Bakıdan Tehranı silkələyəcək addım – Azərbaycan-Türkiyə təlimlərinin detalları Siyasət

Bakıdan Tehranı silkələyəcək addım – Azərbaycan-Türkiyə təlimlərinin detalları

Tehranın Bakıya qarşı sərgilədiyi aqressiv siyasət fonunda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin İranla sərhəddə keçirdiyi hərbi təlimlər xüsusi diqqət çəkir.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, təlimlərə Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunub.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Hərbi təlimlər Bakı şəhəri, Astara, Cəbrayıl və İmişli rayonlarını əhatə edir.

Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirildiyi şəhər və rayonların strateji əhəmiyyətinə, iştirak edən qoşun növlərinə, hücum taktikalarına nəzər yetirsək görərik ki, rəsmi Bakı Tehranın hərbi təhdidlərinə daha sərt cavab vermək niyyətindədir. Çünki Azərbaycanın xüsusi təyinatlılarının qısa müddət əvvəl İranla sərhəddə keçirdiyi hərbi təlimlərdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması ilə bağlı tapşırıqlar icra olunmamışdı.

Bundan başqa, təlimlərin strateji baxımdan əhəmiyyətli olan paytaxt Bakını, həmçinin ölkənin İranla sərhədinin şərq cinahında yerləşən Astaranı, mərkəzində yerləşən İmişlini, qərbində yerləşən Cəbrayılı əhatə etməsi xüsusi diqqət çəkir. Rəsmi Bakı bununla molla rejiminə mesaj verir ki, Azərbaycan İranla sərhəddin bütün istiqamətlərindən gələ biləcək təhdidlərə adekvat cavab vermək imkanına malikdir.

Təlimlərin Türkiyə Silahlı Qüvvələri ilə birgə həyata keçirilməsi isə Bakı-Ankaranın vahid orduya malik olduğunun, bütün təhdidlərə qarşı birgə addım atacağının göstəricisidir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, xarici qüvvələr Azərbaycana qarşı təhdid ritorikasından istifadə etməmişdən əvvəl bölgədəki Ankara-Bakı faktorunu nəzərə almalıdır.

Ölkə başçısı ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Azərbaycan-Türkiyə dostluğuna, münasibətlərin müttəfiqlik səviyyəsində olmasına növbəti dəfə toxunmuşdu.

Prezidentdən sitat: Mən Azərbaycan-Türkiyə münasibətləri haqqında danışmağa başlasam, biz onda gərək bir neçə gün burada olaq. Baxışlarımız tamamilə aydındır. Biz qardaş və dostuq. Biz müttəfiqik. Ötən il Şuşada biz artıq əldə olunan nəticələri rəsmiləşdirdik. Biz rəsmi olaraq Müttəfiqlik Bəyannaməsinə imza ataraq müttəfiqə çevrildik. Bir daha bildirirəm ki, bu, reallığın rəsmiləşdirilməsi idi, çünki uzun illər ərzində Azərbaycan və Türkiyə müttəfiq kimi addımlar atırdılar. Biz əməkdaşlığın, tərəfdaşlığın və qardaşlığın bu səviyyəsini yüksək dəyərləndiririk. Tamamilə əminəm ki, əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Çünki Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki iki ölkə olaraq biz öz potensialımızı birləşdiririk və bir yerdə biz daha güclüyük, nəinki ayrılıqda. Bu, aydındır. Türkiyənin potensialı da artır. Azərbaycanın potensialı da artır. Nəinki iqtisadi və sənaye, o cümlədən hərbi gücü artır. Bu gün dünya görür ki, bu, hər ölkə üçün bir nömrəli meyardır. Əgər sizin güclü silahlı qüvvələriniz olmasa, siz ola bilsin ağır günlərdə əziyyət çəkəcəksiniz. Beləliklə, müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.

Biz Prezidentin çıxından bir neçə gün sonra Türkiyə və Azərbaycan ordularının Tehranın Bakı qarşı yürütdüyü hərbi təhdid siyasətinə birgə cavab verdiyinə şahidlik edirik. Görünən odur ki, Prezidentin səsləndirdiyi bütün fikirlərin arxasında hərbi güc və siyasi iradə dayanır.

Birgə irimiqyaslı təlimlər göstərir ki, İran rəhbərliyinin Bakıya Xəzər dənizindən hücumu əks etdirən animasiyalarla Azərbaycanı təhdid etməsi əbəsdir. Azərbaycan və Türkiyə orduları İranın həm Bakıdan, həm də regionlardan yönələn təhdidlərinə qarşı birgə cavab vermək gücündədir. Bu təlimlərdən bir daha aydın olur ki, Araz çayının o tayına da keçmək müasir silahlarla təchiz olunmuş Türkiyə və Azərbaycan orduları üçün çətin iş deyil.