"Ermənistan sülhə məcbur olacaq, başqa çıxış yolu yoxdur" Siyasət

"Ermənistan sülhə məcbur olacaq, başqa çıxış yolu yoxdur"

Ermənistan həmişə sülh danışıqlarından uzaq olub. Rəsmi İrəvanın bu mövqeyi hər zaman onun çöküşünü sürətləndirib. Nəticə göz qabağındadır - ölkədə iqtisadi, sosial vəziyyət ildən ilə ağırlaşır, əhali, xüsusən də gənc nəsil ölkəni tərk edir, işsizlik çoxalıb. Bu da ölkədə böyük və haqlı narazılığa çevrilib.
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Azərbaycanın Ermənistan tərəfinə sülh təklifinə münasibətində deyib.
Qeyd edək ki, Azərbaycan Ermənstanla sülh müqaviləsinin imzalanması ilə bağlı 5 təklif irəli sürüb. Həmin təkliflər bu kimi halların nizamlanmasında baza prinsipləridir və beynəlxalq təcrübədə də geniş istifadə olunur. Ermənistan isə hər vəchlə bu təkliflərdən boyun qaçırır.
ALDP sədrinin fikrincə, Ermənistan 44 günlük müharibənin məğlubiyyətini hələ də həzm edə bilmir: "Ermənistan dalana dirənib, qələbəmizdən sonra Qərbdəki müttəfiqlərinin ona dayaq duracağına ümid bəsləyirdi. Lakin Qərbin ermənipərəst qüvvələri də Azərbaycanın gücündən ehtiyatlanıb rəsmi İrəvana heç bir halda dəstək olmur. Sadəcə söz verirlər. Amma Ermənistan rəsmi Bakının sülh təkliflərini qəbul etməməklə vaxtı uzatmaq və məsələnin həllini yenidən Minsk qrupu çərçivəsinə salmaq istəyir. Bu isə heç vaxt mümkün olmayacaq".
F.Əliyev onu da vurğulayıb ki, Ermənistanın bundan sonra da ATƏT-in Minsk qrupuna arxayın olması onu məkrli məqsədinə çatdırmayacaq: "Minsk qrupu uğursuz diplomatik bir siyasət yürütüb, 30 il münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq çərçivəsində nəinki hansısa təklifdə oldu, əksinə ermənipərəst mövqe sərgilədi, ədalət prinsipini pozdu, həmsədrlərin verdikləri bəyanatlar işğalçı Ermənistanı daha da ruhlandırdı. Həmsədr dövlətlər rəsmi İrəvanın işğalçılıq siyasətinə göz yumdular. Nəticədə Azərbaycan o qrupun missiyasını özü uğurla həyata keçirdi. Ordumuz 44 günlük müharibədə Ermənistana elə bir dərs verdi ki, bu, onun havadarlarını da təşvişə salıb. Bu gün də o təşvişin təsirindədirlər".
Partiya sədri qeyd edib ki, Ermənistanın Azərbaycanın təklif etdiyi sülh təkliflərini qəbul etmək məcburiyyətində başqa yolu qalmayıb: "Ermənistan ayaqüstə qalmaq istəyirsə, sülhə imza atmalıdır".
Cavid