"Azərbaycan öz cari hədəflərindən birinə nail oldu" Siyasət

"Azərbaycan öz cari hədəflərindən birinə nail oldu"

ATƏT-in Minsk Qrupununun de-fakto fəaliyyətini (daha doğrusu, olmayan “fəaliyyət”ini) dayandırması gözlənilən idi. Odur ki, 30 ilə yaxın nəticəsiz fəaliyyəti və ermənipərəst mövqeyi ilə özünü proseslərdən kənarlaşdırmış bir qrupun indi tarixin arxivinə köçməsinə sensasiyalı hadisə kimi baxmamalıyıq. Tarixi ədalət gec də olsa öz yerini tapır. Minsk Qrupunun 44 günlük müharibədən sonra prosesdən tamamilə kənarlaşması ya bu qrupun buraxılmasıyla nəticələnməli, yadaki bu qrupda transformasiya baş verməli, prosesdə iştirakı davam etdirmək üçün yeni format təklif edilməli, yeni yanaşma ortaya çıxmalıydı.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərdən sonra ABŞ və Fransanın Rusiya ilə birgə Minsk Qrupunda təmsil olunmaqdan imtina etməsi bu qrupun tarixə çevrilməsinə son nöqtəni qoydu. Bunun ardınca Kreml Azərbaycan və Ermənistanla danışıqlar aparmaq üçün İqor Xovayevi xüsusi nümayəndə təyin etdi. Rusiyanın bu addımı ABŞ-ı da dərhal hərəkətə keçməyə sövq etdi. Belə ki, Birləşmiş Ştatlar da Minsk Qrupunda fəaliyyətini dayandıraraq, bu qrupdakı amerikalı həmsədr Endru Şoferi Qafqazda danışıqlar üzrə baş müşavir təyin etdi. Bu təyinatların mürəkkəbi qurumamış, Endryü Şofer və İqor Xovayevin Cənubi Qafqaza səfərləri başladı. ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer bu həftə regiona səfəri çərçivəsində Ermənistanda olub:

"Maraqlıdır ki, Ermənistan mətbuatı E.Şoferi erməni ictimaiyyətinə köhnə qayda ilə həmsədr kimi təqdim etməyə çalışsa da, lakin ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu Tvitterdə onu Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim edərək Ermənistan KİV-nin həqiqəti təhrif etməsinə imkan vermədi. Beləliklə, ATƏT-in Minsk Qrupunun taleyinə də son nöqtə qoyulmuş oldu. Həmsədrlərin xüsusi nümayəndələrlə əvəzlənməsi labüd idi və bununla da tərəflər həmsədrlik formatından birdəfəlik imtina etdilər. Minsk Qrupunun vasitəçilik institutu tamamilə iflasa uğradı" .

İndi bu qrupun mövcudluğuna nə vaxt de-yure son qoyulacağı Azərbaycan üçün elə də prinsipial əhəmiyyət kəsb eləmir. Əsas odur ki, Azərbaycan öz cari hədəflərindən birinə nail oldu, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu yenidən prosesə cəlb etmək niyyətlərinin üzərindən həmişəlik xətt çəkdi. Artıq beynəlxalq qurumların, eləcə də Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində təşkil etdiyi görüşlərdə ATƏT-in Minsk Qrupunun adı qətiyyən çəkilmir. Bu isə heç şübhəsiz ki, birmənalı olaraq Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilməlidir:

"İndi Minsk Qrupunun həmsədrlərini prosesdə xüsusi nümayəndələr əvəz edir. Hazırda ABŞ-dan və Rusiyadan olan xüsusi nümayəndələrin Bakıya ayrı-ayrılıqda səfərləri gözlənilir. Maraqlıdır ki, ABŞ öz xüsusi nümayəndəsi vasitəsilə Ermənistan-Azərbaycan münasibətlərinin məhz Brüssel razılaşmaları əsasında tənzimlənməsinə üstünlük verir. Lakin Rusiya lideri Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşündə səsləndirdiyi ikibaşlı fikirlər isə onu göstərir ki, Rusiya sülh prosesini də öz monopoliyası altına almağa, Avropa İttifaqını prosesdən kənarda saxlamağa və yalnız rusiyalı xüsusi nümayəndənin təkbaşına vasitəçiliyinə can atır. Kreml bu məqsədinə məhz Ermənistanı öz basqısı altında saxlamaqla, eləcə də Qarabağdakı separatçı ermənilərin əliylə nail olmağa çalışır".

Ə.Hüseynov qeyd edib ki, Putinin Paşinyan ilə imzaladığı bir sıra sənədlər indi Rusiyaya Ermənistanı öz nəzarət orbitində saxlamağa daha çox imkan verir. Kremlin rəsmi saytının məlumatına əsasən, tərəflər 30 bənddən ibarət əməkdaşlığa dair bəyannamə imzalayıblar. Sənəddə tərəflər yenə də “Dağlıq Qarabağ” ifadəsini işlədiblər. Halbuki, rəsmi Bakı “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidini artıq çoxdan ləğv edib. Putin sözügedən görüşdə həmçinin vurğuladı ki, “Qarabağda hələ çox problem var”. Əlbəttə, Putin bununla bir tərəfdən ermənilərin rəğbətini qazanmaq məqsədini güdürdü, digər tərəfdən isə bu ifadə Azərbaycana ünvanlanmışdı. Yəni ki, Rusiya lideri ismarıc vermək istəyirdi ki, Qarabağa dair heç bir məsələ Moskvanın vasitəçiliyi olmadan tənzimlənə bilməz. Bu Rusiyanın ənənəvi hegemonluq siyasətinin təzahürü idi:

"Amma Azərbaycanın Rusiyanın diktəsi ilə hərəkət etmək fikri yoxdur. Azərbaycan Ermənistan ilə münasibətləri ikitərəfli qaydada nizama salmağa, normallaşdırmağa üstünlük verir. Vasitəçilik etmək istəyənlər isə buyurub bu prosesə öz töhfələrini verə, sadəcə köməklik göstərə bilərlər. Bunu Prezident İlham Əliyev də bu yaxınlarda çıxışlarından birində qeyd etdi. Bizim heç kimə xüsusi vasitəçilik səlahiyyətləri vermək fikrimiz yoxdur. Azərbaycan bu prosesdə eyni zamanda həm Brüsselin (ABŞ-Avropa İttifaqı tandeminin), həm də Moskvanin vasitəçilik təşəbbüslərindən yararlanmağa çalışacaq. Hesab edirəm ki, hazırkı situasiyada bu ən optimal taktikadır".

Cavid