“Azərbaycan inteqrasiya xatirinə inteqrasiyanın tərəfdarı deyil” Siyasət

“Azərbaycan inteqrasiya xatirinə inteqrasiyanın tərəfdarı deyil”

Elçin Mirzəbəyli: "Avropa İttifaqının Azərbaycanın mövqeyinə anlayışla yanaşmaq meyli hiss olunur"

Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq imkanlarının geniş olduğu bildirilir. Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun Azərbaycana bu günlərdə baş tutmuş səfəri qarşılıqlı münasibətlərin inkişafına təkan verən addım kimi qiymətləndirilir. Donald Tuskun Bakıya səfəri zamanı aparılan müzakirələri və verilən mesajları dəyərləndirən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirir ki, Aİ rəsmisinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə müəyyənliyin yaranması baxımından ciddi əhəmiyyət kəsb edir: "Öncə qeyd olunmalıdır ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində hər zaman səmimi olsa da, təəssüf ki, bunun qarşılığında fərqli yanaşma ilə üzləşib.
Azərbaycanla Avropa İttifaqının münasibətlərində yaxın günlərə qədər müşahidə olunan sərinləşmənin başlıca səbəbi bu qurumun Azərbaycana yönəlik siyasətində ikili standartlara istinad etməsi olub.
Təbii ki, Azərbaycan belə münasibəti qəbul edə bilməzdi və etmədi də. Azərbaycan həm də Avropaya nümayiş etdirdi ki, ölkə inteqrasiya xatirinə inteqrasiyanın tərəfdarı deyil.
Yəni münasibətlər və əməkdaşlıq qarşılıqlı faydaya, beynəlxalq hüququn prinsiplərinin qorunmasına əsaslanmalıdır. Bu şərtlərin təmin olunacağı təqdirdə əlbəttə ki, əməkdaşlıq üçün heç bir maneə qalmır.
Donald Tuskin Bakı səfəri çərçivəsində səsləndirdiyi fikirlərdən çıxış etsək deyə bilərik ki, Avropa İttifaqının Azərbaycanın mövqeyinə anlayışla yanaşmaq meyli hiss olunur.
Lakin bu yanaşmanın nə dərəcədə səmimi olduğunu zaman göstərəcək".