“Azərbaycan Prezidentinin Əlcəzairə baş tutan səfəri indiki məqamda çox önəmlidir” Siyasət

“Azərbaycan Prezidentinin Əlcəzairə baş tutan səfəri indiki məqamda çox önəmlidir”

Samir Hümbətov: “Azərbaycan və Əlcəzair Avropanın qaz təchizatında xüsusi rol oynaya bilər”

"Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib.

Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Millət vəkili Sahib Alıyev bildirib ki, Prezident İlham Əliyev "1,5 milyon şəhid ölkəsi" adlandırılan Milli Mücahidlər Muzeyini ziyarəti zamanı xatirə kitabına yazdıqları olduqca diqqətçəkicidir: “Dövlət başçısı orada "Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətləri" pisləyir ki, bunu da Ermənistanın “böyük bacısı” "sivil", "demokratik" Fransa törədib”.

Fransaya və Makrona tərs şillə

Politoloq Samir Hümbətov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir" ifadəsini işlətməsi həm Fransaya və Makrona tərs şillə kimi dəyərləndirilə bilər: “Bu ifadə həm də dünya birliyinə kimin humanist, kimin anti-humanist olduğunun mesajını vermək kimi qiymətləndirilir.

Azərbaycan Prezidentininin Əlcəzairə baş tutan səfəri indiki məqamda çox önəmlidir. Nəzərə alsaq ki, Avropa Rusiya qazından asılılığı azaltmaq məqsədi ilə digər ölkələrin enerji resurslarına diqqəti artırıb, o zaman həmin ölkələrin siyahısında Azərbaycan və Əlcəzairin də adını görə bilərik. Buradan belə qənaətə gələ bilərik ki, Azərbaycan və Əlcəzair Avropanın qaz təchizatında xüsusi rol oynaya bilərlər. Məhz bu baxımdan Əlcəzair səfəri xüsusilə vacibdir.

Bundan əlavə bu səfərlə ikili siyasi, iqtisadi və digər sahələrdə də ciddi irəliləyişlərin olması gözləniləndir”.

Politoloq Turan Rzayev isə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri bir çox baxımdan diqqət çəkdi: “Səfərin ən diqqətçəkən məqamı isə şübhəsiz Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak etməsi oldu.

Ölkə başçısı bundan öncə də “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada, Astanada "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə"nin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında xüsusi qonaq qismində iştirak edib. Onu da qeyd edim ki, Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına BMT Baş Katibi, Afrika İttifaqının sədri və Islam Əməkdaşlıq Təşkilatının Baş Katibi ilə birlikdə dəvət edilib. Əslində bu hal belə özlüyündə dövlət başçısına olan hörmətin və onun beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir”.

Dövlət başçısından diqqətçəkən mesajlar

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Zirvə toplantısında çıxışı da diqqət çəkib: “Belə ki, prezident çıxışı zamanı “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib” deyib.

Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayan dövlət başçısı bildirib: “Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Prezidentin bu sözləri əslində Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, Prezident Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi “sənədə” şillə kimi cavab oldu.

Məsələ ondadır ki, Prezident İlham Əliyev bu sözləri təkcə Azərbaycan prezidenti olaraq deyil, eyni zamanda Qoşulmama Hərəkatının sədri statusunda dilə gətirib.

Ümumiyyətlə rəsmi Paris az qala hər vəchlə Azərbaycanı ittiham etməkdən geri durmur. Halbuki Fransanın yaxın tarixi başda Əlcazair xalqı olmaqla, bir çox müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlar ilə zəngindir. Misal üçün Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Fransadan fərqli olaraq Osmanlı Əlcəzairi işğal etməyib. Əksinə Əlcəzair hökmdarı Xeyrəddin Barabaros öz istəyi ilə ölkəsinin Osmanlıya birləşməsi tələbilə İstanbula elçi göndərib. Digər tərəfdən bu gün Əlcazairdə türk dilini bilən insanların sayı çox azdır. Bununla belə Əlcəzairdə fransız dilində danışan insanların sayı çoxluq təşkil edir”.

İşğalın ən böyük göstəricisi...

Politoloq əlavə edib ki, İşğalın ən böyük göstəricisi şübhəsiz işğalçının öz dilini müstəmləkə torpağında yaymağıdır: “Digər tərəfdən, 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürülüb. Təsadüfi deyil ki, Əlcəzair bu gün həm də "1,5 milyon şəhid ölkəsi" adlandırılır.

Prinsip etibarilə Fransanın Əlcəzairdə bu qədər insanı öldürməsi əslində səbəbsiz deyildi. Çünki fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Rəsmi Paris başqa ərazilərin müstəmləkə olduğunu qəbul edirdisə Əlcəzairi Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.

Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməkdən imtina edir. Makron, hətta Əlcəzairin Fransanın müstəmləkəsi olmasından əvvəl bir millət olaraq mövcud olub-olmamasını şübhə altına alıb, Əlcəzairdə hakimiyyətin hərbi-siyasi sistem tərəfindən idarə edildiyini iddia edib.

Makronun 25 avqust tarixində Əlcəzairə səfəri zamanı 12 fransız və əlcəzairli tarixçidən ibarət qarşılıqlı komissiyanın yaradılması elan edilib. Lakin Fransanın bununla vaxt uzatmaq, məsələni tarixçilər səviyyəsinə endirməklə ona qarşı səsləndirilən ittihamları “tarixçilər tərəfindən iş aparılır” arqumenti ilə gündəlikdən çıxartmaq məqsədi daşıdığı aydındır. Çünki bu günə qədər proses icra edilməyib.

Digər bir maraqlı nüans isə tarixçilərdən ibarət komissiyanın bu məsələni araşdırmalı olduğunu tələb edən Fransa nədənsə “erməni soyqırımı” məsələsinə gəldikdə türk və erməni tarixçilərdən ibarət komissiyanın məsələni araşdırmasına ehtiyac görmür, birbaşa Türkiyə tərəfini soyqırım törətməkdə ittiham edir.

Nəticə etibarilə Prezident İlham Əliyevin Əlcəzairə səfəri bir daha göstərdi ki, rəsmi Bakı başda Fransa olmaqla, ona qarşı irəli sürülən əsassız ittihamlara tarixi faktlar və reallıqlar ilə cavab vermək qüdrətindədir”.

Əli