“Silahsız aksiya 44 günlük müharibənin davamıdır”-Zahid Oruc Siyasət

“Silahsız aksiya 44 günlük müharibənin davamıdır”-Zahid Oruc

“12 dekabr Ulu öndərin Anım günündə Xankəndi-Şuşa yolunda başlayan dinc hərəkat müasir Azərbaycan tarixinin parlaq səhifəsidir. Əslində silahsız aksiya 44 günlük müharibənin davamıdır, 10 noyabr 2020-ci ildə Xankəndinə doğru gedən əsgərlərin qardaş və bacılarının tanksız-topsuz əməliyyatıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxşı zamanı deyib. Millət vəkili bildirib ki, əgər Qızılbulaq və Dəmirli yataqlarına sülhlə deyil, hərbi vasitələrlə hücum edilsəydi, 12-14 sentyabrdan başlayan beynəlxalq təzyiqlər daha da artacaqdı. Düşmən bizi səngərdə gözləyirdi: “İrəvanda, Parisdə və onlarla ölkədə Qarabağ ermənilərinə silahlı soyqırım edəcək dövlətə qarşı sanksiyalar öncədən hazırlanmışdı. Lakin İlham Əliyev dinc vasitələrdən-yumşaq gücdən istifadə etdi. Ona görə də çətin hava şəraitində 4 gündür fədakarlıq göstərən mətbuat, vətəndaş cəmiyyəti və ictimai fəallar gerçək silahsız xüsusi təyinatlılardır. Son aksiyaların nəticələri nə oldu?
Birincisi, beynəlxalq ictimaiyyətdən “soyqrım və etnik təmizləmə” adı ilə siyasi, maddi və mənəvi yardım istəyən Ermənistan arzu etdiyi faktları tapmadığı üçün dəstək qazana bilmədi və kəskin siyasi parçalanmaya məruz qaldı. Dünən Azərbaycan Xarici İşlər naziri dövlətimizin Xankəndinə humanitar və iqtisadi yardıma hazır olduğunu bildirdi. Ermənilərlə birgəyaşayış üçün hökumətin reinteqrasiya proqramının elan olunması dövlətimizin mövqeyini gücləndirdi.
İkincisi, humanitar fəlakət, xəstələrin yardımdan məhrum edilməsi, uşaqlara qarşı qəddarlıqla bağlı ənənəvi cəfakeş obrazı və digər antiAzərbaycan təbliğatı keçmədi. 4 gündür Xankəndində qeyri-təbii ölüm faktları qeydə alınmayıb, əksinə, Ermənistan və dünya erməniçiliyi əlini çəkən kimi Qarabağa əminamanlıq və dinclik gəlib. Biz dünyaya bəyan etməliyik ki, İrəvana getmək istəyən Xankəndi sakinləri tək bir Laçın yolundan asılı deyillər, 1007 km sərhəddin istənilən yerindən gəlib keçə bilərlər.
Üçüncüsü, son aksiyalar 30 illik işğalın sadə, əliyalın və ehtiyac içərisində yaşayan ermənilərdən çox, torpaqları istismar edən cinayətkar dəstələr, oliqarx məmurlar, hərbi rejim təmsilçiləri və qızıl-mis sümürgənlərini üzə çıxardı. Azərbacanlıların Xankəndinə silahsız daxil olması cinayət törətəməyən, lakin uzun illər xalqımızın düşmən obrazı ilə qorxudulan yerli ermənilərin də xilasına xidmət edir. Aksiya nəticəsində separatizmin maliyyə mənbələrinə böyük zərbə dəydi. Xatırladaq ki, Qarabağın büdcəsinin 35 faizi təkcə Qızılbulaq və Dəmirli yataqlarından formalaşır.
Nəhayət, Azərbaycan Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını yaxşı bilir. Təcili-tibbi maşınların aylıq intensivliyi 5-ə çatmır. Ona görə də dinc aksiyalar nəticə verəcəkdir-Xankəndi, Xocalı və Şuşa kəndlərinə azərbaycanlıların qayıtması, Laçın yoluna alternativ 32-km-lik yolun son nöqtəsində gömrük məntəqəsinin qoyulması, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın 30 illik blokadadan çıxması Xankəndində və regionda sülhün və təhlükəsizliyin tək şərtidir. 12 dekabr Qarabağ ermənilərinin mühasirəsi yox, Azərbaycanın suverenliyi altında yaşamağa başladıqları gündür”.

Əli