sevinci gizlətməli, hiss etdirməməli idi. Bu ənənəyə riayət etməmək qaraqalpaqlarda mədəniyyətsizlik və nəzakətsizlik əlaməti təsiri bağışlayırdı. Adını çəkdiyimiz ənənənin yaranması lap uzaq keçmişə aid edilir. Çünki qədim zamanlarda doğrudan da qızın sevmədiyi oğlana alqı-satqı predmeti, bir əşya kimi satılması adi hal idi. Buna görə də bu tipli ənənəvi nəğmələrdə acı həqiqət əks olunur. "Heyjar" nəğmələrində azad nişanlı seçmə məsələsi və müstəqillikdən məhrum olan qadının faciəvi taleyi göz önünə gəlirdi.
Sabahı gün gəlin ər evinə gələndən sonra bəy evində gəlinin üzündən duvağın götürülməsi ("betaşar") təşkil olunurdu. Belə təntənəyə bəyin qohumları və yaxın dostları dəvət olunurdular. Azərbaycanlıların mərasim folklorunda "betaşar" ənənəsi olmasa da, bizim adətlərdə də gəlin bəy evinə gəldikdən sonra toyun sabahı günü onun üzündən duvağı götürüb, gəlinin gəldiyi evə təqdim olunması və bu təntənənin yetərincə geniş şəkildə qeyd edilmə halları mövcuddur. Qaraqalpaqlarda gəlinin üzündən aul cigitlərindən ən nüfuzlusu, böyük hörmətə layiq olan duvağı götürməli idi. Əksər hallarda bu adətin yerinə yeitirilməsi onu ifa edəndən dərin və geniş fantaziya, çeviklik, professional bacarıq, poetik fəhm tələb edirdi ki, bu iş improvizasiyalı nəğmə ilə həyata keçirilirdi. Mənbə və materiallarda XIX əsr qaraqalpaq ədəbiyyatının klassiki Berdağın belə təntənələri kifayət qədər yüksək səviyyədə həyata keçirdiyi qeyd olunmaqdadır.
"Betaşar"ın ifaçısı gəlini bəyin ailəsinin üzvü, onun qohumlarının əksəriyyəti və aul adamları ilə tanış etməli idi. Bunu edərkən ifaçı tanış etdiyi insanların hər birinin fərdi və dəqiq xarakteristikasını da verməli idi. Əksər hallarda bu mərasim yerinə yetirilərkən nəğməyə zarafatcıl, dəlib-deşici frazalar və ifadələr də əlavə edirdi. Bu tipli nəğmə kalamburlarda əksər hallarda varlıların simicliyi və insafsızlığı, mürtəce ruhanilərin xarakterik xüsüsiyyətləri tənqid olunurdu. Bu, bir daha onu sübut edir ki, "betaşar" adəti xalq həyatı ilə sıx əlaqədə olmaqla mütərəqqi fikirli insanların xarakterində yer almış naqis xüsusiyyətləri təndiq etmək üçün mühüm silah idi. "Betaşar"ın ifası faktiki olaraq bütün aul camaatının gözü qarşısında baş verirdi, tənqid obyektinə çevrilənlər isə belə olduqda öz çatışmazlıqları üzərində daha çox düşünməli olurdular".
Göründüyü kimi, burada maraqlı məişət mərasimi ilə tanış oluruq. Elə bu andaca bizim Azərbaycan xalqında işlək olan bir deyimimizin məna çalarına buradan işıq düşdüyünü görərik: "filankəs yaman bethaşa (behtaşa) şeydi". Bu ifadəni ən çox bir qədər üzlü-utanmazlıq edən azyaşlı qız uşağı haqda zarafatyana şəkildə işlədirlər. Görünür, bu deyim hardasa qaraqalpaqlardakı "betaşar" ənənəsi ilə uyğunluq təşkil edir. Yəni gəlinin üzündən duvağın götürülməsilə icra olunan bu mərasimlə gəlin artıq niqabdan azad olub sərbəst hərəkət etmə mərhələsinə qədəm qoyur. Elə bizdəki kiminsə barəsində deyilən "filankəs betaşa adamdı" ifadəsi də əslində bütün örtü-pərdələri aradan götürən, daldasız-pərdəsiz hərəkət edən adama işarə olub, betaşar ənənəsindən irəli gələn bir anın simvolikasına eyham vurur. "Qaraqalpaq ədəbiyyatı" dərsliyi ilə təkcə auditoriya üçün nəzərdə tutulmuş bir kitab yox, elə həm də xalqlarımız arasındakı ədəbi-mədəni əlaqələrin bərpa edilib öyrənilməsi baxımından da gərəkli bir əsər ortaya qoyub.

Şakir Əlifoğlu
araşdırmaçı