"15 iyun dövlətimizin qurtuluşunun ifadəsidir" - Nurlan Qələndərli Siyasət

"15 iyun dövlətimizin qurtuluşunun ifadəsidir" - Nurlan Qələndərli

"15 iyun 1993-cü il - sıradan bir təqvim gününü ifadə edən tarix deyil. Sözün əsl mənasında, Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin dönüş nöqtəsi, xalqımızın xilasının, dövlətimizin isə qurtuluşunun ifadəsidir. Söhbət xalqımızın milli qürur və ləyaqətini, dövlət qurmaq və yaşatmaq qabiliyyətini, milli ruhunu özünə qaytaran Qayıdışdan sonra siyasi tariximizə əbədi həkk olunmuş Milli Qurtuluş Günündən gedir. Bu, tənəzzül, böhran şəraitində, müstəqilliyi itirmək təhlükəsinin və iflasın astanasında olan Azərbaycan xalqının xilası - Heydər Əliyevin Qayıdışı sayəsində dövlətimizin Qurtuluşudur".
Bu fikirləri xalqcəbhəsi.az saytına açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yeri və rolu var: "Bu günün tarixi və mənəvi-siyasi əhəmiyyəti, ilk növbədə, xalq-lider birliyi nəticəsində Azərbaycan dövlətinin müstəqilliyini itirmək, dünyanın geosiyasi xəritəsindən silinmək təhlükəsindən, tənəzzüldən və böhrandan xilas olaraq tərəqqi və yüksəliş, rifah və intibah dövrünə qədəm qoymasında öz əksini tapır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Qurtuluş məfkurəsi, eyni zamanda, Azərbaycan xalqının xilaskarlıq salnaməsidir".
"Heydər Əliyev 1993-cü ildə Azərbaycanın Qurtuluşunu təmin etdi. Prezident İlham Əliyev isə Qurtuluş sayəsində təməli qoyulan Zəfər yolu ilə Azərbaycanı Şuşa zirvəsinə, Qarabağ məqamına yüksəltdi. Qurtuluşdan Zəfərə gedən və ölkəmizi strateji zirvələrə aparan yol xalqımızın qürur mənbəyi, dövlətimizin isə qüdrətinin ifadəsidir" ,- deyə N.Qələndərli əlavə edib.

Əli Zülfüqaroğlu