“Azərbaycan bütün parametrlər üzrə üstünlüyü əldə edib” Siyasət

“Azərbaycan bütün parametrlər üzrə üstünlüyü əldə edib”

Mübariz Əhmədoğlu: "Azərbaycanın atdığı raketlər həmsədrlərə münaqişəni tənzimləməyin düzgün yolunu göstərib"

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində Azərbaycan bütün parametrlər üzrə üstünlüyü əldə edib. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. Politoloq qeyd edib ki, Dağlıq Qarabağ tənzimlənməsinin indiki mərhələsində 3 parametr daha aktualdır: "1.Vasitəçilərin istinad etdiyi dinc tənzimləmə; 2. Rusiyanın təklif etdiyi siyasi-diplomatik tənzimləmə; 3. Hərbi həll".
M.Əhmədoğlu bildirib ki, Azərbaycan bu 3 parametr üzrə üstünlüyü əldə edib: "ATƏT MQ həmsədrlərinin regiona son səfəri Ermənistanın dəstəklədiyi təkliflə müqayisədə Azərbaycanın dəstəklədiyi təkliflərin üstünlük qazanmasının aydın nümayişi oldu. Qoşunlarım təmas xəttində və sərhəddə baş verən hərbi proseslər tamamilə yeni xarakter alıb. Ağır silahlardan və raketlərdən istifadə adiləşib. Həmsədrlərin təmas xəttini seçməsi də onların atəşə tutulması ilə baş verdi".
Mərkəz rəhbəri sonra deyib ki, belə vəziyyətdə həmsədrlərin daha çox qoşunların təmas xəttində və sərhəddə xüsusi qurğuların yerləşdirilməsi barədə Ermənistanın dəstəklədiyi təklifə təkan verəcəyini gözləmək olardı: "Amma həmsədrlər Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşamasından danışdı, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı məcburi köçkün və qaçqınların vəziyyətinə diqqəti aktuallaşdırdı. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasını ön plana çıxardı. Bir azda aydın desək, vurğu Ermənistanın sırımaq istədiyi etimad tədbirinin deyil, Azərbaycanın dəstəklədiyi etimad tədbirlərinin üzərində idi. Həmsədrlərin mövqeyindəki bu dəyişikliyə kinayə ilə yanaşmaq bəlkə də ən ciddi yanaşmadır: Azərbaycanın atdığı raketlər həmsədrlərə münaqişəni tənzimləməyin düzgün yolunu göstərib".
Politoloq vurğulayıb ki, həmsədrlər münaqişənin tənzimlənməsinin sonundan əvvəlinə doğru istiqamətlənmiş "Yol xəritəsi" hazırlamaqla münaqişənin dinc yolla tənzimlənməsində ciddi dönüş yarada bilərlər: "Belə yol xəritəsinin hazırlanmasında həmsədrlərin ən yaxşı tərəfdaşı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının təmsilçiləri ola bilər. Vasitəçilər Vyanadakı ofislərində və ya Tbilisidə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının silsilə ilə və qrup halında dialoqunu təşkil etməklə mükəmməl yol xəritəsi hazırlaya bilər. Həmsədrlər iradəlı olarlarsa, Dağlıq Qarabağ erməniləri prezident S.Sərkisyanın qadağalarına məhəl qoymayaçaq. Dağlıq Qarabağ erməniləri həmsədrlərin etiraf etdiyi kimi, Azərbaycanı düşmən bilmirlər. Dünyada gedən siyasi proseslərdən kifayət qədər məlumatlı olan Dağlıq Qarabağ erməniləri yaranmış vəziyyətdə Ermənistan rəhbərliyinin atdığı addımlarının nəsə verməyəçəyini çox gözəl bilirlər".
Dağlıq Qarabağ ermənilərinin Qarabağ klanının və bir qrup işbazın əlində girova çevrildiyini söyləyən M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ erməniləri real və səmimi təklif gördükləri halda, vasitəçilərin çağırışına müsbət cavab verəçəklər: "Dağlıq Qarabağ tənzimlənməsində ikinci parametr Rusiyanın müəllifi olduğu siyasi-diplomatik vasitədir. Rusiya bu istiqamətdə bir neçə addım atıb. AİB-ə üzv olan zaman Ermənistan Dağlıq Qarabağı özünün tərkib hissəsi hesab etməyəcəklə bağlı öhdəlik götürüb. RF Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fərqli tənzimləmə variantı təklif edib: Dağlıq Qarabağın ətrafındakı 7 rayon Azərbaycana qaytarılır, əvəzində Azərbaycan Rusiya ilə Ermənistan arasında kommunikasiyanı acır, Dağlıq Qarabağın statusunun müəyyən olunması müəyyən müddətə təxirə salınır. MDB-nin Qazaxıstan sammitində üzv dövlətlərin xarici sərhədlərinin möhkəmləndirilməsi haqqında qəbul edilən proqram da Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mühüm siyasi-diplomatik addım kimi qəbul edilə bilər: Azərbaycanın xarici sərhədlərinin, o cümlədən Ermənistanın işğalı altında olan sərhədlərinin azad olunaraq möhkəmləndirilməsinə xidmət edir".
Politoloq sonra deyib ki, parametrin 3-cü tərəfi hərbdir: "Azərbaycanın real raket zərbələrinə Ermənistan yalnız hədə ilə cavab verir. Ermənistan bu parametrlərdə nəyi isə dəyişmək gücündə deyil. Azərbaycan ordusu Ermənistan prezidentinin və həmsədrlərin açarını müəyyənləşdirib".
Politoloq əlavə edib ki, Rusiya Ermənistana ermənivari təzyiqlər işləyib hazırlayıb. Moskvada Erməni Apostol Kilsəsinin həyətində rus çarı II Nikolayın büstü qoyuldu. Çar II Nikolay ermənilərə zülm etmiş yeganə rus çarıdır. Politoloq qeyd edib ki, məhz onun dövründə ermənilərin Rusiyaya qarşı xəyanətkar mövqedə olmağı, ikibaşlı siyasəti aşkarlandı: "Ona görə II Nikolay Erməni Apostol Kilsəsini bağlamaq və əmlakını müsadirə etməklə bağlı əmr verdi. II Nikolayın nazirləri erməniləri düşdüyü yerdə mikrob kimi bədənə daraşıb xəstəlik yaradan semitlər olaraq təqdim etdilər. İndi RF məhz həmin II Nikolayın büstünü Erməni Apostol Kilsəsinin qarşısında qoydurdu. Bu ermənilərin Rus Pravoslav Kilsəsini aşağılamasına Kremlin verdiyi reaksiyadır. Ola bilər belə cavab reaksiyasını Kremlə Rusiya Patriarxlığı məsləhət bilib. Çünki sektant statusunda yaradılan Qriqoryanlığa Apostol dini statusu verməkdə əsas məqsəd Pravoslavlığı, xüsusilə Rus Pravoslavlığını aşağılamaq idi. Başqa sözlə, Erməni Apostolluğu Moskvada və ya RF-nin təsir zonasında mövcud olmaqla Rus pravoslavlığının Apostol dini olmadığını diqqətə çatdırır".
Mərkəz rəhbəri deyib ki, II Nikolayın Qriqoryan dinini araşdırmaqla bağlı yaratdığı komissiya bu dinin sadəcə sekta olduğunu müəyyən etmişdi: "Büst məsələsində Rusiyanın Ermənistana qarşı siyasətini xarakterizə edən çox vacib cəhət var: Keçən il Rusiya II Nikolayın büstünü Gümrüdə RF hərbi bazasının yaxınında qoymaq istəyirdi. Ermənistan rəsmiləri buna icazə vermədilər. İndi II Nikolayın büstü Moskvada Erməni Apostol Kilsəsinin qarşısında qoyuldu və bir qrup erməni alim II Nikolayın ermənilərin xilaskarlarından biri olduğunu sübut etməyə çalışdı".
Politoloq sonra qeyd edib ki, indiki erməni kilsəsi əvvəlkilərin irsi varisidir: "Hətta ermənilərə düzgün yol göstərmir, aldadırlar. Bütün Ermənilərin Katolikosu, Erməni Apostol Kilsəsinin başçısı II Qaregin rəhbərlik etdiyi qurumu öz adına "Erməni Apostol Kilsəsi" Açıq Səhmdar Cəmiyyətini qeydə aldırdı. Ermənilər sevinirlər ki, II Qaregin bunu ofşor zonada deyil, Ermənistanda qeydə aldırıb. Eləcə də qapalı yox, Açıq Səhmdar Cəmiyyəti kimi qeydə aldırıb".
M.Əhmədoğlu vurğulayıb ki, Suriya ermənilərinin qışda soyuqdan, acından ölməmələri üçün 200 min dollar pul tapılmayanda, II Qareginin bank hesabında bir milyon dollar pul var idi: "Erməni din başçılarının məziyyətləri çoxdur. Gürcüstanda B.İvanişvilinin rəhbərliyi, sponsorluğu ilə mübahisəli kilsə erməni kilsəsi adı ilə təmir olunur, fəaliyyətə başlayır. Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası yenə həmin mövzunu aktuallaşdırır. Dağlıq Qarabağın birinci keşişi Parqev Martirosyanın dilindən bir dəfə sülhə, barışığa çağırış səslənməyib. Amma Kalaşnikov avtomatla çoxlu azərbaycanlı öldürüb. İkona oğrusudur. Qriqoryan, Katolik, protestant olmasından asılı olmayaraq, erməni din xadimləri Rusiyaya qarşı kökləniblər. Çünki Qərbdə antirusiyaçılığa pul xərcləyən kilsələr var. S.Sərkisyanın kürəkəni, gələcək varisi S.Minasyan bu pulun bir hissəsini idarə edir. Gümrüdə Ermənistanı, Gürcüstanı, Rusiyanı, Türkiyəni və Şərqi Avropanı katolikləşdirəcək kilsənin fəaliyyətinin başqa adı yoxdur. Amma rusların II Nikolayı yoxdur. Ona görə Ermənilər Moskvanın özündə də Pravoslavlığı aşağılamağa cəsarət edirlər".

Əli