Parlamentin yaz sessiyası işə başladı Siyasət

Parlamentin yaz sessiyası işə başladı

Qüdrət Həsənquliyev: "Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, bu cür tərəfdaşlıq, qonşuluq və riyakarlıq olmaz"


Siyavuş Novruzov: "Partiyalar artıq alqı-satqı obyektinə çevrilib"

Dünən Azərbaycan Milli Məclisinin 2016-cı il yaz sessiyasında ilk iclası keçirilib.
Spiker Oqtay Əsədov tərəfindən açıq elan edilən sessiya dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Bunun ardınca Oqtay Əsədov akademik Cəlal Əliyevin vəfat etdiyini bildirib, ona Allahdan rəhmət diləyib.
Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


"Etiraz ediləsi heç nə yoxdur"

"Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqında", "Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında" və "Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında" sənəd parlamentdə müzakirəyə çıxarılaraq ayrı-ayrılıqda təsdiq olunub.
Əsas yenilik odur ki, artıq bir deputat iki komitədə təmsil oluna biləcək. Müzakirə zamanı Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə buna etirazını bildirib: "Komitə üzvü komitə sədri və müavinindən sonra ən yüksək statusdur. Necə ola bilər ki, aid olduğu komitənin üzvlüyündən başqa, həmin deputat digər bir komitənin də təsadüfi üzvü olsun? Məncə bu düzgün deyil".
Milli Məclisin sədri Oqtay Əsədov isə onunla razılaşmayıb: "Burda etiraz etməyə nə ehtiyac var axı, Aydın Mirzəzadə?! Dünyanın hər yerində bu praktika var, biz də tətbiq edirik. Qoy, deputat bir komitəyə yox, digər komitəyə də töhfəsini versin. Həm də deputatın hər bir məsələyə səs verməsi onsuz da onun hüququdur. Burda etiraz ediləsi heç nə yoxdur".
Qeyd edək ki, İntizam komissiyasının tərkibinə deputat Kamran Nəbizadənin adı əlavə edilib.
Komissiyaların tərkibi isə belədir:

İntizam Komissiyası:

Abıyev Ağacan Qulam oğlu
İbrahimgızı Məlahət İbrahim qızı
Fətiyev Xanlar Nuru oğlu
Kazımov Mirkazım Məhəmməd oğlu
Möhbalıyev Səttar Suliddin oğlu
Mustafa Fazil Qəzənfər oğlu
Nəbizadə Kamran telman oğlu


Hesablayıcı komissiyası:

Heydərov Fəttah Səməd oğlu
Vəliyeva Sədaqət Süleyman qızı
Həsənquliyev Qüdrət Müzəffər oğlu
Hüseynov Rafael Baba oğlu
Kazımlı Xanhüseyn Hüseynağa oğlu
Orucov Zahid Məhərrəm oğlu
Zabelin Mixail Yuryeviç


"Bu cür riyakarlıq olmaz"

Milli Məclisinin dünən keçirilən iclasında parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işlər planının müzakirəsi zamanı deputatlar tərəfindən iradlar səsləndirilib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının son iclasında Gürcüstan nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağla bağlı qətnaməyə səs verməməsinə etirazını bildirib və Gürcüstanın vəzifəli şəxslərinin Azərbaycana qarşı ədalətsiz mövqeyinin zaman-zaman müşahidə olunduğunu deyib: "Vaxtilə NATO Parlament Assambleyasının tədbirdə Gürcüstandan Nino Burcanadze də iştirak edirdi. Həmin iclasda nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov da iştirak edirdi. Orda münaqişələrdən danışan zaman Burcanadze işğalla bağlı Kosovada tətbiq olunan təcrübənin Moldova və Gürcüstana tətbiq olunmasının mümkünlüyünü bildirib, Azərbaycanın adını çəkmədi. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 üzvü bunun əleyhinə səs verib. Bunu yəqin Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilər".
Qüdrət Həsənquliyev qeyd edib ki, Avropanın ayrı-ayrı instutlarında, o cümlədən Fransada güclü erməni lobbisi var: "Bu ölkələrdə hakimiyyət dəyişsə də, ancaq dövlətin mövqeyi dəyişmir". Deputat bildirib ki, həmkarı Elxan Süleymanovun təşəbbüsü ilə AŞPA-da "Sərsəng" su anbarı ilə bağlı qətnamə qəbul edilməsi çox əhəmiyyətli hadisəsdir: "Bu qətnamənin qəbulunda Elxan Süleymanovun da böyük əməyi var".
Deputat gürcü deputatların Azərbaycana qarşı atdığı addımın Gürcüstanın diqqətinə çatdırılmasının vacibliyini söyləyib: "Biz Milli Məclis olaraq son addımlarına görə Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, bu cür tərəfdaşlıq, qonşuluq və riyakarlıq olmaz".
Deputat Hikmət Məmmədov isə deyib ki, strateji tərəfdaş olan Gürcüstanın Keşikçi dağı istiqamətindən sərhədlərin dəqiqləşdirilməsi barədə qəti addım atmır: "Ona görə də rəsmi qurumlar bu fürsətdən istifadə etməlidir".


"Biri gedir, başqası gəlir..."

Millət vəkili Zahid Oruc isə işğal altında olan ərazilərimizin adlarının kafe və restoranlara, digər obyektlərə qoyulmasına etiraz edib.
Deputat bildirib ki, Şuşa və digər işğal altında olan rayonlarımızın adlarının ayrı-ayrı restoranlara, obyektlərə verilməsi yığışdırılmalıdır.
Bəzi icra başçılarının fəaliyyətini tənqid edən Zahid Oruc deyib ki, bir icra başçısının gördüyü işləri və verdiyi qərarları, ondan sonra təyin olunan icra başçısının ləğv etməsi yolverilməzdir: "Biri gedir, başqası gəlir, əvvəlkinin qərarlarını ləğv edir. Bu, niyə belə olmalıdır ki?"
Deputat əlavə edib ki, indi Dağlıq Qarabağ adı ermənilərdə mövcuddur: "Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır". Onun fikrincə, bu adın bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.
Zahid Oruc yazıçı Çingiz Abdullayevin açıqlamasına da etirazını bildirib.
O qeyd edib ki, Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz əsərlərinin qonorarı ilə daim yaxşı yaşaya bilər: "Açıqlama verib ki, "Əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam?" Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü çox vəzifə daşıyır. Eyni zamanda bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu, millət vəkillərinə də aiddir. Qoy, Milli Məclisüzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, ən azı 1000 boş vəzifə yeri yaranmış olar".


"Vergilər Nazirliyi qiyməti qaldırıb"

Deputat Fazil Mustafa isə yaz sessiyasının ilk iclasında qanunvericilik işləri planı ilə bağlı danışarkən bir sıra məsələlərə irad bildirib. O qeyd edib ki, ölkə prezidenti İlham Əliyev çıxışlarında sahibkarlığa dəstək verilməsindən danışır, məmurların qarşısında ciddi tapşırıqlar qoyur: "Amma Vergilər Nazirliyi devalvasiyadan əvvəl sahibkarlardan 10 min alırdısa, indi qiyməti 20-30 minə qaldırıb. Bundan əlavə, biz "İctimai iştirakçılıq haqqında" qanunu ona görə qəbul etdik ki, onun işləmə mexanizmi olsun. Amma görürük ki, bu qanunların qəbulu populizmdən başqa bir şey deyil. Biz "Elm haqqında" qanunu qəbul edəcəyiksə, onu plana salaq. Elm adamları bu qanunun qəbulunu çoxdan gözləyirlər. Məncə, bu sessiyada qanun qəbul edilməlidir".
Fazil Mustafa "Kinematoqrafiya haqqında" qanunun da yenidən hazırlanmasına ehtiyac olduğunu deyib: "Azərbaycan" kinostudiyasına girəndə adam xəcalət çəkir. Kino çəkilmək üçün bu qədər pullar ayrıldı. Amma ortada keyfiyyətli bir kino, tele-serial yoxdur".

"Dərman vasitələri ƏDV-dən azad edilsin"


Milli Məclisin iclasında bir sıra ölkələrlə imzalanan sənədlər də ratifikasiya olunub.
Bunlar "Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsi", "Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında" Birgə Bəyannaməsi, "Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında mülki hava nəqliyyatına dair" saziş, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında" müqavilə, "Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası" və "Azərbaycan Respublikası hökuməti ilə Monteneqro hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişdir.
Musa Quliyev dərmanların qiymətlərinin bahalaşması barədə danışıb. Millət vəkili "Dərman vasitələri haqqında" Qanuna iki mühüm dəyişikliyi təklif edib: "Dərman vasitələrinin ƏDV-dən azad edilməsi və ya ƏDV-nin minimuma endirilməsini təklif edirəm. Manatın devalvasiyası ilə bağlı son 1 ayda dərman vasitələrinin qiymətlərində 45-50 faiz artım müşahidə edilir. Bu da ehtiyacı olan insanlara çətinlik yaradır. Hesab edirəm ki, çörək və un məlumatları qədər dərman da strateji məhsul olunduğundan bu qərarı qəbul edə bilərik. Azərbaycana idxal olunan dərman vasitələri gömrükdə terminalda saxlanılır, tərkiblərinin, keyfiyyətlərinin öyrənilməsi üçün Səhiyyə Nazirliyinin labaratoriyasından keçirilir, sonra satışa buraxılırlar. Təcrübə göstərir ki, bu ekspertiza və sənədlərin dəqiqləşdirilməsi 6 aya qədər çəkir. Lakin dərmanaların saxlanması üçün gömrükdə vəziyyət yaxşı olmadığı üçün dərmanların keyfiyyəti itir və insanların haqlı narazılığına səbəb olur. Məsələn, deyirlər ki, bizim dərmanların keyfiyyəti xaricdəkilərdən aşağıdır. Bunun da səbəbi qeyd etdiklərimdir. Təklif edirəm ki, dərmanlar terminalda deyil, topdan satış anbarında saxlanılsın və sonra satışa buraxılsın".
Deputat həmçinin bildirib ki, bir aydan çoxdur sahibkarlar Türkiyə və Çindən mal gətirə bilmirlər: "Son günlərdə gömrük məntəqlərində yeni rejimə keçidlə bağlı işlər görülür. Kiçik sahibkarlar ölkəyə mal gətirə bilmirlər. Səbəb isə, gətirilən mallara 36 faizlik gəlir vergisinin tətbiq edilməsidir. Bu isə ciddi narazılığa səbəb olub. Ona görə elə rejim yaradaq ki, sahibkarlara kömək edək. Qaş düzəltdiyimiz yerdə, vurub göz çıxartmayaq".


"Çap xərcləri 50 faiz artıb"

Əflatun Amaşov "Diffamasiya haqqında" qanun layihəsinin qəbuluna ciddi ehtiyacdan danışıb. O qeyd edib ki, layihədə jurnalistin yazdığı yazıya görə həbs edilməmə məsələsi yer alıb: "Narahatlıq başadüşüləndir, çünki mediada müxtəlif materiallar dərc olunur. Amma faktiki olaraq, ölkədə heç kim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə, yəni təhqir və böhtana görə məsuliyyətə cəlb olunmayıb".
Əflatun Amaşov qeyd edib ki, Mətbuat Şurası bunu əsas tutaraq konkret təkliflər hazırlayıb: "Layihə hətta ATƏT-in keçmiş Bakı ofisinin ekspertizasından keçib. İlkin variant kimi şuranın Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etdiyi layihə əsas götürülə bilər".

Deputat manatın devalvasiyasından sonra mətbuatın üzləşdiyi problemlərdən də söz açıb: "Ölkəyə gətirilən qəzet kağızına, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi labüddür. Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar".
Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.


"Allaha qarşı gedə bilmərik"

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi isə yenə etiraz doğurub.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib ki, bu qanun layihəsində kimsə Allahlıq edir: "Mən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədriyəm. Biz Allaha qarşı gedə bilmərik".
Siyavuş Novruzov bildirib ki, layihədə Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan məsələlər var və onlar çıxarılmalıdır. O qeyd edib ki, ünvanlı sosial yardıma baxış da dəyişməlidir: "Bu, o demək deyil ki, imkansız, kasıb adam hər il bu yardımı almalıdır. Bu, insanların ayağa qalxması üçün köməkdir. Neçə illər insanlara verdiyimiz bu yardımlar havaya atılıb. Bu məsələyə baxış dəyişməlidir. Ünvanlı sosial yardım bir illik verilməlidir və o insanın işlədiyi sahəyə tətbiq olunmalıdır. Oradan gələn gəlir ailə vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir. Yoxsa, ələbaxımlılıq öyrətmək düzgün deyil".
İnformasiya təhlükəsizliyi ilə bağlı prezidentin fərmanına diqqət çəkən S. Novruzovun sözlərinə görə, bununla bağlı bəzi qanunlara dəyişiklik edilməlidir: "Bir mənbə Azərbaycan ordusu haqqında yazır, yarım saatdan sonra çıxarır. Bütün saytlar ona istinadən yazı verir və onlarda yazı qalır. Lakin məlum olur ki, bu informasiya xaricdə hansısa mənbədən yerləşdirilib və bundan mediamız istifadə edib. Bununla bağlı ciddi addımlar atılmalıdır".
Siyavuş Novruzov "Siyasi partiyalar haqqında" qanuna müvafiq dəyişikliklərin edilməsini də istəyib: "Hazırda bizim komitə qanuna dəyişikliklər üzərində işləyir və hazır olduqdan sonra Milli Məclisə təqdim olunacaq. Büdcədən maliyyələşən və maliyyələşməyən partiyalar şəffaflığın təmin olunması üçün Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir. Lakin onlar buna əməl etmir, qanunda da məcburiyyət yoxdur. Ya da partiya ağ kağız göndərir ki, maliyyə gəliri yoxdur. Lakin baxırsan ki, neçə cangüdəni, maşını, ofisi var, bəs bu gəlirlər haradandır? Eyni zamanda partiyalararası gərginlik var, bunlar tənzimlənməli və qaydaya salınmalıdır".
Deputat fəaliyyət göstərməyən partiyaların ləğv edilməli olduğunu söyləyib: "Partiyalar var ki, 20 ildən artıqdır vəzifələrini yerinə yetirmirlər. Dünya praktikasında var ki, bunlar bağlanmalıdır. Bu partiyalar artıq alqı-satqı obyektinə çevrilib. Bunun üçün dəyişiklik zəruridir".
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında bir sıra qanunvericilik sənədlərinə də dəyişiklik olunub.
Miqrasiya, Cinayət-Prosessual, İnzibati Xətalar, Tikinti və şəhərsalma məcəllələri, "Polis haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilib. Dəyişiklər əsasən texniki xarakterlidir. Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.