“Artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub” Siyasət

“Artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub”

“44 günlük Vətən müharibəsində ölkəmizin xalqımızın əldə etdiyi tarixi qələbədə ən böyük pay şübhəsiz ki, müharibənin ön cəbhəsində aktiv döyüşlərdə iştirak edən şəxslərdir. Bu mənada qazilərimiz, şəhid ailələrinə diqqət, qayğı istər dövlət səviyyəsində, istərsə də xalq olaraq borcumuz, vəzifəmizdir. Hesab edirəm hazırda bu məsələyə dair konkret işlər görülür”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında ekspert Turan Rzayev deyib. T.Rzayev əlavə edib ki, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub: “Bir bu qədər qazinin əlilliyinin təyinatı istiqamətində də işlər görülür.
Müharibədə əldə edilən qələbə hər nə qədər qürur versə də müharibə iştirakçıları canlarını bu yolda düşünmədən qurban verən və sağlamlığını itirən şəxslərin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması hazırda dövlətimiz qarşısında duran başlıca prioritetdir.
Mən xüsusilə bu işdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyətini yüksək qiymətləndirərdim. Qurumun fəaliyyəti ilə yaxından tanışam. Meyarlar və əlilliyin təyinatı prosesini də yaxından görmüşəm. Hesab edirəm görülən işlər məqbuldur, ancaq daha görüləcək çox işlər var.
Xüsusilə də əlilliyin təyinatında yeni meyarlara ehtiyac var. Bəzi qazilər hazırkı meyarlar ilə əlillik statusu ala bilməyib. Bu problemin aradan qaldırılması üçün yeni meyarlara ehtiyac var.
2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarların bu məsələni tez bir zamanda həll edəcəyinə əminəm. Bildiyim qədər yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək. Yeni əlavələr ilə hər bir qazimizi narat edən məsələlərin həll ediləcəyini düşünürəm.
44 günlük Vətən müharibəsi iştirakçısı olan şəxslər, şəhid ailələri, qazilər bizlərə əmanətdir. Onları narazı salan, narahat edən bütün məsələlər həll edilməlidir. Dövlətimizin və ölkə başçısının bu istiqamətdə fəaliyyəti göz qabağındadır. Əlbəttə bəzən neqativ halların da şahidi oluruq, ancaq bütün problemlərin tədricən həll ediləcəyi görülən işlərlə də təsdiq edir”.