Rufiz Qonaqov: "İşğalçı ölkə yenidən səhvə yol verib aktiv hərbi əməliyyatlara başlasa, bu dəfə ona daha sarsıdıcı, ağır zərbələr vurula bilər"
Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik hər ötən gün bir qədər də artır. Keçən aydan etibarən ermənilərin təmas xəttində atəşkəs rejimini iriçaplı silahlardan atəşə tutması nəticəsində yaranmış qeyri-sabit vəziyyətin nizama salınması istiqamətində göstərilən səylər də artıq nəticə vermir. Bu arada Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan Azərbaycanla ölkəsi arasındakı atəşkəs rejiminin rəsmən bitdiyini bəyan edib. Bildirilib ki, artıq hərbi əməliyyatlara aktiv fazaya qədəm qoya bilər. Ermənistan Müdafiə Nazirliyinin məlum bəyanatla çıxış etdiyi bir ərəfədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında kollektiv təhlükəsizliyin Qafqaz regionunda birləşmiş hava hücumundan müdafiə sisteminin yaradılması barədə anlaşma imzalanıb. Eləcə də bundan bir neçə gün əvvəl isə işğalçı ölkə rəhbərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrindən dəstək istəməsi də təsadüfi sayıla bilməz. Bəs görəsən Ermənistan Müdafiə Nazirliyinin bu bəyanatı nəyə hesablanıb və işğalçı ölkə aktiv hərbi əməliyyatlara başlayacağı təqdirdə onun aqibəti necə olacaq? Ümumiyyətlə, işğalçı ölkə belə bir bəyanatlar səsləndirməklə nəyə arxalanır? Bu və digər suallarla bağlı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqovla söhbətləşdik. Mərkəz rəhbəri bildirdi ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsünün son bəyanatı növbəti dəfə öz ölkəsinin daxilindəki fikirləri birbaşa Dağlıq Qarabağa yönəltmək, ictimai rəyi çaşdırmaq məqsədi daşıyır: "Eyni zamanda növbəti dəfə Ermənistanın həqiqətən bir işğalçı ölkə olduğunu nümayuş etdirir. Çünki Ermənistan bununla açıq-aşkar bir daha nümayiş etdirir ki. həqiqətən də işğalçı ölkədir, digər bir dövlətin ərazisinə hücum edib". Rufiz Qonaqov qeyd etdi ki, Ermənistanda son konstitusiya dəyişikliyindən keçən müddət ərzində ölkədəki ictimai-siyasi vəziyyət çox acınacaqlıdır və ölkədə son dərəcədə böhranlı vəziyyət yaranıb: "Belə bir vəziyyətdə Ermənistan həmişə olduğu kimi birbaşa yenidən insanlarda qorxu yaratmaq məqsədilə fikirləri Dağlıq Qarabağa cəbhə bölgəsinə yönəltmək istəyir. Bununla da bir daha ictimai rəyi çaşdırmaq məqsədi güdür". Rufiz Qonaqovun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin sözçüsünün bəyanatı, eyni zamanda, dünya icimaiyyətinə bir siqnal olmalıdır: "Yəni Ermənistan işğalçı ölkə olmasaydı, onun Müdafiə Nazirliyi bu gün belə bir bəyanatla çıxış etməzdi. Məhz bu prizmadan çıxış edərək dəfələrlə Azərbaycan müxtəlif səviyyəli beynəlxalq toplantılarda, verdiyi bəyanatlarda bildirib ki, Ermənistan öz adı ilə, işğalçı ölkə kimi çağrılmalıdır. Nöbbəti dəfə bu bəyanatın verilməsi də Ermənistanın cəzasız qalmasının nəticəsidir ki, işğalçı ölkə bu gün bütün dünya ictimaiyyətinin gözü qarşısında təkcə Azərbaycana deyil, bütün dünyaya meydan oxuyur". Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri hesab edir ki, Ermənistan məlum bəyanatı səsləndirsə də, onun Azərbaycanla müharibə aparmaq gücü yoxdur: "Hesab edirəm ki, Ermənistanın nəinki hərbi əməliyyatlara başlamaq cəsarəti, gücü var, eyni zamanda bu ölkə gözəl bilir ki, bu ölkə heç bir halda Azərbaycanla müharibə aparmaq gücündə deyil. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistan bir həftə belə Azərbaycanın qarşısında davam gətirə bilməz. Əgər cəbhə xəttində müharibə yenidən alovlansa və hərbi əməliyyatlar aktiv fazaya qədəm qoysa Azərbaycan Silahlı Qüvvələri təkcə Dağlıq Qarabağ deyil, özünün tarixi ərazilərini də bərpa edə bilər. Məhz bu baxımdan Ermənistan indiki mərhələdə yalnız ictimai rəyi ölkə daxilindən Dağlıq Qarabağa yönəltmək və belə bir bıyanatlar səsləndirməklə xalqı qorxu içərisində saxlamaq istəyir. Eyni zamanda, bununla da işğalçılıq siyasətini nümayiş etdirmək niyyəti güdür. Ona görə də düşünürəm ki, indiki mərhələdə Ermənistanın hansısa formada hərbi əməliyyatlara başlamaq imkanı yoxdur. Çünki Ermənistan o gücdə, səviyyədə deyil". Rufiz Qonaqov dedi ki, Azərbaycan hər zaman düşmənə layiqli cavab verib: "Necə ki, bundan əvvəl baş verən təxribatlar, hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistana öz layiqli cavabını verdi və düşmən yerində oturduldu. Hesab edirəm ki, Ermənistan yenidən səhvə yol verib aktiv hərbi əməliyyatlara başlasa, bu dəfə ona Azərbaycan Silahlı Qüvvələr tərəfindən daha sarsıdıcı, ağır zərbələr vurula bilər. Bu isə heç şübhəsiz ki, onlar üçün acınacaqlı olar".