Nazir: Ermənistanda doğum səviyyəsi kəskin azalıb Siyasət

Nazir: Ermənistanda doğum səviyyəsi kəskin azalıb

Erməni ailələrində birinci və ikinci uşaqların doğum sayı azalıb, lakin üçüncü və dördüncü uşaqların doğum sayı artıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial müdafiə naziri Narek Mkrtçyan parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir onu da qeyd edib ki, bu proqnoz 44 günlük müharibənin nəticələrinə əsaslanaraq tərtib olunub.

O dünya təcrübəsində hərbi münaqişələrdən sonra, bir qayda olaraq, doğum səviyyəsində artım qeydə alındığını bildirsə də, müharibədən sonra Ermənistanda bunun tam əksinin müşahidə olunduğunu deyib.

Narek Mkrtçyan doğum səviyyəsinin artırılması üçün bir sıra dövlət tədbirləri: yaşayış sahəsinin əlçatan olması, uşaqlar doğulan zaman birdəfəlik müavinətlər, onların ehtiyaclarının ödənilməsi üçün aylıq ödənişlər və s. həyata keçirilməli olduğunu deyib. “Strategiya işlənib hazırlanandan sonra bizim bu istiqamətdə dəqiq proqramımız və siyasətimiz olacaq” – nazir vurğulayıb.

Nazir müavini David Xaçatryan isə çıxışı zamanı qeyd edib ki, doğum səviyyəsində xeyli azalma müşahidə olunur.

“2021-ci birinci yarısında doğum səviyyəsi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 8-9 faiz artmışdı, lakin ümumi illik göstərici cəmi 0.4 faiz olub və bu çox pis nəticədir. Bu isə o deməkdir ki, 44 günlük müharibədən sonra Ermənistanda doğum səviyyəsi kəskin azalıb”.

Ermənistanda 2022-ci ildə gözlənilən 37 min doğuş qarşılığında 2023-cü ildə bu rəqəmin 36 minə düşəcəyi də qeyd olunub.