“Müsavat rəhbərliyi ictimaiyyəti aldatmaqla məşğuldur” Siyasət

“Müsavat rəhbərliyi ictimaiyyəti aldatmaqla məşğuldur”

Ellada: "Osman Kazımov hər kəsi azdırmaq istəyir ki, biz müsavatçılar deyilik"

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun Müsavatla bir qrup keçmiş müsavatçı arasındakı məhkəmə çəkişməsinə münasibət bildirməsi tərəflər arasında yeni konflikt yaradıb. Q.İbadoğlu bəyan edib ki, ADR Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən, Müsavatı məhkəməyə verməyib: "Çox təəssüf ki, hazırkı rəhbərliklə təmsil olunan Müsavat Partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə mübarizəmizin vizyonundan kənardadır. Müsavat təmsilçilərinin məhkəmədə və mətbuatda bu məhkəməni ADR Hərəkatı ilə bağlamaq cəhdləri həqiqi müsavatçıların partiyadan kənarlaşdırılmasına, partiyadaxili demokratiyanın pozulmasına yanlış hüquqi və siyasi don geyindirmək cəhdinin təzahürüdür".
Müsavat rəhbərliyində təmsil olunan funksionerlər isə məhkəməyə müraciət edənlərin ADR üzvləri olduqlarını əsas gətirərək bildiriblər ki, Q.İbadoğlu üzərindən atmağa çalışsa da, məhkəməyə müraciət edənlər onun yaratdığı təşkilatda təmsil olunur.
Müsavatın məhkəmədə hüquqlarını müdafiə edən, partiya başqanının müavini Osman Kazımov sosial şəbəkədə siyahı yayımlayıb və qeyd edib ki, Müsavatı məhkəməyə verən elə ADR-in özüdür: "Əlövsət Sadıqlı, Rəfiqə Qədimbəyli, Əli Rza, Rahib Mirələmov, Cahid İmanov, Bakir Qasımov ADR üzvü, Ellada Məmmədli ADR-in rəhbərlərindən biri, Rüfət Əliyev İdarə Heyətinin üzvü, Zakir Hüseynov isə həm ADR, həm də Müsavat üzvüdür. Onlardan bəziləri hətta ADR rəhbərliyində təmsil olunur. Çox hörmətli Ellada xanım isə Rifahın qurucularındandır. Qubad İbadoğlunun isə bunlardan "xəbəri" yoxdur. Olsun, amma bu gün də Müsavat Partiyası sıralarında Qubad İbadoğluna başqan seçilməsi üçün səs verənlərdən onlarla Müsavat üzvü fəaliyyət göstərməkdədir. Qubad İbadoğlu dünən ona səs verənləri bu gün aşağılamağından vicdan əzabı çəkmirmi heç?"
ADR Hərəkatı sədrinin müavini, Müsavat Partiyası Qadınlar Şurasının sabiq rəhbəri Ellada Məmmədli O.Kazımovun iddialarına cavab verib. Onun sözlərinə görə, Müsavat rəhbərliyi ictimaiyyəti aldatmaqla məşğuldur: "Osman Kazımov hər kəsi azdırmaq istəyir ki, biz müsavatçılar deyilik. Onun adını çəkdiyi şəxslərin hamısı Müsavat Partiyasının 20-23 illik üzvləridir. Bizim Müsavat üzvü olmadığımızı isbat edən sənəd yoxdur. Hər birimiz məhkəməyə müraciət edəndə Müsavat biletini ortalığa qoymuşuq, partiya biletimizin surəti də məhkəmədə var. Onların dediyinə görə, partiyadan çıxarılmışıq, amma bununla bağlı heç bir rəsmi sənəd yoxdur. Arif Hacılının kimdən xoşu gəlmir, Müsavatdan uzaqlaşdırıb, nizamnaməni pozub. Bu dəqiqə məhkəmədə məsələni qaldırmışıq, hüququmuzu bərpa etməyə çalışırıq. Onların məhkəməyə dəlil kimi gətirə biləcəkləri sənədləri yoxdur. Bizlər məhkəməyə ADR Hərəkatının üzvləri kimi yox, hüquqları pozulmuş müsavatçılar kimi şikayət etmişik. Haqqı pozulan adamın ADR Hərəkatının rəhbərliyində təmsil olunub-olunmamasının məsələyə nə aidiyyəti var? Onlar hazırda ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Məhkəməyə təqdim etmək üçün dəlilləri olmadığı üçün Osman Kazımov, Elman Fəttah bütün günahı Qubad İbadoğluna yönəltmək istəyirlər. Elman Fəttah özünü hüquqşünas adlandırırsa, onun nəzərinə çatdırıram ki, hər bir kəs öz tapdanmış hüququnun bərpası üçün məhkəməyə müraciət edir".
E.Məmmədli Müsavatın hazırki rəhbərliyinin qeyri-legitim olduğunu dilə gətirib: "Müsavatın 8-ci qurultayından sonra saxtakarlıqla sədr vəzifəsinə gəlmiş və özünün yalançı aparatını qurmuş rəhbərliyi tanımıram. Müsavat rəhbərliyi hüquqlarımı bərpa etmək əvəzinə, şantaj və böhtanla məşğuldur. Bütün faktları toplayıb məhkəməyə müraciət etmişəm. Rəhbər kreslosunda əyləşmiş Arif Hacılı isə hamını inkar edir. O, özünə olan tənqidi fikirləri tarixi kökü olan Müsavat Partiyasının adına yazır. İctimaiyyətə yalan məlumat verməklə çaşqınlıq yaratmağa çalışırlar. Osman Kazımov qurultaydan dərhal sonra "Müsavat rəhbərliyini qəbul etməyənlər partiyanı tərk etməli, təmizlənmə getməlidir" demirdimi? "Arif Hacılıya söz deyənlər Müsavatdan xaric olunmalıdır" sözlərini Nüşabə Sadıxlı söyləmirdimi? Onlar haqq və hüququn tərəfində olsaydılar, bütün problemlərin çözümünü Müsavat daxilində aparardılar. Onları yalnız öz mənafeləri düşündürür. Narazılıqlar partiya içərisində də həll oluna bilərdi, amma onlar bunu istəmədi. Bizi məhkəməyə müraciət etməyə vadar elədilər".