“İran-Ermənistan münasibətləri dövlətlərarası əlaqələrlə bitmir” Siyasət

“İran-Ermənistan münasibətləri dövlətlərarası əlaqələrlə bitmir”

Vasif Əfəndiyev: "İran hakimiyyəti öz ərazisində yaşayan xristian ermənilərə mədəni muxtariyyət də verib"

"İran-Ermənistan münasibətlərinin qardaşlıq səviyyəsində olması bu ölkələrin dominant xalqlarının qan qohumluğu ilə əlaqədardır". Bu fikirlərin müəllifi politoloq Vasif Əfəndiyev bildirib ki, İran-Ermənistan münasibətləri dövlətlərarası əlaqələrlə bitmir: "İran hakimiyyəti öz ərazisində yaşayan xristian ermənilərə mənəvi ehtiyaclarını ödəmək üçün ən yaxşı şəraiti yaratması ilə yanaşı, bu xalqa mədəni muxtariyyət də verib. Hazırda İranda mövcud olan erməni kilsələri və məktəbləri dövlət təminatındadırlar. Bu güzəşt və imkanları İranın əhalisinin əhəmiyyətli hissəsini təşkil edən türklərə şamil etmək olmaz. İran erməniləri tarixi vətənləri hesab etdikləri Ermənistanın siyasi kursunu dəstəkləmək üçün bütün azadlıqlara sahibdirlər. Bu toplum zəruri hesab etdikləri zaman Türkiyə və Azərbaycan əleyhinə azad şəkildə yürüş və mitinqlər təşkil edə bilirlər. Bu, reallıqdır. İndi isə zərurət və istəklərimizi dilə gətirmək istəyirəm. İran min illərin sınağından çıxmış böyük mədəniyyətə malik dövlətdir. Bu dövlətin əhalisinin yarısının türk olması, eyni coğrafi ərazidə yaşamamız, eyni tarixə malik olmamız və nəhayət eyni dinin daşıyıcısı olmağımız qardaşlıq əlaqələrimizin daha güclü olmasına əsas olmalı idi".
Onun fikrincə, , İran-Azərbaycan münasibətlərinin qardaşlıq səviyyəsində olması üçün bütün sadaladığım kriteriyaların olmasına baxmayaraq, etnik qan qohumluğu farslar üçün daha önəmlidir: "Əgər İran-Azərbaycan münasibətləri gerçək dostluq və qardaşlıq həddinə çatdırılarsa regionda bizim qarşımıza çıxa bilən qüvvə olmayacaq. Yaxın 30 ildə böyük karbohidrogen ehtiyatlarına malik olan İran və Azərbaycanın əlverişli iqlimi və coğrafi mövqeyi dediklərimi həyata keçirmək üçün mühüm şərtlərdəndir".
Palitoloq deyir ki, Dağlıq Qarabağın Rusiya və Ermənistan tərəfindən işğalına son qoymağın mümkün variantlarından biri Rusiyanın könüllü olaraq ərazilərimizi qaytarması olsa da hazırki durumda bu mümkün görünmür: "Lakin İran istəsə işğala son qoymaq üçün gərəkli addımlar ata bilər. İran Ermənistanla bütün iqtisadi və siyasi əlaqələri kəsərək müsəlman Azərbaycana yaxınlaşarsa və səmimi qardaşlıq münasibətləri qurmağa cəhd edərsə bu təşəbbüs qarşılıqsız qalmayacaq. Dağlıq Qarabağın işğalçılardan təmizlənməsi üçün ən böyük dəstək İranın müsəlman təəssübkeşliyi etməsi ola bilər".