“Azərbaycan Avropa üçün ən dəyərli ölkələrdən biridir” Siyasət

“Azərbaycan Avropa üçün ən dəyərli ölkələrdən biridir”

ATƏT PA-nın sədr müavini: "Azərbaycanla əməkdaşlığımızda Qarabağ münaqişəsinin sülh yolu ilə həlli başlıca elementlərdən biridir"

"Dağlıq Qarabağ münaqişəsinin uzanması, xüsusilə cəbhə xəttində son günlər baş verən gərginlik bizi olduqca narahat edir".
Bunu Azərbaycanda səfərdə olanATƏT Parlament Assambleyasının sədr müavini Georgi Sereteli deyib.
Sereteli qeyd edib ki, buna baxmayaraq ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə nizamlanması ilə məşğuldur: "Bizim Azərbaycanla əməkdaşlığımızda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli başlıca elementlərdən biridir. Budəfəki səfərimiz zamanı müzakirə olunacaq əsas mövzulardan biri məhz bu olacaq".
Georgi Sereteli bildirib ki, ATƏT-in Azərbaycanla əməkdaşlığında demokratiyanın inkişafı başlıca yer tutur.
ATƏT-in seçkiləri izləyən başlıca təşkilatlardan biri olduğunu deyən Georgi Sereteli təəssüflə bildirib ki, ötən müddətdə bununla bağlı xoşagəlməz hallar yaşanıb: "Bizim indiki səfərdə məqsədimiz bütün bunları yenidən müzakirə edib, problemi həll edib, münasibətlərin yenidən uğurla davam etməsinə təkan verməkdir".
ATƏT PA-nın sədr müavini Azərbaycan Prezidenti ilə görüşdə çox pozitiv müzakirələr aparıldığını deyib: "Belə bir konstruktiv yanaşma oldu ki, Azərbaycan Avropa üçün ən dəyərli ölkələrdən biridir. Ümid edirik ki, hər iki tərəfin səyi nəticəsində səfərin yekunu olaraq münasibətlərin təkmilləşdirilməsinin əsasını qoyacağıq".