Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - FOTO Siyasət

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimovu qəbul edib.

Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə - siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan qarşılıqlı səfərlərin önəmi qeyd edildi.

Söhbət zamanı Şamaxının Türk Dövlətləri Təşkilatı tərəfindən Türk Dünyasının Turizm Paytaxtı seçilməsi və orada Təşkilata üzv ölkələrin turizm nazirlərinin VII iclasının keçirilməsinin önəminə toxunuldu. Bu tədbirin Təşkilata üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Özbəkistan Prezidentinin məktəb binasının tikintisi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirdiyini bir daha qeyd etdi.

Prezident İlham Əliyev bildirdi ki, ölkələrimizdə tarixi baxımdan xeyli sayda görməli yerlərin və dünya əhəmiyyətli tarixi abidələrin mövcudluğu nəzərə alınaraq turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var.

Qonaq turizmlə bağlı ölkələrimizin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğuladı və Şamaxıdakı tədbirdə iştirakından məmnunluğu ifadə etdi.