Praqa görüşündə qəbul edilən bəyanat Azərbaycanın növbəti uğurudur - Türkiyəli politoloq Siyasət

Praqa görüşündə qəbul edilən bəyanat Azərbaycanın növbəti uğurudur - Türkiyəli politoloq

Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısının açılış plenar iclası keçirildi. Bu zirvə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistan baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emanuel Makron bir araya gələrək bəzi görüşlər keçirdilər.

Bu barədə Trend-in suallarını cavablandırarkən türkiyəli politoloq, Süleyman Dəmirəl Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinin müəllimi Prof. Dr. Timuçin Kodaman deyib.

O qeyd edib ki, bu görüşlərdə Azərbaycan və Ermənistan arasında yekun razılaşmaların əldə olunması, Türkiyə və Ermənistan münasibətlərinin hansı istiqamətdə irəliləyəcəyi məsələləri müzakirə obyekti idi.

"Bu iki məsələ bir-birilə əlaqəlidir. Çünki Azərbaycanın Qarabağ bölgəsində gərginlik davam etdiyi müddətcə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması şansının olmadığını bilirik.

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edildi. Bəynatda Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı qeyd edilir. Bu iki ölkə arasında yekun razılaşmaların əldə olunması istiqamətində müsbət atmosfer yaratmaqla yanaşı, Azərbaycanın diplomatiyada növbəti uğurudur", - deyə o bildirib

Politoloq həmçinin, Türkiyənin istəyinin Qarabağda olan gərginliyin sona çatması olduğunu vurğulayıb.

"Çünki bu gərginlik bitmədiyi müddətcə nə Türkiyə-Ermənistan münasibətləri normallaşa bilər, nə də Azərbaycan- Ermənistan yekun razılaşma əldə edə bilər", - deyə T.Kodaman əlavə edib.