Qanlı və çirkli pullar, yaxud Qərb siyasətçilərinin “üz qabığı” Siyasət

Qanlı və çirkli pullar, yaxud Qərb siyasətçilərinin “üz qabığı”

Avropada korrupsiya və rüşvətlə bağlı növbəti qalmaqal yaşanıb. Bu dəfə Avropa Parlamenti sədrinin müavini Eva Kayli davam etməkdə olan futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya ittihamı ilə saxlanılıb. Brüsseldə həbs edilən Eva Kayli nüfuz təmsilçiliyi üçün Qətərdən rüşvət almaqda təqsirləndirilir. Avropanın ən ali orqanlarından birinin - bəzilərinin hələ də “mələk donu” biçməyə çalışdığı, özünü az qala demokratiyanın “alınmaz qalası” hesab edən Avropa Parlamentinin yüksək vəzifəli şəxsinin əməli, ola bilsin ki, kimlərəsə sensassiya xarakterli, qeyri-adi hadisə təsiri bağışlasın. Əslində Eva Kayli qeyri-adi bir iş tutmayıb, mahiyyət etibarilə, “təcrübəli” Avropa siyasətçilərinin, o cümlədən Avropa Parlamentinin nüfuz müvəkkilliyi üzrə “ixtisaslaşmış”, “səriştəli” deputatlarının uzun illərdən bəri “böyük ustalıqla” həyata keçirdikləri ənənəvi, sıradanbir “fəaliyyət növü” ilə məşğul olmaq istəyib. Ola bilsin ki, “Mega Channel”in keçmiş aparıcısının siyasi cəhətdən təcrübəsizliyi, onun çempionatın müsəlman ölkəsində - Qətərdə keçirilməsinin doğurduğu bir sıra mühüm aspektləri – geosiyasi və geoiqtisadi faktorları, dünya çempionatına ev sahibliyi etmək istəyən digər ölkələrin maraqlarını, həmçinin səsvermənin sonuncu turunda cəmi 8 səs toplayaraq, Qətərdən 6 səs geridə qalan Birləşmiş Ştatların bitib-tükənməyən qəzəbini nəzərə almasına mane olub. Təbii ki, bütün bunlar korrupsiya və rüşvət faktına haqq qazandırmır...

Daha öncə də qeyd etdiyim kimi, nüfuz müvəkkilliyi qarşılığında korrupsiya və rüşvət faktları Avropanın bir sıra ölkələri və təsisatları, o cümlədən Avropa Parlamenti üçün adi hal hesab olunur. Məsələn, Avropa Parlamentinin deputatı Terri Mariani ilə bağlı Paris prokurorluğunda 2021-ci ilin sentyabrından başladılmış araşdırmalar hələ də davam etməkdədir. Marianini korrupsiyada, təsir imkanlarından və etibardan sui-istifadədə, eləcə də çirkli pulların yuyulmasında təqsirləndirirlər. Çoxsaylı cinayət faktlarında təqsirləndirilən Terri Marianinin Avropa Parlamentində Fransanı təmsil etməsi də, görünür təsadüfi deyil. Əgər bir ölkənin prezidenti, hakimiyyətə gəldikdə sonra, ayrı-ayrı hökumət qurumlarının konsaltinq şirkətlərinin xidmətləri üçün “ayırdığı” vəsaitlər bir neçə dəfə artıbsa və həmin şirkətlərdən biri – “McKinsey” Emmanuel Makronun seçki kampaniyasını maliyyələşdirməkdə ittiham edilirsə, o zaman Avropa Parlamentində Rusiyanın nüfuz müvəkkili missiyasını yerinə yetirən Terri Marianinin əməlləri də təəccüb doğurmamalıdır. Faktlara nəzər salaq: Fransada aparılan araşdırmaların nəticələrinə görə, Makron hökuməti 2021-ci ildə konsaltinq şirkətlərinin “məsləhətlərinə” 1 milyard avrodan çox vəsiat xərcləyib. Bu, 2018-ci illə müqayisədə 2 dəfə çoxdur. Bu vəsaitlərdən 17 milyon avro, Fransadakı illik dövriyyəsi 329 milyon avro olan ABŞ-ın “McKinsey” şirkətinin payına düşür...

Həmçinin bəlli olub ki, “McKinsey” şirkəti Emmanuel Makron hakimiyyətə gəldiyi gündən “vergi optimallaşdırması sistemi”ndən istifadə edərək, 1 avro da olsun vergi ödəməyib. Prokurorluğun “McKinsey”-nin Parisdəki ofisində apardığı axtarışlardan sonra, şirkətin “seçki kampaniyalarını qeyri-leqal yollarla maliyyələşdirməsi”, yəni rüşvət verməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Avropa antikorrupsiya agentliyi OLAF-ın və Avropa İttifaqının ədliyyə direktorluğunun birgə hesabatında yer alan faktlar və mənimsənilən məbləğlərin statistikası ortalığa, təkcə Fransa ilə bağlı deyil, bütün Aİ məkanı ilə əlaqədar fahiməli bir mənzərə qoyur və bəlli olur ki, dünyanın az qala hər yerində hüquq pozuntusu, korrupsiya halı axtaran Avropanın öz daxilində böyük maxinasiya sistemi formalaşıb. Hesabatda qeyd olunur ki, “Avropa təsisatlarındakı korrupsiya ağlasığmaz həddə çatıb. Sitat: “Əgər əvvəllər Avropa fondlarından mənimsəmələrin miqyası yüz milyonlarla avro idisə, indi milyardlarla ölçülür... Avropa İttifaqı ölkələri hər il korrupsiya nəticəsində 323 milyard avro itirirlər. Bu isə Avropa İttifaqının 2014-2020-ci illər üçün nəzərə tutulan büdcəsinin 1/3 hissəsini təşkil edir. Polis və prokurorluq orqanları tərəfindən “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “rüşvət”lə bağlı açılan cinayət işlərinin sayı, bir il ərzində 67800-dən çox olub”.

Məsələ burasındadır ki, Avropada vəsaitlər, nəinki Fransada olduğu kimi, konsaltinq şirkətləri vasitəsilə “yuyularaq” mənimsənilir, hətta səbəbi göstərilmədən “yoxa çıxır”. Belə ki, 2011-ci ildə büdcə vəsaitlərinin 3,9, 2012-ci ildə 4,8% “buxarlanıb”. Son illər belə “buxarlanma”ların miqyası 2-4% arasında dəyişib və hələ də baş verənlərin gerçək mahiyyəti haqqında ictimaiyyətə heç bir tutarlı açıqlama verilməyib.

Xatırladım ki, Avropa Komissiyası Aİ məkanında korrupsiya nəticəsində maliyyə itkisinin 120 milyard avro olduğunu rəsmən etiraf edib. Bu isə, hətta Avropa Parlamenti sədrinin müavini Eva Kaylinin rüşvət almada təqsirləndirildiyi Qətərin dövlət büdcəsindən də çoxdur...

Bütün bunlar subuta yetirir ki, özünü “demokratiyanın beşiyi” adlandıraraq, dünyaya “insan hüququ və azadlıqları”, “korrupsiyaya qarşı mübarizə” müstəvisindən “dərs” keçməyə çalışan ölkələrdə korrupsiya və rüşvət çiçəklənmək üçün, sözün əsl mənasında, özünün ən münbit “torpağına” düşüb. Müxtəlif ölkələrin, şirkətlərin, fondların, maliyyə fırıldaqçılarının lobbiçiliyi isə, Avropa və bütövlükdə Qərb siyasətçilərinin əlavə və vazkeçilməz gəlir mənbəyidir. Bu qəbildən olan cinayətlər bir çox hallarda sözügedən siyasətçilərin, senator və konqresmenlərin, yüksək rütbəli məmurların təmsil etdikləri ölkələrin maraqları ilə pərdələndiyi üçün uzun müddət nəzərə çarpmır, yaxud diqqətdən kənarda saxlanılır. Amerikalı ermənipərəst senator Menendez barədə hələ 2015-ci ildə açılan “ictimai-korrusiya ilə bağlı” cinayət işin kimi...

Məlum olduğu kimi, ABŞ-ın federal prokurorları senator Menendezin həyat yoldaşı Nadine Arslanyanın müəyyən şəxslərdən rüşvət kimi hədiyyə və xidmətlər qəbul etməsini araşdırır.

Senator Menendezin 2005-cı ildən başlayaraq müxtəlif vaxtlarda erməni lobbi təşkilatlarından 250 min ABŞ dolları və müxtəlif hədiyyələr əldə etməsi, sadəcə bilinən faktlardır. Və təbii ki, Menendez tək deyil. Uzun illərdir ABŞ Konqresində erməni lobbisinin ruporuna çevrilmiş Frank Pallone, Adam Şif, Robert Dold, Bred Şerman kimi konqresmenlər, yaxud Barbara Bokser və Bob Menendez kimi senatorlar, eləcə də bəziləri külli miqdarda erməni vəsaitləri hesabına Azərbaycana qarşı hər qərəzli sifarişi canla-başla yerinə yetirirlər.

İctimai, yaxud siyasi korrupsiya Qərb siyasətçilərinin “üz qabığı”dır və ya görünən üzü... “Üz qabığı”nın altında isə milyonlarla insanın həyatının məhv edilməsi, etnik təmizləmə, soyqırım cinayətlərinin, işğalın, vandalizmin dəstəklənməsi hesabına əldə edilən milyardlarla dollarlıq qanlı və çirkli pullar dayanır.

Əməkdar jurnalist Elçin Mirzəbəyli